Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax xəbərləri
Qazax xəbərləri19-04-2019, 16:51 |
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə bağ salınmışdır
Son illərdə Qazax rayonunda dahi insanların, yazıçı, şair və bu qəbildən olan başqa şəxsiyyətlərin xatirəsinin əbədiləşməsi davamlı xarakter almışdır. Məlum olduğu kimi Azərbaycanın Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi üçün dövlətimizin başçısı cənab İlham Əliyev 28 yanvar 2019-cu il tarixli sərəncam imzalamışdır. Artıq Qazaxda bununla bağlı olaraq silsilə tədbirlərin həyata keçirilməsinə start verilmişdir. Bu günlərdə yazıçının 100 illik yubileyi şərəfinə onun doğma kəndi İkinci Şıxlıda "Ağalıq düzü” adlanan ərazidə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən alma və ərik ağaclarından ibarət bağ salınmışdır. Tədbirdə Qazax RİH başçısı Rəcəb Babaşov rayon ziyalıları, məktəblilər, gənclər və KİV nümayəndələri iştirak etmişlər. Birinci Şıxlı kənd tam orta məktəbin şagirdləri Azərbaycan Respublikasının Dövlət Himnini oxuduqdan sonra İsmayıl Şıxlının yaradıcılığına nəzər salınıb. Qazax RİH başçısı Rəcəb Babaşov çıxış edərək yazıçının yaradıcılığına böyük qiymət vermiş, onun 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı sərəncama görə Prezident İlham Əliyevə bütün qazaxlı ziyalılar, xüsusilə şıxlılar adından dərin minnətdarlığını bildirib. İcra başçısı qeyd edib ki, yazıçı yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmışdır. Ədibin məşhur "Dəli Kür” romanı mühüm ədəbi mədəni hadisə kimi qiymətləndirilmişdir. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal və digər çıxış edənlər İsmayıl Şıxlı şəxsiyyəti haqqında ürək sözlərini dedilər. Birinci Şıxlı kənd tam orta məktəbinin şagirdləri Xalq yazıçısına həsr olunmuş şeirlər səsləndirdilər. Sakinlərin müraciətinə həssaslıqla yanaşılır
Respublika Prezidenti İlham Əliyevin siyasətində vətəndaş amili daim prioritet götürülür. Ölkə başçısının son aylarda imzaladığı fərman və sərəncamlar bunun bariz nümunəsidir. Qazax rayonunda da vətəndaşların mövqeyinin qorunması diqqət mərkəzində saxlanılır. Son 3 ildə keçirilən səyyari görüşlər və fərdi qəbullar mütəmadi olaraq həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini növbəti dəfə fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Qazax şəhər sakini Nəvazi İsmayılov az müddət öncə RİH aparatına müraciət etmiş, qısa müddət ərzində qaldırdığı problem tam olaraq həllini tapmışdır. Ona görə rayon rəhbərliyinə minnətdarlıq etmək üçün qəbula gəldiyini bildirib. O, Qazaxda vətəndaşlara olan diqqətə, göstərilən qayğıya görə razılığını ifadə edib. Ölkə başçısının istəyinə uyğun olaraq hər an vətəndaş amilinin ön plana çəkilməsini yüksək qiymətləndirdiyini vurğulayıb. Xanlıqlar kənd sakini Adıgözəlova Dilşad yeni qurlaşdırılan sayğacla bağlı müraciət etmiş, aldığı cavabdan məmnun qalmışdır. Ağköynək kənd sakini Qənbər Eyyubovun ona məxsus olan evin dam örtüyünün təmirinə köməklik olunması ilə bağlı müraciətinə baxılmış, aidiyyəti təşkilatlara lazımi tapşırıqlar verilmişdir. Qazaxda növbəti qanvermə aksiyası keçirilibQazax rayonunda növbəti qanvermə aksiyası keçirilib. Qazax Müalicə Diaqnostika Mərkəzində keçirilən xeyriyyə aksiyasında rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər, rayon sakinləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birgə aksiyanın keçirildiyi Qazax Müalicə Diaqnostika Mərkəzinə gəlib və qan verib. Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Respublika Səhiyyə Nazirliyinin Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə ediblər. Aksiya çərçivəsində könüllü olaraq qan vermək üçün mərkəzə 400 nəfərə yaxın rayon sakini müraciət edib və onların 151 nəfərindən qan götürülüb. Vəli VƏLİYEV, "Respublika” qəzetinin bölgə müxbiri 19 aprel 2019-cu il
Geri qayıt |