Əsas Səhifə > Manşet / Təhsil > İcra başçısı Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb

İcra başçısı Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb


8-04-2019, 22:11


Təhsilin inkişafı hər bir ölkədə dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, son illər ölkəmizdə Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu sübut edir ki, bu sahə dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Görülən işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu deməyə əsas verir ki, təhsil sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir. Ən əsası da bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı və istedadlı gənc nəslin yetişməsində, təhsil sahəsində böyük nailiyyətlərin əldə edilməsində mühüm rol oynayır. Bir sözlə, dövlətin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır.

Respublikamızda təhsil sahəsinə olan qayğı Qazax rayonunda da öz əksini tapmaqdadır. Son 3 ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, istər müəllimlərə, istərsə də şagirdlərə qayğı ilə yanaşması bunun ən bariz nümunəsidir. Rayon rəhbərinin təhsil işçiləri, müəllimlərlə, şagirdlərlə keçirdiyi görüşlər demək olar ki, artıq bir ənənə halını alıb.

Bu gün növbəti belə görüşlərdən biri Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi ilə olub. Hər zaman təşkil etdiyi tədbirlərlə seçilən mərkəzin kollektivi ilə keçirilən görüşdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışılıb, müəllimləri və dərnək üzvlərini maraqlandıran məsələlər müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək müəllimləri salamlayıb, mərkəz tərəfindən keçirilən tədbirləri, eləcə də dərnək üzvlərinin əl işlərini yüksək qiymətləndirdiyini bildirib. Mərkəzin fəaliyyəti və bu ilin birinci rübündə görülmüş işlərlə maraqlanan rayon rəhbəri bundan sonrakı işlərində də daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb.

Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirən icra başçısı bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, rayonumuzda təhsil sahəsi ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir. Ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı ziyalılar, müəllimlər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Ötən il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur. İcra başçısı gündən-günə dərnək üzvlərinin sayı artan Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin də təşkil etdikləri tədbirlərlə, uşaqların əl işləri ilə hər zaman seçildiklərini qeyd edib və bir daha uğurlar arzulayıb.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, onlara göstərilən bu səmimi münasibətə və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv adından öz dərin minnətdarlığını bildirib. Ölkəmizdə, həmçinin, rayonumuzda təhsil sahəsinin inkişafı naminə daha böyük səylə çalışacaqlarını və kollektiv olaraq öz töhfələrini verəcəklərini bildirib.


GOYEZEN.AZ


Geri qayıt