Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı xalçaçıların Novruz bayramını təbrik edib

İcra başçısı xalçaçıların Novruz bayramını təbrik edib


12-03-2019, 21:02

Xalçaçılıq sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşünü və inancları ilə bağlı simvolları əks etdirib. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə də dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə tam əhatə olunub.

Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da bütün sahələrlə yanaşı, xalçaçılığın inkişafına diqqət və qayğı göstərilir. Şəhərin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən Xalça müəssisəsi buna əyani sübutdur. 

 

Bu gün Xalça müəssisəsində milli bayramımız olan Novruz bayramı münasibətilə tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram münasibətilə Xalça müəssisəsinə gəlib. Müəssisədə çalışanlar rayon rəhbərliyini alqışlarla, böyük səmimiyyətlə qarşılayıblar.

 

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək xalçaçıları qarşıdan gələn Novruz bayram münasibətilə təbrik edib. Yeni ilin ilk müjdəçisi olan bu milli bayramda hər kəsə yeni-yeni uğur və nailiyyətlər qazanmağı arzu edib.

Rayon rəhbəri qeyd edib ki, milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən ulu öndərin söylədiyi kimi "Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

 

İcra başçısı qeyd edib ki, hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırır. "Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edib.

Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.

 

Azərbaycanda xalçaçılıq sənətini yaşadanlara lazımi şərait yaradıldığını qeyd edən icra başçısı ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra da xalçaçılığın inkişafında yeni mərhələ başladığını bildirib. Bu gün isə ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin də bu sahənin inkişaf etdirilməsi və əvvəlki şöhrətinin bərpa olunması istiqamətində məqsədyönlü işlər gördüyünü vurğulayıb. Məhz 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu istiqamətdə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. 

İcra başçısı bildirib ki, cəmiyyət tərəfindən ilkin mərhələdə "Azərxalça”nın Füzuli (Horadiz), Ağdam (Quzanlı), Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə həmin rayonlarda binaların tikintisinin başa çatdırılması, filialların fəaliyyətə başlaması bir daha sübut etdi ki, xalçaçılıq sənətinin inkişaf etdirilməsi dövlətin qarşıya qoyduğu prioritet məsələlərdən biridir.


Rayon rəhbəri diqqətə çatdırıb ki, 2016-cı il noyabrın 12-də Füzuli rayonunda "Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının, 2017-ci il avqustun 20-də "Azərxalça” ASC-nin Şəmkir filialının,dekabrın 7-də "Azərxalça” ASC-nin Quba filialının, 2018-ci il mayın 4-də "Azərxalça” ASC-nin Xaçmaz filialının, avqustun 25-də isə "Azərxalça” ASC-nin İsmayıllı filialının, oktyabrın 15-də "Azərxalça” ASC-nin Lənkəran filialının, noyabrın 5-də "Azərxalça” ASC-nin Ağdam filialının açılış mərasimlərində iştirak edən Prezident İlham Əliyevin xalçaçılarla görüşməsi, onların əməyini yüksək qiymətləndirməsi bu sahəyə verilən dəyərin ən böyük təzahürüdür.

Rayon rəhbəri bölgələrimizdə yüzlərlə insanın çalışması üçün yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradova rayon ictimaiyyəti və xüsusilə də müəssisədə çalışan xalçaçıların adından minnətdarlığını bildirib.

 

"Azərxalça” ASC-nin Qazax filialının direktoru Nazim İbrahimov da rayon rəhbərliyini və rəhbərlik etdiyi kollektivi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Ötən il xalçaçıların peşə bayramlarını, bu gün isə Novruz bayramlarını təbrikə gəldiyinə və bugünkü günü onlara yaşatdığına görə bütün xalçaçılar adından rayon rəhbərliyinə dərin minnətdarlığını çatdırıb.

Fəaliyyətləri barədə məlumat verən filial direktoru bildirib ki, müəssisə istifadəyə verildikdən dərhal sonra xalça toxunulmasına başlanılıb. Qeyd edib ki, artıq fabrikdə 100-dən çox xalçaçı çalışır. Qısa müddət ərzində xalçaçılar uğurlar qazanıblar. "Xalçaçı günü” münasibətilə müəssisədə çalışan Rahilə Əsgərova, Fatma Ləzgiyeva və Xalidə Yolçuyeva "Azərxalça” ASC-nin Fəxri Fərmanı ilə təltif olunublar.

 

Xalçaçılar adından çıxış edən baş usta, toxucu Rahilə Əsgərova rayonumuzda görülən işlər barədə danışaraq qeyd edib ki, Qazaxda bütün işlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Bu gün Qazaxda genişmiqyaslı tikinti-quruculuq işləri görülür. Yeni iş yerlərinin açılması, əhalinin işlə təmin olunması istiqamətində də əhəmiyyətli dərəcədə işlər həyata keçirilir. Xalça fabrikinin tikilməsi və işə salınması, bizlərin işlə təmin olunması buna əyani sübutdur. Bu gün bu müəssisədə çalışan hər bir işçi bir ailəni təmsil edir. Bu isə o deməkdir ki, ölkə başçımız hər bir Azərbaycan ailəsini düşünür və onların maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Son iki ayda bir-birinin ardınca imzalanan Sərəncam və Fərmanlar da bu işlərin bariz nümunəsidir. Yeni müəssisədə onların işləmələri üçün hər cür şərait yaradıldığını qeyd edən xalçaçı Qazaxda belə bir istehsalat müəssisəsinin yaradılmasına görə Prezident İlham Əliyevə bütün xalçaçılar adından öz dərin minnətdarlığını bildirib.

Sonra rayon rəhbərliyi filialın kollektivi tərəfindən təqdim olunan bayram süfrəsində iştirak edib. Sonda kollektivlə xatirə şəkli çəkdirilib.





GOYEZEN.AZ


Geri qayıt