Əsas Səhifə > Manşet / Rəsmi > Xanlıqlar kəndində səyyar görüş keçirilib

Xanlıqlar kəndində səyyar görüş keçirilib


21-02-2019, 15:32


Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə şəhərdə, kəndlərdə sakinlərlə keçirilən səyyar görüşlər artıq bir ənənə halını alıb. Bu cür görüşlərin keçirilməsində isə əsas məqsəd sakinləri narahat edən məsələləri dinləmək, yerindəcə həlli istiqamətində tapşırıqlar vermək, ən əsası da dövlət tərəfindən onlara hər zaman diqqət və qayğı göstərildiyini çatdırmaqdır.

Bu gün icra başçısı tərəfindən keçirilən növbəti səyyar görüş Xanlıqlar kəndində olub. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə həmişə olduğu kimi, bu gün də kənd sakinləri rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə başçısının tapşırığına əsasən bu ilin  proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir. Görüşümüzün məqsədi həmişə olduğu kimi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.

İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq hər həftə keçirilən görüşlərin təşkil olunması bir məqsəd daşıyır ki, onun da təməlində siz sakinlər və qayğılarınız dayanır. 2018-ci ildə kənd sakinləri ilə iyirmi dəfədən çox görüş keçirdiyini qeyd edən rayon rəhbəri bugünkü görüşün də əsas məqsədinin sakinləri narahat edən məsələləri öyrənmək olduğunu bildirib.

 

İcra başçısı ölkə prezidentinin rəhbərliyi altında son illər həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin Qazaxda da uğurla həyata keçirildiyni qeyd edib. Rayonda nəinki abadlıq işləri aparıldığını, eləcə də bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu bildirib. Vurğulayıb ki, bunu rayonda inşa olunan sosial obyektlərin sayının artmasından, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsindən, əkin sahələrinin artırılmasından, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də aydın şəkildə görmək olar.

Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanları bu istiqamətdə görülən işlərin bariz nümunəsi kimi dəyərləndirib. Bundan əlavə, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri istər təqaüdlərin, istər əməkhaqqının artırılması ilə bağlı imzalanan Sərəncam və Fərmanları bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Görülən bütün işlərin mərkəzində həmişə vətəndaş amilinin dayandığını qeyd edib.

Əhalinin məşğulluğunun təmin olunması istiqamətində dövlət başçısı tərəfindən görülən işlərdən və bu sahəyə xüsusi diqqətin ayrılmasından söz açan rayon rəhbəri ölkə başçısının tapşırığına əsasən 290 nəfər rayon sakininin ictimai işə cəlb olunduğunu qeyd edib. Həmin işçilərin böyük əksəriyyətinin şəhərin təmizliyinə xidmət göstərdiyini vurğulayıb.

Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. Qeyd edib ki, bu il daha bir yolun - uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması da bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolu çəkilərək sakinlərin istifadəsinə verilib. Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilişi isə davam edir. İcra başçısı qeyd edib ki, bir neçə kəndin yolunun təmir olunmasına ehtiyac var ki, həmin kəndlərdən biri də Xanlıqlar kəndidir. Bu kəndin yolunun yenidən qurulması da nəzərdə tutulub.

 

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 19-nun müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Bildirib ki, həmin təmirli bağçalardan biri də bu gün qarşısında görüş keçirdiyimiz Xanlıqlar kənd körpələr evi-uşaq bağçasıdır. Hər kəsə yaxşı məlumdur ki, bağçanın vəziyyəti heç də ürəkaçan deyildi. Uşaqlarımız və müəllimlər əziyyət çəkirdilər. Lakin biz ölkə başçısının uşaqlara olan diqqəti və qayğısı sayəsində bu bağçanı əsaslı şəkildə təmir etdirdik və körpə fidanların istifadəsinə verdik. Rayon rəhbəri vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 6 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. İcra başçısı bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların ərzaq təminatına da böyük önəm verildiyini qeyd edib. İstər şəhər, istərsə də kənd bağçalarında uşaqlara yeməklərin hazırlanmış xüsusi menyu əsasında verildiyini diqqətə çatdırıb.

Təhsil sahəsində qazanılan nailiyyətlərdən danışan icra başçısı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin rayonda uğurla icra edildiyini qeyd edib. Həmin layihənin əyani sübutu kimi əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərin istifadəsinə veriməsini nümunə göstərib. Bundan əlavə, "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir. İcra başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında rayonumuzun Qaymaqlı kəndində yeni məktəbin tikintisinin, Kosalar kənd tam orta məktəbin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin, Orta Salahlı kənd tam orta məktəbin tikintisinin, Sarıvəlli kənd tam orta məktəbin tikintisinin, İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmirinin, Qazax şəhər 5 nömrəli tam orta məktəbin əsaslı təmirinin, Çaylı kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirinin, məktəb-liseyin əsaslı təmirinin də qeyd edildiyini bildirib. Dövlət Proqramına uyğun olaraq bu ildən təmir-tikinti işlərinə başlanılacağını qeyd edib. Təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına qazaxlı ziyalılar, rayon ictimaiyyəti adından minnətdarlığını çatdırıb.

Rayon rəhbəri vurğulayıb ki, sevindirici haldır ki, məktəblilərimiz də əldə etdikləri uğurlarla təhsil sahəsinə olan qayğını doğrultmağa çalışırlar. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bunu bir daha sübut etdi.

Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxda bir məsələnin - su-kanalizasiya sisteminin köklü şəkildə həllinə böyük ehtiyac vardı ki, həmin məsələ də ölkə başçısının diqqəti, qayğısı sayəsində öz müsbət həllini tapır, su-kanalizasiya sistemi yenidən qurulur. Bunun üçün lazımi işlərin görüldüyünü qeyd edən icra başçısı bununla bağlı layihənin təqdimat mərasiminin keçirildiyini də diqqətə çatdırıb.

Ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri bu qayğının bütün bölgələrimizdən, o cümlədən Qazaxdan da yan keçmədiyini vurğulayıb. 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının tikintisini, xüsusən də 5 korpusun tam hazır vəziyyətə çatdırılmasını rayon sakinlərinə olan qayğının, diqqətin əyani təzahürü kimi qiymətləndirib. Əlavə 5 korpusun inşasının da nəzərdə tutulduğunu bildirib.

İcra başçısı Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini qeyd edərək rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin əyani göstəricisi kimi qiymətləndirib. Bundan əlavə, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını da bu istiqamətdə görülən işlərə nümunə göstərib.

 

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də tədricən aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli suçəkildiyini qeyd edib. 2017-2018-ci illərdə rayonda su ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. Həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı  Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Xanlıqlar kəndində də bu sahədə görüləcək işlərdən danışıb, xüsusilə də təzə məhəlləyə qaz və elektrik enerjisinin çəkilməsi üçün lazımi işlərin görülməsinin nəzərdə tutulduğunu bildirib.

Sonra "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 
Xanlıqlar kənd tam orta məktəbin direktoru Şofiq Qədimov, məktəbin biologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Pakizə Məmmədova nəvələrinin qəyyumluğunun analarına qaytarılması, Alı Şahvələdov işlədiyi müəssisədən müavinətin alınmasına köməklik olunması, Şabo Vəliyev mərhum bacısının qızının və oğlunun, Mehparə Eyyubova isə özünün işlə təmin olunmalarına köməklik göstərilməsi, Zöhrə Cəfərova isə fərdi şəkildə qəbul olunması barədə müraciət ediblər. Vətəndaşlar tərəfindən səsləndirilən müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.

Görüş başa çatdıqdan sonra rayon rəhbəri bağçada uşaqlarla görüşüb, ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıb.











GOYEZEN.AZ


Geri qayıt