Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Hesabat ilinin uğurları

Hesabat ilinin uğurları


16-02-2019, 12:42

Respublika mətbuatı Qazax haqqında

 

Qazax rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, sahibkarlar, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlar Gənclər Mərkəzinin foyesində hazırlanmış sərgi ilə tanış olublar. Sərgidə Qazax rayonunda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulları, eləcə də rayonda aparılan quruculuq işlərini özündə əks etdirən fotostend nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yığıncağı giriş sözü ilə açıb.  İcra başçısı 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş hesabat məruzəsi ilə çıxış edərək ölkəmizdə, eləcə də Qazax rayonunda 2018-ci ildə qazanılmış uğur və nailiyyətlərdən, görülmüş tikinti-quruculuq işlərindən söz açıb. Görülən işlər barədə ətraflı məlumat verərək qeyd edib ki, hesabat ilində bütün sahələr üzrə uğurlu nəticələr əldə olunmuşdur.

Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılıb, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülüb. İcra başçısı son iki il yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, Qazax 2018-ci ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlərdən də görmək olar. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.

Sonra rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, ƏƏSMN yanında DSMF-nun Qazax rayon şöbəsinin rəisi Laçın Qurbanov, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov məruzə ətrafında çıxış edərək hesabat ilində rəhbərlik etdikləri sahələrdə görülmüş işlərdən söz açıblar. Ölkə başçısının əhalinin maddi rifah halının yaxşılaşdırılması, bölgələrimizdə təhsil, səhiyyə, mədəniyyət, idman və eləcə də digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Kənd təsərrüfatı üzrə sahibkar Nüsrət Aşurov çıxış edərək ölkə başçısı İlham Əliyev tərəfindən kənd təsərrüfatı sahəsinə, sahibkarlara göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, bu gün dövlətin sahibkarlara, iş adamlarına verdiyi dəstək sayəsində bölgələrimizdə kənd təsərrüfatı ildən-ilə inkişaf edir.

Hesabat yığıncağında çıxış edən şəhid ailələrindən - Milli Qəhrəman atası Hüseyn  Musayev, şəhid anası Tamella Süleymanova, şəhidin həyat yoldaşı Kifayət Mustafayeva çıxış edərək şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açıblar. Qeyd ediblər ki, ölkə başçımız həmişə olduğu kimi yenə də öz humanistliyini bir daha göstərdi və şəhidlərimizin ailə üzvlərinə veriləcək birdəfəlik müavinət hər kəsə şamil olundu. Bundan əlavə, ölkə başçımız tərəfindən imzalanan Sərəncam və Fərmanlar bir daha onu göstərdi ki, dövlətimiz, dövlət başçımız şəhidlərimizə hər zaman yüksək qiymət verir. Buna görə də biz şəhid ailələri bizlərə verilən bu yüksək dəyərə, ən əsası da şəhidlərimizə olan sonsuz hörmət və ehtirama görə Respublika Prezidenti İlham Əliyevə bütün şəhid ailələri adından dərin minnətdarlığımızı bildiririk.

Məzəm kənd sakini Süleyman Süleymanov, Çaylı kənd sakini Qəzənfər Qocayev, Yuxarı Salahlı kənd sakini Abdulla Məmmədov, ağsaqqallardan – Cəfərli kənd sakini Sabir Vəliyev, Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, şəhər sakinlərindən - M.Hüseyn adına məktəb-liseyin direktor müavini Rəhim Muradov və başqaları çıxış edərək 2018-ci ildə Qazaxda həyata keçirilən tikinti-quruculuq işlərinə görə ölkə başçısına minnətdarlıq ediblər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə göstərdiyi yüksək diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırıblar.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov hesabat yığıncağında çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Qazax rayonunda uğurla həyata keçirildiyini qeyd edib. Bildirib ki, bu gün rayonun inkişaf etdiyini hesabat məruzəsində əksini tapan statistik rəqəmlərdən, qazanılan uğur və nailiyyətlərdən, əldə olunan göstəricilərdən aydın şəkildə gördük. Bütün bunlar isə rayon rəhbərliyi tərəfindən Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinin yerlərdə necə icra olunmasının bariz nümunəsidir. Bu gün Azərbaycan brendi olan və bütün dünyada tanınan "ASAN xidmət" mərkəzlərində vətəndaşlar üçün hər cür şərait yaradıldığını qeyd edən natiq belə mərkəzlərin sayının bundan sonra da artırılacağını bildirib. 

Hesabat yığıncağında rayonun sosial-iqtisadi inkişafında fəal iştirak etdiklərinə və əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə 9 nəfər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.


                                                                                             Vəli VƏLİYEV,

                                                                                            "Respublika" qəzeti

16 fevral 2019-cu il


Geri qayıt