Əsas Səhifə > Manşet / Rəsmi > Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı olub

Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı olub


15-01-2019, 22:00

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Ağköynək kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən hesabat yığıncağında da 2018-ci ildə görülmüş işlərə bir daha nəzər salınıb, qarşıda duran vəzifələrdən danışılıb.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, şöbənin baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak ediblər.

Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Ağköynək kənd İƏD-si üzrə nümayəndə Vadim Əmiraslanov 2018-ci ildə görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycananın qaşısında böyük imkanlar açmışdır.

"Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” bütün bölgələrdə olduğu kimi, Qazax rayonunda da uğurla davam etdirilir. Ötən il ərzində rayonumuzda yeni məktəb binaları, sənaye, səhiyyə müəssisələri, bağçalar tikilib istifadəyə verilmiş, yeni yollar salınmışdır. Rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən həyata keçirilən təmir-tikinti, abadlıq, bərpa quruculuq işləri ötən ildə olduğu kimi 2018-ci ildə də uğurla davam etdirilmişdir.

Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Ağköynək və Qarapapaq kəndlərini əhatə edir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində 1623 ailə təsərrüfatı, 5746 nəfər, o cümlədən Ağköynək kəndində 3752 nəfər və Qarapapaq kəndində 1994 nəfər əhali yaşayır.

Nümayəndəliyin ərazisində bir bələdiyyə, bir tam, bir əsas orta məktəb, iki sənətkarlıq evi, iki kitabxana, bir həkim məntəqəsi, bir tibb məntəqəsi, bir poçt fəaliyyət göstərir.

Ş.Çobanov adına Ağköynək kənd tam orta məktəbi 480 yerlik olmaqla 476 şagird təhsil alır. Şagirdlərin tərbiyəsi ilə 68 nəfər müəllim məşğul olur. Bu il məktəbi 31 şagird bitirmiş və onlardan 19 nəfəri respublikanın ayrı-ayrı ali məktəblərinə, 6 nəfəri isə kolleclərə qəbul olunmuşdur. 1 nəfər 600-dən yuxarı, 2 nəfər 500-dən yuxarı bal toplamışdır. Məktəbdə cari təmir işləri aparılmışdır.

İcra nümayəndəliyi üzrə 2018-ci ildə 89 nəfər doğum, 56 nəfər isə ölüm olmuşdur.

İcra başçısı Qazax şəhərində və rayonun kəndlərində işçi qruplarının yaradılması ilə əlaqədar Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq Ağköynək və Qarapapaq kəndlərinin hər birində tərkibi beş nəfərdən ibarət işçi qrupları yaradılmışdır. İşçi qruplarının yaradılmasının əsas məqsədi kənd əhalisinin problemləri ilə maraqlanmaq və həlli istiqamətində işlər görməkdən ibarətdir.

Kənddə azad sahibkarlığın inkişafı üçün münbit şərait yaradılmışdır. Yeni istehsal sahələrinin yaradılması, xırda və orta sahibkarlığın formalaşması istiqamətində müəyyən işlər görülmüşdür. Qədim xalq sənəti olan xalçaçılıqla məşğul olan "Naxış” xalçaçılıq emalatxanasında, allüminium qapı-pəncərə təmiri ilə məşğul olan "Alprof” emalatxanasında, "Ritul” üzlük mərmər emalatxanasında, ticarət obyektlərində, "Saloğlu” firmasında 470 nəfərə yaxın kənd əhalisi işlə təmin olunmuşdur.

 

Rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərindəki Təzə Bazarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçirilmişdir. Yarmarkada Ağköynək kənd nümayəndəliyi müxtəlif çeşiddə olan kənd təsərrüfatı, ərzaq və ət məhsulları satışa çıxarmışdır ki, həmin məhsulların qiyməti bazar qiymətindən 20-30% aşağı olmuşdur.

Kənd əməkçilərimiz öz pay torpaqlarından səmərəli istifadə edərək müxtəlif növ məhsullar istehsal edirlər. Keçən il kənd əməkçiləri əkin sahələrindən 30 ton tərəvəz,  750 ton kartof, 960 ton quru ot, 380 ton üzüm, 571 ton meyvə, 1449 ton taxıl, 135 ton qarğıdalı, 44 ton günəbaxan, 444 kq barama istehsal etmişlər. Bu il əməkçilərimiz gələn ilin məhsulu üçün 435 hektar sahədə taxıl əkmişlər ki, bunun 300 hektarı buğda, 135 hektarı arpadır.

Ağköynək kəndi ərazisində 2,57 hektar sahədə tərəvəzlərin yetişdirilməsi məqsədilə yeni istixana kompleksi tikilərək istifadəyə verilmiş, digər 1 hektar ərazidə istixana kompleksinin tikintisi başa çatmaq üzrədir.

İribuynuzlu mal-qaranın sayı 1662 başa çatmışdır. Ana inək və camışların sayı artaraq 682 başa, xırdabuynuzlu davarların baş sayı isə 7505 baş olmuşdur. İribuynuzlu mal-qarada 2 baş, ana inəklərdə 2 baş, xırdabuynuzlu davarlarda isə 5 baş artım olmuşdur. Gələcəkdə barama istehsalını artırmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 1050 ədəd yeni tut tingi əkilmişdir.

2018-cı ildə icra başçısı Rəcəb Babaşov Ağköynək və Qarapapaq kəndlərində kənd əhalisi ilə görüşlər keçirmiş, kənd sakinlərinin problemləri ilə tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.

İl ərzində kənd ərazisində yerləşən hər üç qəbiristanlıqda sakinlərin iştirakı ilə təmizlik işləri aparılmışdır. Həmçinin, Nohur meşəsinə gedən yolun kənarı məişət tullantılarından təmizlənmişdir.

Ağköynək kəndinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə kənddə 3 ədəd köhnə elektrik transformatoru yenisi ilə əvəz olunmuş və 30 % ərazi SİP kabelə keçmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qarapapaq kəndində şəhid Xasməmmədov Tahir Mübariz oğlunun adına olan bulaq kompoleksində təmir işləri aparılmışdır.

Ağköynək kənd mərkəzində olan artezian quyusunun nasosu təmir olunaraq suyun verilməsi təmin edilmişdir.

Dövlət proqramına uyğun olaraq Qarapapaq kəndində "Rizman” deyilən dərədə 1 ədəd yeni artezian quyusu qazılıb istifadəyə verilmişdir.

Qarapapaq kəndində icra başçısının sakinlərlə keçirdiyi səyyar görüşdə onlar yaşadıqları məhəlləyə su xəttinin çəkilməsini xahiş etmişdilər. Vətəndaşların xahişi nəzərə alınaraq həmin məhləyə Coğaz su xəttindən 1 ədəd bulaq çəkilmişdir. Bundan əlavə, vətəndaşların qaldırdığı digər müraciətə də baxılmış, kənd qəbiristanlığına gedən yolun 500 metr hissəsinə qum-çınqıl döşənmişdir.

Ağköynək və Qarapapaq kənd yollarının 8 km-dən çox sıradan çıxmış hissəsi təmir edilmişdir.           

Rayon rəhbərinin tapşırığına əsasən əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması üçün suvarma arxlarında təmizlik işlərinə başlanılmışdır. Bu günə kimi 5100 metr arx lil və kol-kosdan təmizlənmişdir. Müəyyən sahədə texnikadan istifadə olunmuşdur. Bu işlər bu gün də davam etdirilir.

Ağköynək və Qarapapaq kəndləri fasiləsiz olaraq 24 saat elektrik enerjisi və mavi yanacaqla təmin olunmuşdur.

Müqəddəs Qurban bayramında şəhid ailələrinə, Böyük Vətən Müharibəsi iştirakçılarına, Qarabağ müharibəsi veteranlarına və imkansız ailələrə bayram payı verilmişdir.      

Hesabat dövründə kənd icra nümayəndəliyində vətəndaşların qəbulu, ərizə və müraciətlərinə vaxtlı-vaxtında baxılmışdır. 2018-ci ildə 12 yazılı, 23 şifahi müraciət olmuşdur. Bu müraciətlər əsasən maddi köməklik, torpaq məsələsi, kommunal xərclərdən azad olunma, suvarma suyunun vaxtlı-vaxtında verilməsi, qonşu ilə mülk məsələləri olmuşdur.

Kənd sakinlərindən Cavid Məmmədov, Arzuman Xasməmmədov, Şofiq Hacıəliyev, Məsud Nəbiyev, Məqsəd Eminalıyev, Ədalət Əmiraslanov, Zahid Abdullayev, şəhid atası Sarı Hüseynov, Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə Rəhimova və başqaları çıxış edərək 2018-ci ildə rayonumuzda, eləcə də Ağköynək kəndində həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti İlham Əliyevə, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər. 2018-ci ilin uğurlu göstəricilərlə yadda qaldığını qeyd edən sakinlər qarşıda duran vəzifələrdən də söz açıblar. Kənddə SİP kabelləşmə işinin davam etdirilməsini və kəndarası yolların işıqlandırılmasını, qəzalı vəziyyətdə olan arxların təmir olunmasını, kənd qəbiristanlığının ətrafına metal torun çəkilməsini, məktəbdə istilik sisteminin yenilənməsini, kənddə yeni uşaq bağçasının tikilməsini, artezian quyusunun qazılmasını və s. məsələləri qeyd ediblər.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin başçılığı ilə Qazaxda həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işlərdən danışan müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini 2018-ci ilin uğuru kimi qiymətləndirib.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan T.Musayev bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Hazırda şəhərdə yerləşən daha bir bağçanın - 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə 14 yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Ağköynək kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.

Son iki il yarımda ölkə başçısının Qazaxda çoxmənzilli binaların əsaslı təmir olunması ilə bağlı imzaladığı 20 oktyabr 2016-cı il tarixli Sərəncamın düzgün icra edilməsindən söz açan müavin 2017-ci ildə 78, 2018-ci ildə isə daha 51 ədəd çoxmənzilli yaşayış binalarının fasadında, bloklarında, pilləkan qəfəslərində, su-kanalizasiya, elektrik, rabitə və qaz xətlərində əsaslı təmir, rənglənmə və həyətlərində abadlıq işləri aparıldığını diqqətə çatdırıb. 4 çoxmənzilli yaşayış binasının həyətində isə xeyir-şər evlərinin tikildiyini və ya əsaslı təmir olunduğunu vurğulayıb. Ümumiyyətlə, bu gün rayonda olan 163 çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən əsas işlərdən hesab edib.

Yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan müavin həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. Bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli, 637s saylı Sərəncamı ilə Qazax rayonunun Ağköynək kəndi ərazisində "Saloğlu” fərdi firması tərəfindən həyata keçiriləcək "Venzana” layihəsi üçün nəzərdə tutulmuş 30.558 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdan sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilmişdir. Hazırda layihənin həyata keçirilməsi üçün tikinti işlərinə başlanılmışdır. Bu isə rayonda yeni iş yerlərinin açılması və əhalinin maddi rifah halının yaxşılaşdırılması deməkdir.












GOYEZEN.AZ


Geri qayıt