Əsas Səhifə > Manşet / Rəsmi > Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib

Yuxarı Salahlı kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilib


9-01-2019, 19:30


Artıq bir neçə gündür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin 2018-ci ildə görülmüş işlərə və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncaqları keçirilir.

Bu gün Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin də hesabat yığıncağı olub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayevin, aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışovun və kənd sakinlərinin iştirak etdiyi yığıncaqda yola saldığımız 2018-ci ildə qazanılan uğur və nailiyyətlərə, rayonumuzda, eləcə də Yuxarı Salahlı kəndində görülmüş işlərə bir daha nəzər salınıb.

Əvvəlcə hesabat yığıncağının keçirilməsi üçün sədr və katib seçilib. Sədr Şahismayıl Məmmədov gündəlikdə duran məsələlər barədə məlumat verdikdən sonra yığıncaq öz işinə başlayıb.


Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndə Nəsib Şəmşiyev 2018-ci ildə istər ölkəmizin, istərsə də rayonumuzun əldə olunan nailiyyətlərini özündə əks etdirən geniş hesabat mərzəsi ilə çıxış edib. Qeyd edib ki, respublikamizda gedən iqtisadi inkişafın təsiri rayonumuzda da öz əksini tapmışdır. İcra başçısı Rəcəb Babaşovun rayonumuza rəhbərlik etdiyi ilk gündən rayonun iqtisadi və mədəni inkişafı dinamik olaraq davam etdirilir. Rayonumuzda olan bu iqtisadi inkişaf Yuxarı Salahlı kəndində də özünü göstərmişdir. 2018-ci ildə Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında bu ilin aprel ayında inşasına başlanılan həkim məntəqəsinin tikintisi başa çatırılaraq oktyabr ayında əhalinin istifadəsinə verilmişdir. Yuxarı Salahlı həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. İlkin tibbi yardım, baş həkim, ailə həkimi, ginekoloq, stomatoloq, peyvənd, palata, anbar daxil olmaqla 8 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən sanitar qovşağı yaradılıb, istilik sistemi ilə təchiz edilib, ətrafında 1000 ədəd həmişəyaşıl dekorativ ağac və güllər əkilmişdir.

Yuxarı Salahlı kəndi ərazisində yeni salınmış iki məhəllələrdən birində 800 m uzunluğunda SİB kabel xətti çəkilmiş, digər məhəllədə isə 500 m uzunluğunda yeni elektrik xətti beton dirəklərlə çəkilmişdir.

2018-ci ilin məhsulu üçün kənd əhalisi 770,5 hektar sahədə payızlıq taxıl əkmişdir. Bundan 480,5 hektarı buğda, 290 hektarı isə arpadır. 45 hektarda dən üçün qarığdalı, 300 hektarda yonca, 10 hektarda bostan, 50 hektarda tərəvəz, 15 hektarda kartof və s. kənd təsərrüfatı bitkiləri əkib becərmişlər. Bunun müqabilində isə 1892 ton taxıl, 245 ton qarğıdalı dəni, 926 ton quru ot, 162,5 ton bostan məhsulları, 1159 ton tərəvəz və 240 ton kartof əldə edilmişdir.

Məhsul istehsalının artırılmasında texnikanın, suvarma suyunun, mineral və üzvü  gübrələrin böyük rolu vardır. 2015-ci ildə Yuxarı Salahlı kəndində açılmış və kifayət qədər kənd təsərrüfatı texnikası ilə təmin olunmuş "Aqrolizinq”  müəssisəsi nəinki Yuxarı Salahlı kənd əhalisinin əkin torpaqlarının, qonşu olan onlarca kənd əhalisinə məxsus olan əkin torpaqlarını da əkib becərir. Müəssisə mineral gübrə, xəstəlik və zərərvericilərə qarşı zəhərli kimyəvi maddələrlə əhalini kifayət qədər təmin edir. Bu il ərazidə fəaliyyət  göstərən su nasos stansiyalarının əsaslı təmir edilməsi nəticəsində fasiləsiz işlədilməsi təmin edilmiş, əkin torpaqlarına suvarma suyunun verilməsi artırılmışdır. Kanalların, arxların təmiri işlərinə, təmizlənməsinə və bu işlə əlaqədar qarşıya çıxan çətinliklərin həllinə Qazax rayon Suvarma Sistemləri İdarəsinin rəhbərliyi və "Umud” Sudan İstifadə  Birliyi yaxından köməklik göstərmişdir. Kənd əhalisi 2019-cu ilin məhsulu üçün sentyabr–dekabr aylarında 721 hektarda payızlıq taxıl əkmişlər. İndiyə kimi suvarılan sahələrdə180 hektarda suvarma aparılmışdır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi qaydaları”nın və "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydalarının təsdiq edilməsi barədə 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamın icrası ilə əlaqədar 2018-ci ildə 765 nəfər kənd sakininə ümumilikdə 72724 manat pul yardımı edilmiş, 191 nəfər sakinə isə 75 tona yaxın güzəştli yolla mineral gübrə satılmışdır. Belə yardımlar əkinçinin marağını artırır, yüksək məhsul istehsal üçün zəmin yaradır. Kənddə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsinin inkişafına da diqqət yetirilir. 2018-ci təsərrüfat ilində vətəndaşların şəxsi istifadəsində 1760 baş iribuynuzlu mal-qara, 7320 baş xırdabuynuzlu davarlar qeydə alınmışdır. Qazax rayon Baytarlıq İdarəsi tərəfindən mal-qaranın və davarların xəstəliklərinə qarşı mütəmadi olaraq profilaktiki müalicə tədbirləri aparılır. 2018-ci il ərzində epizodik müalicə tədbirləri planına uyğun olaraq 1635 baş mal-qarada və 6830 baş davarlarda müvafiq olaraq dabaq, qarayara, çiçək xəstəliklərinə, təkdırnaqlı heyvanlardan 52 başda manqo, 12100 baş ev quşlarında isə taun əleyhinə dərmanlama işləri aparılmışdir.

Kənddə aparılan hər hansı işin əhali ilə canlı ünsiyyətinə, qarşıya çıxan sosial-iqtisadi problemlərin həllində ictimaiyyət nümayəndələrinin iştirakına üstünlük verilmişdir. Görüləsi vacib olan məsələlər ilin əvvəlindən prespektiv iş planına daxil edilmişdir. Buna vətəndaşların qəbulu, ərizə, şikayət və təkliflərinə baxılması, kargüzarlıq işləri, maliyyə uçotu işlərinin yaxşılaşdırılması, təsərrüfat işlərində əhaliyə yaxından kömək, təhsil, səhiyyə, poçt, rabitə və digər xidmət sahələrinin xalqa etdiyi xidmət səviyyəsinin artırılması, buraxılmış nöqsanların aradan qaldırılması, asayişin qorunması, kənd təsərrüfatı sahəsində əhaliyə aqrotexniki, zootexniki və baytarlıq xidməti sahələrinin yaxşılaşdırılması, şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibəsi əlilərinə, imkansız ailələrə qayğı, gənclərin təlim-tərbiyəsi işlərinin yaxşılaşdırılması, onların vətənpərvər ruhda tərbiyə edilməsi, dini və milli bayramların keçirilməsinin təşkili və s. bu kimi tədbirlər iş planına daxil edilmiş və görüləcək işlərin icra edilməsi üçün məsul şəxslər ayrılmışdır. 2018-ci fəaliyyət dövründə Yuxarı Salahlı kənd nümayəndəliyi "Vətəndaşların müraciətlərinə baxılması qayıdası haqqında” Azərbaycan Respublkasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə baxılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə vətəndaşlara məlumat verilmişdir. Hesabat dövrü ərzində vətəndaşlardan 9 yazılı ərizə daxil olmuşdur. Ərizələrin 7-si təsərüffat məsələsinə, 1-i şikayət, 1-i isə məzuniyyət məsələsinə aid olmuşdur.


Vətəndaşları narahat edən və ya müxtəlif formada şifahi şikayətlə bağlı qəbula gələnlərin sayı il ərzində 30 nəfər təşkil etmişdir. Şifahi qəbula gələnlərin şikayət və müraciətləri müxtəlif forma və məzmunda olmaqla onun 21-i, yəni 70%-i qonşularla, həm həyatyanı, həm də çöl pay torpaq sahəsində mübahisəli məsələlərin həlli, suvarma işi, əkin sahələrinə mal-qara düşüb ziyanlıq verməsi, içməli suya olan tələbatın ödənilməsi, ailə daxili münaqişələr, əmlak məsələləri, istismara yararsız və həyat üçün təhlükəli olan elektrik dirəklərinin dəyişdirilməsi və s. bu kimi məsələlərdən, qalan  9-u, yəni 30 %-i isə köməkdarlıq məqsədilə edilən müraciətlərdən ibarətdir. İstər daxil olan yazılı ərizələr, istərsə də şifahi şikayətlər və müraciətlər vaxtında nümayəndəlikdə və yaxud yerlərdə  gecikdirilmədən vətəndaşın özünün iştirakı ilə baxılaraq həll edilmişdir. 2018-ci ildə yuxarı icra orqanlarından, idarə, təşkilat və müəssisələrdən cəmi 31 məktub, sənəd, qərar və sərəncamlar daxil olmuşdur. Sənədlər nəzarətə götürülərək baxılıb vaxtında aidiyyəti təşkilatlara göndərilmiş, qərar və sərəncamlar icra edilmişdir.

Yuxarı Salahlı kənd icra nümayəndəliyi tərəfindən isə yuxarı icra orqanlarına, idarə və müəssisələrə və vətəndaşlara il ərzində 1170 ədəd müxtəlif məzmunlu və təyinatlı məktublar və arayışlar göndərilmişdir. Bu məktubların bir hissəsi məzmun etibarı ilə nəzarətə götürülmüş məktubların cavabları, bir hissəsi isə müraciət və məlumat xarakterli olmuşdur. Vətəndaşlarımıza verilmiş arayışların əksəriyyəti vətəndaşların yaşayış yeri barədə, ailə tərkibi barədə və müxtəlif məzmunlu arayışlardan ibarətdir.

Hesabat dövrü ərzində nümayəndəlikdə 17 nəfərin nigah qeydiyyatı, 22 nəfərin doğum qeydiyyatı və 29 nəfərin ölüm qeydiyyatı aparılmışdır.

Kənd yaraşıqlı yaşayış evləri, abad yolları, içməli və suvarma suyunun kifayət qədər təminatlı olması, qaz və işıq sisteminin fasiləsiz verilməsi, xalqa xidmət göstərən təhsil, səhiyyə, poçt, rabitə, ictimai iaşə və digər sosial obyektlərin olması ilə fərqlənir və xarakterizə olunur. Kəndin abadlaşdırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin də böyük rolu vardır. 2018-ci ildə əhalinin suvarma suyuna olan tələbatının ödənilməsində, taxıl sahələrində biçinin aparılması üçün texnikanın cəlb edilməsində, içməli su üçün yeni məhəllələrə yeni su xəttinin təmiri, kənddaxili yolların təmir edilməsi, müxtəlif ictimai yerlərdə 8 ədəd bulağın quraşdırılması və s. işlərin görülməsi bələdiyyə şurasının təşkilatçılığı ilə həyata keçirilmişdir. Bundan əlavə, kənd sakinlərinin iştirakı ilə mütəmadi olaraq qəbiristanlıqlarda təmizlik işləri aparılmışdır.

Yuxarı Salahlı kəndində olan şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, kimsəsizlərin, imkansızların adları dini və milli bayramlarda yad edilmiş, onlara maddi yardımların edilməsi unudulmamışdır.

İcra nümayəndəsi kənddə təhsil, səhiyyə, mədəniyyət sahəsində, dövlət və milli bayramların təşkil edilməsi ilə əlaqədar görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə də yığıncaq iştirakçılarına məlumat verib.

Qeyd edib ki, cəmiyyətin ahəngdar işləməsində, onun intellektual potensialının formalaşmasında təhsil müstəsna əhəmiyyət kəsb edir. Yuxarı Salahlı kəndində xalqın, millətin sabahının təminatçısı olan və əsası XIX əsrin 70-ci illərində qoyulan Rus-Azərbayacan məktəbinin fəaliyyətindən 140 ilə yaxın bir vaxt ötür. Hazırda şəhid Zahid Mahmudovun adını daşıyan tam orta məktəb kəndin demək olar ki, ziyalılar mərkəzidir. Bu məktəb xalqımıza çoxlu sayda dahilər yetirmişdir. Hazırda məktəbdə 491 nəfər şagird təhsil alır. 51 nəfər müəllim və 21 nəfər texniki işçi kollektivi çalışır. Əvvəlki illərdə olduğu kimi bu ildə də məktəb məzunlarından 7 nəfər respublikanın ali məktəblərinə daxil olub.  Qazax rayonu üzrə 600-dən yuxarı bal toplamış 19 nəfərdən 2 nəfəri isə Yuxarı Salahlı kənd tam orta məktəbin məzunları olmuşdur. Bunlardan məktəbin məzunu Bayramova Günel Vüqar qızı tələbə qəbulu zamanı 630 bal toplayaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına daxil olmuşdur. Digər məzun İbrahimova Arzu Vəli qızı isə 605 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub. Məktəbdə şagirdlərə hərbi vətənpərvərlik  ruhu çox  yaxşı  təbliğ olunduğundan məktəbin məzunları hər il Respubilkanın Ali Hərbi Məktəblərinə daxil olurlar. Məktəbin məzunlarından Vəkilov İsmət Səxavət oğlu, Vəkilov Nemət Səxavət oğlu və Rüstəmov Ramazan Muxtar oğlu qol güləşi üzrə, Xaşalov Əfqan Kamil oğlu sərbəst güləş idman növü üzrə 2018-ci ildə beynəlxalq və yerli yarışlarda layiqli qələbələr əldə etmişlər. Məktəbin şagirdlərinin və gənc idmançıların təhsildə və idmanda qazandığı nailiyyətlərdə məktəbin maddi-texniki bazasının güclü olması böyük təsir etmişdir.

Bir neçə il bundan əvvəl kənddə fəaliyyət göstərən köhnə və müasir tələblərə cavab verməyən poçt və telefon stansiyası olan obyektlərimiz yenisi ilə əvəzləndi, müasir standartlara cavab verən texnologiya ilə təchiz edildi. Xalqın xidmətində duran bu obyektlərdə xalqa xidmət səviyyəsi yüksələrək təkliflər tələbləri üstələdi. Günü-gündən böyüyən Yuxarı Salahlı kənd əhalisinin istifadəsinə əlavə olaraq 110 telefon nömrəsinin  verilməsinə ehtiyac vardır. Məlumat üçün bildirirəm ki, bu günə kənddəki elektron ATS-də 575 ədəd telefon nömrələri yüksək səviyyədə xalqın istifadəsindədir.

Hesabat məruzəsi ətrafında çıxış edən kənd sakinlərindən - təqaüddə olan müəllimlərdən Məhəmməd Vəkilov, Həsən Həsənov, Yuxarı Salahlı kənd tam orta məktəbin direktoru Məhəmməd Qocayev, ağsaqqallardan Osman Mustafayev, Eldar Kəlayev, Yuxarı Salahlı kənd həkim məntəqəsinin müdiri Şəadət Əliyev, Səməd Vurğun Poeziya Evinin direktoru Mətanət Rəhimova, "Umud” SİB-in icraçı direktoru Mikayıl Umudlu, kənd sakini Xanlar Eyyubov, kənd bələdiyyəsinin sədri Şahismayıl Məmmədov və başqaları çıxış edərək rayonumuzda, eləcə də Yuxarı Salahlı kəndində son vaxtlar həyata keçirilmiş geniş tikinti-abadlıq işlərinə görə ölkə prezidenti İlham Əliyev cənablarına və Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz sakinlər sevinirik ki, göstərilən qayğı hərtərəflidir. İstər ölkə başçısı, istərsə də rayon rəhbərliyi tərəfindən bizlərə bu cür qayğı göstərilir. Ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amili son iki il yarımdır ki, Qazaxda həmişə ön planda tutulur.

2018-ci ilin ölkəmiz və rayonumuz üçün daha məhsuldar bir il olduğunu qeyd edən sakinlər qarşıda duran vəzifələrdən də danışıblar. Öz təklif və tövsiyələrini çatdırıblar. Sakinlər kənddə 1950-ci illərdə çəkilmiş və hazırda çürüyərək insan həyatı üçün təhlükə mənbəyi olan kəndarası ağac elektirik dirəklərinin beton dirəklərlə dəyişdirilməsi, kəndin mərkəzindən keçən sel ötürücü kanalın əsaslı təmir edilməsi, "Vaqif” düzənliyinə su nasos stansiyasından yeni xəttin çəkilməsi, təsərrüfat arxlarının beton üzlüklərə alınması, yeni körpələr evi-uşaq bağçasının tikilməsi, kənd daxilində məişət tullantılarının atılması üçün zibil qutularının qoyulması və s. bağlı istəklərini qeyd ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Tahir Musayev çıxış edərək iştirakçıları salamlayıb, yeni ildə daha böyük uğur və nailiyyətlər qazanmalarını arzulayıb. Bildirib ki, 2018-ci il Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olmuşdur. Ölkə iqtisadiyyatının inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat lahiyələrinin reallaşdırılması davam etdirilmiş, əhalinin rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir. Prezident İlham Əliyevin müstəqil, düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunmuş, itkilər minimuma endirilmiş, ölkəmiz öz uğurlu inkişafını davam etdirmiş, dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı 2018-ci ildə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilmişdir.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirildiyini bildirən müavin son iki il yarım ərzində rayonda görülən işlərdən də söz açıb. "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsini, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son tamamlanma işləri aparılan Aqroparkı, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunu, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasını 2018-ci ilin uğuru kimi qiymətləndirib.

Rayonda iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan T.Musayev başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin çəkilməsini, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabriki görülən işlərin bariz nümunəsi kimi dəyərləndirib.

T.Musayev son illər Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Hazırda şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edərək bu gün rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı kəndlərinin hər birində 1 bağçanın da təmir olunmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edib ki, bu gün rayon üzrə 14 yaşayış məntəqəsində bağça yoxdur ki, həmin kəndlərdən biri də Yuxarı Salahlı kəndidir. Digər kəndlərdə olduğu kimi, bu kənddə də bağçanın olması üçün lazımi tədbirlərin görülməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını bildirib.

Sakinlər tərəfindən qaldırılan digər məsələlər barədə fikirlərini bildirən müavin hər bir məsələyə diqqətlə baxılacağını bildirib. 2019-cu ildə respublikamızda, eləcə də rayonumuzda daha böyük beynəlxalq layihələrin, iqtisadiyyat və kənd təsərrüfatı ilə bağlı dövlət proqramlarının həyata keçiriləcəyini qeyd edib.












GOYEZEN.AZ


Geri qayıt