Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda sərgi iştirakçıları ilə görüş keçirilib

Qazaxda sərgi iştirakçıları ilə görüş keçirilib


4-12-2018, 22:11


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən təhsil, mədəniyyət sahələrinə xüsusi diqqət ayırır, istər müəllimlərə, istər şagirdlərə, istərsə də gənc rəssamlara, yeniyetmələrə qayğı ilə yanaşır.

Bu gün rayon rəhbərinin gənc rəssam Akif Əmirovun təşəbbüsü və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş "Ekoloji problemlərin həlli yolları” adlı sərginin iştirakçıları ilə görüş keçirməsi bu qayğının ən bariz nümunəsidir.

İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək sərginin yüksək səviyyədə təşkil olunmasına görə əməyi keçən bütün müəllimlərə, dərnək üzvlərinə minnətdarlığını bildirib və səmimi qəlbdən təbrik edib.


Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını bildirən icra başçısı bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, rayonumuzda bütün sahələrlə yanaşı, təhsil və mədəniyyət sahələri də ildən-ilə inkişaf edərək daha böyük bəhrə verir. Bunu istər təhsil, istərsə də mədəniyyət sahəsində əldə etdiyimiz uğurlardan, qazandığımız nailiyyətlərdən də aydın şəkildə görmək olar. Bu yaxınlarda "Ölkəmizi tanıyaq” layihəsində qazaxlı məktəblilərin Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı bilik yarışmasından qalib kimi qayıtması bunu bir daha sübut etdi. 9 rayon arasında keçirilən bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirən məktəblilərin bu qələbəsini yüksək qiymətləndirən rayon rəhbəri təhsilə olan qayğının təzahürü olduğunu çatdırıb. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandasının 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülməsini, bundan əlavə, məktəblilərin "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasından da qalib kimi dönmələrini təhsil sahəsinə göstərilən qayğının, diqqətin öz bəhrəsini verdiyini qeyd edib. Bildirib ki, bu qələbənin qazanılmasında noyabr ayının 10-da Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ”Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş turun da böyük əhəmiyyəti oldu.


Rayon rəhbəri qazanılan bu uğuru dövlət başçısı İlham Əliyevin Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı 3 noyabr 2018-ci il tarxli Sərəncamına əsl töhfə olduğunu bildirib. İcra başçısı qeyd edib ki, bu qələbə bir daha onu sübut etdi ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlıbilikli gənclərimizin sayı gündən-günə artır. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması da bütün bu dediklərimizin əyani sübutudur.

İcra başçısı bildirib ki, bu gün respublikamızda, eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsi təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. Rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bu qayğının əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, növbəti tədris ilində rayonda daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib.


İcra başçısı rayonumuzda keçirilən mədəni-kütləvi tədbirlərdən söz açaraq qeyd edib ki, bu cür yüksək səviyyəli tədbirlərin keçirilməsində əsas məqsəd Qazaxı olduğu kimi tanıtmaq, hər zaman bütün sahələrdə öndə dayandığını bir daha nümayiş etdirməkdir. Ən əsası da mədəniyyətimizin bir qolu olan rəssamlıq sahəsinə xüsusi qayğı ilə yanaşmaq, bu sənətlə məşğul olan insanların, xüsusilə də gənclərin bu sahəyə olan marağını artırmaq, istedadlarını inkişaf etdirmək və bunun üçün onlara hərtərəfli dəstək olmaqdır. Bu dəstəyin nəticəsidir ki, bu gün Qazaxda yüksək səviyyəli sərgilər keçirilir, tədbirlər təşkil olunur. Ötən həftə Qazax Dövlət Rəsm Qalereyasında gənc rəssam Akif Əmirovun təşəbbüsü və Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Ekoloji problemlərin həlli yolları” adlı təşkil olunmuş sərgi və orada nümayiş olunan əl işləri, rəsm əsərləri bunu bir daha sübut etdi ki, gənc və yeniyetmələrimizə olan qayğı öz bəhrəsini verir. Onlar öz yaradıcılıqları ilə töhfə verməyə çalışırlar.

Rayon rəhbəri bildirib ki, bu gün bu gözəl balaları qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.

Gənc rəssam Akif Əmirov çıxış edərək bildirib ki, Qazaxda təşkil olunan bütün sərgilərin yüksək səviyyədə təşkil olunmasında rayon rəhbəri olaraq Sizin dəstəyiniz olduqca böyükdür. Ona görə də biz gənc rəssamlar, eləcə də yeniyetmələr, məktəblilər, ən əsası da mərkəzin kollektivi çalışırıq ki, rayonumuzun adını bundan sonra da layiqincə təmsil edək. Gənc rəssam onlara göstərilən diqqətə, qayğıya və sərgidə iştirak etdiyinə görə öz adından və mərkəzin dərnək üzvləri adından Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bir daha dərin minnətdarlığını bildirib.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək bildirib ki, sərgini təşkil etməkdə əsas məqsədimiz məktəblilərin ekoloji sahəyə maraqlarını artırmaqla yanaşı, onların qabiliyyətlərini və yaradıcılıqlarını üzə çıxarmaq, uşaqlara mənəvi dəstək olmaq idi. Bundan başqa, dərnək üzvlərinin əl işlərinin və rəsmlərinin bir çox müsabiqələrdə də nümayiş olunduğunu və müvafiq yerlər tutduğunu da çatdırıb.

G.Rəhimova onlarla keçirilən bugünkü görüşün istər dərnək rəhbərlərinin, istərsə uşaqların həyatlarında böyük əhəmiyyət daşıdığını qeyd edib, ən əsası da onların əməyinə verilən böyük qiymət olduğunu bildirib. Bu diqqətin onların üzərinə daha böyük məsuliyyət qoyduğunu qeyd edən mərkəzin direktoru göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra daha da səylə çalışacaqlarını vurğulayıb. İstər təhsil, istərsə də mədəniyyət sahəsinə dövlət səviyyəsində göstərilə diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, onlara göstərilən bu səmimi münasibətə və qayğıya görə rayon rəhbərliyinə kollektivi və öz adından dərin minnətdarlığını bildirib.

Sonda "Ekoloji problemlərin həlli yolları” adlı sərgidə fəal iştiraklarına görə Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova və gənc rəssam Akif Əmirov Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təltif ediliblər. Mərkəzin direktor müavini Afaq Həsənovaya, mərkəzdə təşkilatçı müəllim Rima Xanbabayevaya, operator Şəlalə Həsənovaya, dərnək rəhbərlərindən – Nüşabə Hacıyevaya, Xədicə Kazımovaya, Pərvanə Həsənovaya, Kəmalə Mehtiyevaya Təşəkkür elan olunub və gül dəstəsi təqdim olunub.

Mərkəzin kollektivi də öz növbəsində sərgidə rayon rəhbərinin iştirakını əks etdirən fotoşəkillərdən ibarət albom hədiyyə ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq sərginin yüksək səviyyədə keçməsi münasibətilə mərkəzin kollektivini bir daha səmimi qəlbdən təbrik edib, bundan sonrakı fəaliyyətlərində daha böyük nailiyyətlər qazanmalarını arzu edib.
















GOYEZEN.AZ


Geri qayıt