Əsas Səhifə > Manşet / Sosial > 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurma işləri uğurla davam etdirilir

6 saylı körpələr evi-uşaq bağçasında əsaslı yenidənqurma işləri uğurla davam etdirilir


26-11-2018, 16:27


"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Heydər Əliyev

Bəli, ulu öndərin körpələrimiz haqqında söylədiyi bu dəyərli fikirlər uşaqlarımıza olan diqqət, qayğı ilə yanaşı, Azərbaycanın bu gününə, sabahına, bütövlükdə, gələcəyinə olan qayğı deməkdir. Sevindirici haldır ki, uşaqlara bütün sahələrdə göstərilən qayğı bir amala, bir məqsədə ünvanlanıb - cəmiyyət üçün layiqli, faydalı insan böyütməyə. Ulu öndərin uşaqlarımıza olan qayğısı, uşaqlarla bağlı siyasəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin, dövlət başçısının uşaqlara göstərdiyi diqqət və qayğı göz qabağındadır. Bunu uşaqların sağlam böyümələri, hərtərəfli inkişaf etmələri üçün ölkə başçısı tərəfindən imzalanan mühüm qərar və sərəncamlardan, Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evlərinin, bağçaların inşa olunmasından aydın şəkildə görmək olar.

Bu gün sevindirici haldır ki, Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin siyahısında bağçaların tikilməsinə və yaxud da əsaslı şəkildə yenidən qurulmasına da rast gəlinir. Tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli Sərəncamı Qazaxda olduğu kimi icra olunur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk andan daim diqqət mərkəzində saxladığı sahələrdən biri də məhz gələcəyimiz olan körpələrimizdir. Rayon rəhbəri ilk gündən uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları istiqamətində məqsədyönlü işlər görür.

Son iki il yarım ərzində icra başçısının yeni uşaq bağçalarının tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində həyata keçirdiyi həmin işlərin nəticəsidir ki, bu gün Qazax rayonunda olan 25 bağçadan 16-sı müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Rayonda olan həmin təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, eyni zamanda, ötən ay istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu istiqamətdə görülən işlərin əyani sübutudur.

Tələbata cavab verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də uğurla həyata keçirilir.

Şəhərdə yerləşən və yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 3 aydan artıqdır ki, bununla bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı şəkildə yenidən qurulan 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanış olub.

İş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü, xarici fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə beton tökülməsi, tavanlara alçipanların, divarlara alt hissənin və ikinci qat üzlüyün vurulması işləri tam başa çatıb. Bundan başqa, otaqlara qapı və pəncərələr qoyulub. İstilik sisteminin və elektrik xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir.

İş icraçısı qeyd edib ki, binanın daxilində və həyətində tikinti işləri paralel şəkildə aparılır. Həyətə tamet döşənməsi üçün alt hissənin işləri görülüb və hazırda tamet döşənməsi davam edir. Bundan əlavə, bağçanın kənarına hasar çəkilməsi işi başa çatıb, suvaq vurulur.

Binanın xarici fasadında isə rənglənmə işlərinə başlanılıb. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı tikilir ki, burada da əsas işlər görülüb. Hörgü və suvaq işi başa çatıb, qapı və pəncərə qoyulub, tavana alçipan vurulub, döşəməyə tamet döşənib. Hazırda otaqda üzlük vurulması işi aparılır ki, o da başa çatmaq üzrədir.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib, bəzi tapşırıq və tövsiyələrini verib.























GOYEZEN.AZ



Geri qayıt