Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda tütün yığımı davam edir

Qazaxda tütün yığımı davam edir


28-09-2018, 19:57


Bu gün ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər bütün bölgələrimizdə uğurla davam etdirilir. Əlverişli torpaq-iqlim şəraitinin və mövcud işçi qüvvəsinin olması ənənəvi kənd təsərrüfatı sahəsi olan tütünçülüyün inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 2017-ci il 10 avqust tarixli, 3163 nömrəli Sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Prqoramı”nın təsdiq olunması tütünçülüyün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Sevindirici haldır ki, qəbul edilmiş həmin dövlət proqramına uyğun olaraq respublikamızın bütün bölgələrində tütünçülüyün inkişafına dövlət dəstəyi güclənmiş, rəqabət qabiliyyəti yüksəlmiş və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifah halı daha da yaxşılaşmışdır.

Qazaxda da ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə böyük maraq göstərilir. Son 2 ildə rayonda tütünçülüyün inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər bunu söyləməyə əsas verir. Məhz bu tədbirlərin nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini daha 10 hektar da artıraraq 60 hektara çatdırdılar.

Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir.

Rayon rəhbərliyi tez-tez tütünçülüklə məşğul olan fermerlərin yanında olur, onların arzu və istəklərini dinləməklə yanaşı, problemlərinin həllinə də yaxından kömək göstərir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün də Kosalar kəndində olub. Tütün sahələrini gəzərək mövcud vəziyyətlə tanış olduqdan sonra yığımda çalışan kənd sakinləri ilə görüşüb. Tütünçülərlə səmimi söhbət zamanı fermerlər rayon rəhbərliyinə görülən işlər haqqında məlumat verərək bildiriblər ki, bu günədək 149 ton yaş tütün tədarük edilib. 7 tondan çox məhsul "İlham-M” MMC-yə təhvil verilib. Qeyd ediblər ki, hazırda tütün dərimi sürətlə davam edir. Dərimin vaxtında və itkisiz başa çatdırılması üçün əlverişli keçən hava şəraitindən maksimum dərəcədə istifadə etməyə çalışırlar. Yığılmış tütün xüsusi talvarlar altında ipə düzülərək qurudulur.

Tütünçülər respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına görə ölkə başçısına, mütəmadi olaraq göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.













GOYEZEN.AZ


Geri qayıt