Əsas Səhifə > Manşet / Rəsmi > Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı

Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı


21-09-2018, 14:20


"Ulu öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. Bu müqavilə müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir”.

GOYEZEN.AZ yap.org.az-a istinadən bildirir ki, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə deyib.

K.Nəbizadə bildirib ki, "Əsrin müqaviləsi” imzalandıqdan sonra növbəti mərhələdəki işlər uğurla davam etdirildi. "Əsrin müqaviləsi”nin ardından 1996-cı ildə artıq "Şahdəniz” yatağı üzrə müqavilə imzalandı. 1997-ci ildə "Çıraq” platformasından ilk neft çıxarıldı. 1998-ci ildə Bakı - Novorossiysk neft kəməri bərpa olundu və neftimiz Qara dəniz vasitəsilə ixrac edilməyə başladı. 1999-cu ildə Bakı-Supsa neft kəməri, 2002-ci ildə isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu və 4 ildən sonra istismara verildi. Bundan sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri də istifadəyə verildi.

"Hazırda Şahdəniz-1 və Şahdəniz-2-dən çıxarılan qazın xarici bazarlara çatdırılması nəzərdə tutulur. Bunların hamısı ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticələri və bəhrələridir. Bu uğurlu strategiya nəticəsində nəinki neft sənayesini əhatə edən sahələr dirçəldi, həm də bütün iqtisadiyyatımız inkişaf etdi. Bu baxımdan, neft sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafına da ciddi təsir göstərdi. "Əsrin müqaviləsi”nin imzalanmasının ən böyük nailiyyəti bu oldu ki, biz ictimai-siyasi sabitliyə nail olduq, iqtisadi inkişaf başladı, eyni zamanda, iqtisadi təhlükəsizlik yarandı ki, Azərbaycan bunun sayəsində nəinki neft sənayesində, qeyri-neft sektorunda da sərmayəçilər üçün əlverişli və cəlbedici ölkəyə çevrildi. Bu, çox mühüm faktdır. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan regionda ən güclü və həlledici ölkədir. Bizimlə hesablaşırlar, mövqeyimizi qəbul edirlər. Enerji və neft ehtiyatları və onları nəql edən kəmərlər qorunmalıdır. Onların qorunması dünyanın, o cümlədən Avropanın təhlükəsizliyinin və sabitliyinin qorunmasına gətirib çıxarır. Ona görə də enerji təhlükəsizliyi ön planda olmalıdır. Azərbaycan da Avropanın enerji təhlükəsizliyini təmin edən ən önəmli ölkələrdən biridir” - deyə K.Nəbizadə vurğulayıb.


Geri qayıt