Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kartof sahələrində təsərrüfat adamları ilə görüşüb

İcra başçısı kartof sahələrində təsərrüfat adamları ilə görüşüb


26-08-2018, 16:44


Bu gün mətbəximizdə ən çox istifadə etdiyimiz ərzaq məhsullarından biri kartofdur. Hazırda strateji məhsul sayılan kartof çörəkdən sonra ən çox ehtiyac duyulan qida növüdür. Kartofçuluğun inkişafına respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da fermerlər tərəfindən böyük maraq vardır. Bunu hər il rayonda kartof sahələrinin genişləndirilməsindən də aydın şəkildə görmək olar.

Bu il də Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görülüb. Təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Ötən il 809,1 hektarda kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur.

Hazırda rayonda təsərrüfatın məhsuladar dövrüdür. El arasında "ikinci çörək” sayılan və dəyərli ərzaq məhsulu kimi bitkiçilikdə mühüm yer tutan kartof yığımı uğurla davam edir. Fermerlər çəkdikləri əziyyətin bəhrəsini götürməklə məşğuldurlar.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun Birinci və İkinci Şıxlı, Cəfərli kəndlərində kartof əkilmiş sahələrdə olub, burada çalışan sadə kəndlilərlə görüşüb. Əkilmiş kartofun məhsuldarlığı və keyfiyyəti ilə maraqlanıb.

Sakinlərlə səmimi söhbət aparan rayon rəhbərinə məlumat verilib ki, hazırda kartof sahələrində qızğın iş gedir və sahələrdən bol məhsul toplanır.  

"Gələcəkdə kartof sahələrini daha da genişləndirəcəyik” - deyən fermerlər Prezident İlham Əliyevin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin yeni iş yerlərinin yaradılması, ixracın artırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin reallaşdırılması üçün böyük səylə çalışdıqlarını bildiriblər.

Qeyd ediblər ki, bu gün dövlət tərəfindən sadə kəndlilərə verilən dəstək, göstərilən diqqət və qayğı bizdə böyük ruh yüksəkliyi yaradır. Daha çox məhsul istehsal etməyə sövq edir. Gündəlik sahədə çalışan hər bir kənd sakini ay ərzində təxminən 300-400 manat əmək haqqı alır. Bir ailədən 2-3 nəfərin çalışdığını nəzərə aldıqda isə bu rəqəm 900-1000 manat təşkil edir. Bütün bunlar isə əhalinin məşğulluğunun təmin olunması və maddi rifah halının yaxşılaşdırılması deməkdir.

Rayon rəhbərinin bugünkü görüşünü yüksək qiymətləndirən sakinlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Qazaxda kənd təsərrüfatının inkişafı üçün bundan sonra da var qüvvələri ilə çalışacaqlarını qeyd ediblər.

Birinci Şıxlı kəndində əkilmiş kartof sahəsi









İkinci Şıxlı kəndində əkilmiş kartof sahəsi









 

Cəfərli kəndində əkilmiş kartof sahəsi









GOYEZEN.AZ


Geri qayıt