Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında bir isti münasibət, bir doğmalıq yaranıb. Təsadüfi deyildir ki, bu gün sərhəddə yaşayan sakinlər İcra Başçısı Rəcəb Babaşovu öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki o, mütəmadi olaraq sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də sərhəddə yerləşən Kəmərli kəndidir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə yanaşır.
İcra Başçısı bu gün növbəti dəfə Kəmərli kəndində olub, sakinlərlə görüş keçirərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, sizinlə belə səyyar görüşlər keçirməyimizin əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da ön plana çəkilir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman sərhəddə, eləcə də başqa kəndlərimizdə yaşayan rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bunu rəsmi qəbul günündən başqa keçirilən fərdi qəbullardan, belə səyyar görüşlərdən də yaxşı bilirsiniz.
Ölkə Başçısının apardığı quruculuq siyasətinin son 2 il ərzində Qazaxda olduğu kimi həyata keçirildiyini qeyd edən rayon rəhbəri bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, istifadəyə verilən sosial obyektlərdən, yeni iş yerlərinin yaradılmasından danışıb.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə davam etdirilir.
"Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri görülür.