Əsas Səhifə > Manşet / Mədəniyyət > Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib
Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilibBu gün, 18:51 |
|
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günükimi təntənəli şəkildə qeyd edilir. Ölkə Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir. Noyabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Qazax Dövlət Rəsm Qalereyasında keçirilən sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, qazilər, Qalereyanın əməkdaşları, dərnək üzvləri, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər. Tarixi Qələbəmizi özündə əks etdirən şanlı günə həsr olunmuş sərgidə ümumilikdə, 30 rəsm sərgilənib. Sərgi iştirakçıları əvvəlcə gənclərin rəsmləri ilə tanış olublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli ehtiyatda olan kapitan Samir Çobanov sərgi iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini səsləndirib. S.Çobanov 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun əsl qəhrəmanlıq dastanı yazdığını, xalqımızın 30 illik yurd həsrətinə son qoyulduğunu qeyd edib. Xalqımıza tarixi Qələbə bəxş edən şəhidlərimizi, qazilərimizi yad etməyin, Zəfərimizi gələcək nəsillərə çatdırmağın hər kəsin ən ümdə borcu olduğunu vurğulayıb. Qalereya əməkdaşlarının, dərnək üzvlərinin hər zaman bu amalı əldə rəhbər tutaraq öz töhfələrini verdiklərini, Qalereyada tədbirlər keçirildiyini, dərnək üzvlərinin öz rəsmlərində, əl işlərində Zəfərimizi əks etdirdiklərini qeyd edib. Bugünkü sərginin də həmin silsilə tədbirlərin davamı olduğunu söyləyib.
“Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, 2-ci dərəcəli Vətən müharibəsi əlili, ehtiyatda olan mayor Əliyev Xəyyam Şadət oğlu çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını səsləndirib. X.Əliyev 8 noyabr tarixinin xalqımız üçün unudulmaz, hərb tariximizin şanlı səhifəsinin yazıldığı bir gün olduğunu vurğulayıb. Əldə etdiyimiz şanlı Zəfərə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətənə fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Qazi X.Əliyev sərginin təşkilində əməyi keçən insanlara razılığını ifadə edərək bu cür tədbirlər keçirildiyi müddətcə igid Vətən oğullarının heç zaman unudulmayacağını bildirib. Qazi ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdikləri qayğını rayon rəhbərliyinin timsalında hər an hiss etdiklərini, daim bir qazi olaraq hörmət və ehtiram göstərildiyini vurğulayıb. Sonda xatirə şəkli çəkdirilib.
Geri qayıt |