Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib

Qazaxda “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib


Bu gün, 14:55


Avqustun 18-də 2025-ci il ”Konstitusiya və Suverenlik İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan diplomatiyasının tarixi qələbəsi” mövzusunda konfrans keçirilib. 


Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ataları, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.


Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqton səfərini özündə əks etdirən görüntülərdən ibarət videoçarx nümayiş etdirilib. 


Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb. C.Hüseynova bildirib ki, İkinci Qarabağ müharibəsindəki böyük Zəfərdən sonra  Cənubi Qafqazda yaranan reallıqları məharətlə dəyərləndirən İlham Əliyev irəli sürdüyü qlobal təşəbbüslərlə, həyata keçirdiyi mütərəqqi islahatlarla Azərbaycanın gələcək uğurlarının konturlarını müəyyənləşdirir. Dünyanın geosiyasi və geoiqtisadi gündəmini düzgün qiymətləndirən ən islahatçı Prezident verdiyi bütün sözlərə, vədlərə daim sadiqliyi ilə Azərbaycana dünyada ən etibarlı tərəfdaş statusunu qazandıraraq nüfuzunu yüksəldib, Azərbaycan istər beynəlxalq təşkilatlar, forumlar, istər də ayrı-ayrı ölkələr səviyyəsində inanılmış və güvənli bir tərəfdaş kimi qəbul edilib. Bütün bunlar İlham Əliyev diplomatiyasının bariz təcəssümüdür. Bu diplomatiya Azərbaycanın nüfuzunu getdikcə daha da gücləndirir. Sülh sazişinin imzalanması üçün mütərəqqi addımlar ilə məğlub ölkəyə xoşniyyətli təkliflərini irəli sürür. İlham Əliyev bütün hədəflərinə nail olur. ABŞ kimi böyük bir dövlətlə münasibətlərin yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi Azərbaycanın gələcək inkişafı üçün vacibdir. Bu, ölkəmizi bir daha dünyaya tanıtdırmaq, Prezident  İlham Əliyevin diplomatik gedişlərini, uğurlarını sübut etmək baxımından dəyərlidir. Azərbaycanın dünya miqyasında reputasiyası güclənib. Prezident İlham Əliyevin müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional liderə - bölgədə güc mərkəzinə, dünya siyasətində nüfuzlu milli subyektə çevrilməsinə səbəb olub. Azərbaycanın təşəbbüsü və liderliyi ilə mühüm layihələrin reallaşdırılması, ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq platformalarının yaradılması ölkəmizə mühüm iqtisadi mənfəət və siyasi dividendlər qazandırıb. Respublikamızın həmçinin beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və sədrlik etməsi Azərbaycana, şəxsən cənab İlham Əliyevə olan böyük inam və etimadın ifadəsi, dövlətimizin geostrateji əhəmiyyətinin göstəricisidir. Bu gün ölkəmiz həm müstəqil siyasət yürüdən regional güc mərkəzi, həm nüfuzlu və etibarlı tərəfdaş, həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır, beynəlxalq təşkilatlara rəhbərlik, mötəbər tədbirlərə isə ev sahibliyi edir. Prezident İlham Əliyevin səmərəli fəaliyyəti və yüksək təşəbbüskarlığı sayəsində Azərbaycan ötən müddət ərzində bəşəriyyət üçün taleyüklü məsələlərin həllində mühüm rol oynayıb, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verib. Danılmaz faktdır ki, döyüş meydanında əldə edilən qələbə siyasi meydanda təsdiqləndi. 


Gələcək nəsillərimiz bu yaşadığımız tarixi kitablardan oxuyacaq, fərəhlənib fəxr edəcəklər, biz isə bu qürurlu tarixin şahidləri olduq. Prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə Azərbaycanın haqq işini bütün mötəbər tribunalardan müdafiə edib həyata keçirdiyi faktiki hərbi siyasəti ilə milli maraqlarımızı qətiyyətlə təmin edib, Qarabağ Zəfəri ilə regionda yeni reallıqlar yaradan ölkəmizin nüfuzu Cənubi Qafqaz sərhədlərini çoxdan aşıb, dünya arenasına çıxıb. Bu gün Azərbaycan qlobal güc mərkəzi kimi qəbul edilir və dünya nəhəngi, ABŞ- nın ölkəmizə yüksək etimadı da bundan xəbər verir. 2018-ci ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, qüdrətli, söz, nüfuz sahibi olan Azərbaycan reallığı Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Əsrə bərabər inkişaf və Zəfər yolu isə Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni strateji nailiyyətlərə və zirvələrə doğru aparır.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Ulu Öndər  Heydər Əliyevin səsləndirdiyi "Azərbaycan dövləti indiyə qədər olduğu kimi bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır. İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır" dəyərli sözlərinin bu gün reallığa çevrildiyini bildirib. Rayon rəhbəri vurğulayıb ki, biz qürurla deyə bilirik ki, bu gün Azərbaycan Respublikası cənab Prezidentin rəhbərliyi altında tarixində ən güclü dövrlərindən birini yaşayır. Təkcə hərbi sahə deyil, diplomatik müstəvidə də əldə olunan naliyyətlər ölkəmizi regionun lider dövləti, beynəlxalq münasibətlər sistemində isə etibarlı tərəfdaş kimi tanıdır. İcra başçısı qeyd edib ki, bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti Trampın dəvəti ilə avqust ayının 8-də Amerikada işgüzar səfərdə oldu. Bu səfər Azərbaycan və Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Belə ki, səfər çərçivəsində iki dövlət arasında münasibətlərdə yeni səhifə açıldı, eyni zamanda Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və iqtisadi inkişaf baxımından dönüş nöqtəsi oldu. Cənab Prezidentin  işgüzar səfəri zamanı baş tutan görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar ölkəmizin xarici siyasət kursunun uğurlu və məqsədyönlü şəkildə həyata keçirildiyini bir daha təsdiqlədi. Səfər həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar oldu. Belə ki, Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirildi və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalandı. Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq etdi. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir. Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bir bənddir. Belə ki, sənəddə Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun həyata keçiriləcəyi təsbit olundu. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanır. Bu layihə təkcə Azərbaycan üçün deyil, həm də regionun bütün ölkələri üçün yeni ticarət, enerji və nəqliyyat imkanları yaradacaqdır. Səfərin əsas mərhələlərindən biri də Ağ Evdə Prezident İlham Əliyevlə ABŞ Prezidenti Donald Trump arasında keçirilən yüksək səviyyəli görüş idi. Görüşün nəticəsi olaraq, Azərbaycan-ABŞ münasibətləri rəsmi şəkildə strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı. Uzun illər əməkdaşlıq imkanlarını məhdudlaşdıran “Section 907” məhdudiyyətlərinin tamamilə ləğvi isə bu səfərin ən mühüm siyasi nailiyyətlərindən biri oldu. Bu qərar hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqdan enerji, texnologiya, təhsil və ticarət əlaqələrinə qədər geniş bir spektrdə yeni imkanların qarşısını açdı. Əlavə olaraq, tərəflər Strateji İşçi Qrupunun yaradılması barədə razılığa gələrək bütün əməkdaşlıq istiqamətlərinin koordinasiyalı və davamlı şəkildə aparılmasına zəmin yaratdılar. Prezident İlham Əliyevin Ağ Evdə mətbuata verdiyi bəyanat həm diplomatik, həm də siyasi baxımdan xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısı çıxışında Azərbaycanın sülhsevər xarici siyasətini, müstəqilliyini qorumaq və milli maraqlarını təmin etmək istiqamətində atdığı addımları vurğuladı. “Biz yeni bir tarix yazırıq” sözləri ilə Prezident bu səfərin yalnız bugünkü nəticələr üçün deyil, gələcək nəsillərin təhlükəsizliyi və rifahı üçün də strateji əhəmiyyət daşıdığını bildirdi. O, həmçinin Azərbaycanın beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş imicinin möhkəmləndirilməsinin önəmini qeyd etdi. Səfərin nəticələri ABŞ, Avropa və dünya mediasında geniş işıqlandırıldı. Beynəlxalq mətbuat bu hadisəni “Cənubi Qafqazda yeni geosiyasi balansın yaranması” kimi qiymətləndirdi. ABŞ-ın aparıcı analitik mərkəzləri Azərbaycanın regional liderliyini və diplomatik məharətini xüsusi vurğuladı. Avropa İttifaqı rəsmiləri isə imzalanan Sülh Bəyannaməsini “uzunmüddətli sabitliyə aparan mühüm addım” adlandırdılar. Bununla yanaşı, iqtisadi dairələr də səfərin nəticələrini müsbət qarşıladı. ABŞ şirkətləri ilə enerji, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində bir sıra niyyət protokolları imzalandı. Azərbaycan tərəfi isə yeni investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli hüquqi və iqtisadi şərait yaradılacağını bəyan etdi. Bu addımlar, yaxın illərdə ikitərəfli ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artacağına işarə edir. Nəticə etibarilə 7-8 avqust 2025-ci il tarixlərində baş tutan ABŞ səfəri və Ağ Evdəki tarixi bəyanat – Azərbaycan diplomatiyasının yeni mərhələsi, tarixi qələbəsi və uğuru oldu. Prezident İlham Əliyevin Ağ Evdəki tarixi çıxışı, strateji sənədlərin imzalanması və sülh prosesinə verilən töhfə ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi. Bu səfər göstərdi ki, Azərbaycan təkcə regionun deyil, həm də beynəlxalq siyasətin fəal və etibarlı oyunçusudur. Qarşıdakı illərdə bu strateji əməkdaşlığın daha da dərinləşməsi həm ikitərəfli münasibətləri, həm də regional sabitliyi möhkəmləndirəcək!. Bu tarixi qələbə Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə kimi əbədi yadda qalacaqdır. Rayon rəhbəri çıxışının sonunda Ulu Öndər Heydər Əliyevin ruhunu şad edən və onun vəsiyyətini fədakarlıqla yerinə yetirən, dünyada heç bir siyasi liderin bacara bilmədiyini bacaran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Qazax ictimaiyyəti adından bir daha bu siyası qələbəmiz münasibətilə ürəkdən təbrik edib, xalqımız üçün taleyüklü ali dövlət fəaliyyətində yeni-yeni zirvələr və tarixi nailiyyətlər arzulayıb. Prezidentin hər bir uğurunun xalqımızın uğuru, hər bir qələbəsinin dövlətimizin gücünün təntənəsi olduğunu söyləyib.


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Vaşinqton səfərinin əhəmiyyəti haqqında danışıb. Millət vəkili Səməd Seyidov avqustun 8-də Vaşinqtonda Azərbaycan dövlətinin qazandığı tarixi qələbənin, nailiyyətin kökündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti ilə yanaşı, Vətən yolunda canlarından keçən oğullarımızın qanının, sağlamlığını itirən qazilərimizin canının, sağlamlığının dayandığını vurğulayaraq tədbirdə iştirak edən şəhid atalarına razılığını ifadə edib. Millət vəkili Vaşinqtonda qazandığımız qələbəyə gedən yolun memarının Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin olduğunu vurğulayb. Millət vəkili söyləyib ki, bu səfər Azərbaycanın xarici diplomatiyasında tarixi əhəmiyyət daşıyan böyük bir uğurdur və bu diplomatik qələbə qalib xalqın ürəkdən sevincinə səbəb oldu. Çünki bu günün tarixi əhəmiyəti həm də ondan ibarətdir ki, xalqımızın Vətən müharibəsindəki möhtəşəm Zəfərinin məntiqi davamı, sülh və barışığın təcəssümüdür. Eyni zamanda görüş çərçivəsində Donald Tramp tərəfindən “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Sərəncamın imzalanması da ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanmışdır.  Bir qürurverici məqam da Prezident Donald Trampın Azərbaycan Prezidentinin liderlik keyfiyyətləri haqqında “Siz böyük lidersiniz. Siz gözəl danışıq aparırsınız... Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm” deyərək Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim etməsi oldu. Bu hadisə yüksək etimadın və dostluğun ifadəsi, dövlət başçımızın addım-addım həyata keçirdiyi diplomatik fəaliyyətin uğurlu nəticəsi idi. Böyük fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir və qürur doğuran diplomatik uğurlardır. Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirdi.  Biz xalq olaraq fəxr edirik ki, Azərbaycan Prezidentinin Vaşinqton  səfəri çərçivəsində Azərbaycanla ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir və qürur doğuran diplomatik uğurlardır. Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirdi, beynəlxalq diplomatiyada ölkəmizə yeni etibar və mövqe qazandırdı. Dövlət başçısı İlham Əliyevin bu diplomatik uğuru təkcə məğlub Ermənistanı deyil, onun havadarlarına da növbəti zərbə oldu. Bu diplomatik uğurları ilə Prezident İlham Əliyev bütün dünyaya bəyan etdi ki, o, təkcə Cənubi Qafqazda iki yüz ildən artıq davam edən erməni vandalizminə son qoyulmasının yox, həm 44 günlük Vətən müharibəsinin qalibi, həm də böyük sülhün müəllifidir. 


YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək müasir, müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən danışıb. O,  bildirib ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malik olmaqla regionun ən güclü və suveren ölkəsinə çevrilib. Azərbaycan Cənubi Qafqazın yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl addımlar atır. Ölkəmizin uğurlarının təməlində Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi,  müdrikliyi və  Prezident İlham Əliyevin uğurlu diplomatiyası dayanır. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq arenada ardıcıl nailiyyətləri, dünya ölkələri ilə əməkdaşlıq əlaqələrinin daha da güclənməsi Prezident İlham Əliyevə göstərilən böyük hörmət və etimadın təzahürüdür. Ölkə başçısının  avqustun 8-də Vaşinqton səfəri zamanı yazılan tarix Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun təqdimatı oldu. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurları davamlılığı ilə diqqətdədir. Digər tərəfdən xarici siyasətimizin dəyişməz prinsipləri Azərbaycanın ənənəvi tərəfdaşları ilə əlaqələrini daha da möhkəmləndirməsində, həmçinin yeni körpülər qurmasında əhəmiyyətli rol oynayır. Bu gün Azərbaycan-ABŞ münasibətlərində açılan yeni səhifə özündə mühüm məqamları birləşdirməklə yanaşı, bugünkü və gələcək dövrün çağırışlarını açıqlayır. Bu tarixi səfər dövlət başçısının diplomatiyada qazandığı böyük qələbə olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin, milli birliyinin və müstəqilliyinin rəmzidir. 8 avqust tarixi Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Son zamanlar Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni, strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirib. Cənab İlham Əliyevin səfəri də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilir.


Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək bildirib ki, Azərbaycan diplomatiyasının qısa zaman ərzində beynəlxalq səviyyədə əldə etdiyi uğurlar müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycan bütün istiqamətlərdə fəallığı ilə seçilir, müstəqil xarici siyasət yürüdərək özünü regionun ən güclü və qalib dövləti kimi təsdiqləyir. Bu illər ərzində ölkə rəhbərliyi tərəfindən tədbirlər həyata keçirlib, sabitlik və tərəqqinin təmin edilməsi,  qorunub saxlanması istiqamətində mühüm işlər görülüb. Artıq Azərbaycan və ABŞ münasibətləri yeni bir mərhələyə qədəm qoyub. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması üçün addımlar atılır. Dövlət başçıları arasında olan səmimi münasibətlər Azərbaycan-ABŞ əməkdaşlığında yeni səhifə açaraq, qarşılıqlı anlaşma  və strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. 


Qazax Tarix -Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanla Ermənistan arasında normallaşma prossesi ilə bağlı əldə edilən razılaşmalar böyük əhəmiyyətə malikdir. Bu görüş sülh istiqamətində atılan qətiyyətli addım kimi dəyərləndirilir. Artıq sülh müqaviləsinin imzalanması labüddür. Vətən müharibəsindən sonra Azərbaycan bütün vasitələrlə Ermənistanı sülh müqaviləsini imzalamağa dəvət etdi. Lakin Ermənistan havadarlarının yalan vədlərinə aldanaraq yenə də təxribatlar törətməyə cəhd edirdi. ABŞ görüşü bir daha təsdiqlədi ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycanın təkliflərini qəbul etməkdir. Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa məhkumdur. Məhz Prezident İlham Əliyevin qətiyyətli siyasəti hərbi qələbəni hüquqi və diplomatik müstəvidə də rəsmiləşdirməyə imkan verdi. Cənubi Qafqazda əbədi sülhə gedən yolda atılan addım münasibətlərin normallaşmasında real imkanlar açır.


Qazax Dövlət Sosial-İqtisadi Kollecində Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Allahverdiyeva çıxış edərək bildirib ki, bu gün Azərbaycan dövləti yalnız regionun deyil, bütün dünyanın ən güclü dövlətlərindən biridir. İstər iqtisadi, istər siyasi, istərsə də uğurlu idarəçilik modelinin tətbiqində Azərbaycan fenomeni dünyada öz sözünü deməkdədir. 22 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlərin bariz nümunələrindən biri 2025-ci ilin 8 avqustunda ölkə başçımızın ABŞ-yə səfəri oldu. Səfər çərçivəsində əldə edilmiş uğurlar Cənubi Qafqazda 30 ildən çox gözlənilən sülh və əmin-amanlığı bərqərar etdi. Vaşinqtonda imzalanan Birgə Bəyannamə Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsi kimi yadda qalacaq. Sənəd Azərbaycanın hərbi qələbəsini diplomatik masada rəsmiləşdirir, ən əsası bölgədə uzunmüddətli sabitlik və təhlükəsizlik üçün strateji zəmin yaradır və bir daha sübut edir ki, Azərbaycan gücünü həm döyüş meydanında, həm də diplomatik masada göstərən qüdətli dövlətdir. Bu gün biz qalib, qüdrətli, sülhün carçısı Azərbaycanın vətəndaşlarıyıq və bununla qürur duyuruq.


Tədbirin sonunda partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm dövlətimizin və qalib liderimizin növbəti diplomatik uğuruna həsr etdiyi şeirini səsləndirib.

Sonda xatirə şəkli çəkdirilib.      


Geri qayıt