Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda arpa biçini başa çatıb

Qazaxda arpa biçini başa çatıb


8-07-2021, 14:13


Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Taxılçılıq əhalinin çörək və un məmulatına tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzindədir. Məhz bu məqsədlə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə taxılçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Ölkə rəhbərinin qayğısı sayəsində bu sahənin inkişafı ilə bağlı dövlət tərəfindən torpaq mülkiyyətçilərinə verilən əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsi istiqamətində atılan uğurlu addımlardır.
Dövlət başçısının taxılçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da olduğu kimi icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən göstərilən qayğını, hər cür dəstəyi hiss edən, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il bu sahəyə böyük maraq göstərirlər.
2021-ci ildə Qazaxda 10082,50 hektar sahədə taxıl əkilib ki, bunun da 5601 hektarı 
buğda, 4481,5 hektarı arpa sahəsidir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da arpa biçini uğurla başa çatıb. Sahələrdən 13896,2 ton məhsul biçilib. Hər hektardan orta məhsuldarlıq 31 sentner təşkil edib. 

Onu da qeyd edək ki, hazırda buğda biçini aparılır ki, yekunlaşmaq üzrədir.

GOYEZEN.AZ


Geri qayıt