Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda arpa biçininə başlanılıb

Qazaxda arpa biçininə başlanılıb


24-06-2020, 16:56


Son illər ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının əsasını təşkil edən taxılçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı dövlətimiz və ölkə rəhbəri tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, aparılan tədbirlər, yeni torpaq sahələrinin dövriyyəyə qatılması ölkədə taxılçılığın ilbəil genişlənməsinə səbəb olur.

Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da uğurla icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən diqqət və qayğı, hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.

2020-ci ildə 11395 hektarda taxıl əkilib ki, bunun da 6916 hektarı buğda, 4479 hektarı arpadır. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da arpa biçininə başlanılıb.  Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib.
Hazırda 4479 hektar arpa sahəsinin 262 hektarında biçin aparılıb. Qalan 4217 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.

GOYEZEN.AZ


Geri qayıt