Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda payızlıq əkin üçün bu günə kimi 7418 hektarda şum aparılıb

Qazaxda payızlıq əkin üçün bu günə kimi 7418 hektarda şum aparılıb


24-09-2019, 15:41


Bu gün hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı sürətlə inkişaf etdirilir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir. Çünki ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda da böyük pay sahibidir.

Respublika Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla həyata keçirilir. Rayonda kənd təsərrüfatı sahəsində olan inkişafı ildən-ilə artan əkin sahələrinin hektarından da aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda əkin aparılıb. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1987,63 hektar təşkil edir. 2019-cu ildə isə əkin sahəsi 21476,3 hektar olmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 794,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,3 hektara çatdırılıb. 2016-cı illə 2019-cu ili müqayisə etsək əkin sahəsinin nəzərə çarpacaq dərəcədə, yəni 4955,7 hektar artdığının şahidi oluruq.

Hazırda rayonda 2020-ci ilin məhsulu üçün bünövrə qoyulur, bol məhsul götürmək üçün möhkəm zəmin yaradılır. Havaların əlverişli keçməsi kənd təsərrüfatı işlərinin daha sürətlə aparılmasına təkan verib. Ona görə də rayon üzrə bütün əkinə yararlı sahələrdə şumlama işləri görülür. Əvvəlcədən görülən tədbirlərin nəticəsidir ki, hər gün sahələr şumlanır, əkin aparılması üçün hazırlanır. Bu günə kimi 7418 hektarda şum aparılıb. Bunun üçün kifayət qədər maşın və mexanizm, traktorlar ayrılıb. Hazırda əkin sahələrində 51 texnika işləyir. Əkin işlərinin aqrotexniki qaydalarla həyata keçirilməsinə rayondakı mütəxəssislər tərəfindən nəzarət olunur. Şumlama işlərinin optimal müddətdə aparılması isə mühüm əhəmiyyət daşıyır və gələcəkdə yüksək məhsulun təməlinin qoyulması deməkdir.


GOYEZEN.AZ


Geri qayıt