Əsas Səhifə > İdman > Qazaxda “Könüllülər Kuboku” uğrunda mini-futbol yarışları keçirilib

Qazaxda “Könüllülər Kuboku” uğrunda mini-futbol yarışları keçirilib


11-09-2020, 23:47


Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 9-11 sentyabr 2020-ci il tarixlərində 16-29 yaş arası gənclər arasında "Könüllülər Kuboku” uğrunda mini-futbol yarışları keçirilib.

Qazax Olimpiya İdman Kompleksinin açıq tipli mini-futbol meydançasında təşkil olunan yarışda 8 komandadan 76 nəfər futbolçu iştirak edib. Yarışlar COVID-19 pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilib.

Gərgin və olduqca maraqlı keçən oyunların nəticəsinə görə Qazax Rayon Gənclər və İdman İdarəsinin şəhid mayor Namiq Əhmədov adına könüllülərindən ibarət komanda I yeri, Kosalar kənd bələdiyyəsinin könüllülərindən ibarət komanda II yeri, Qazax Dövlət Sosial-İqtisadi Kollecin könüllülərindən ibarət komanda isə III yeri tutub.

Yarışda qalib olan komandalar təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.

Onu qeyd edək ki, "Könüllülər Kuboku” rayonda gənclərimizin asudə vaxtlarının səmərəli təşkil edilməsi, narkotik və psixatrop maddələrdən, eləcə də digər pis vərdişlərdən uzaq olmaları, sağlam həyat tərzi və idmana marağının artırılması məqsədilə keçirilir.





 

 



 

GOYEZEN.AZ


Geri qayıt