Əsas Səhifə > Gənclər > Gənclər Xalq artisti Tariyel Qasımovla görüşüblər

Gənclər Xalq artisti Tariyel Qasımovla görüşüblər


9-05-2022, 17:53


Mayın 9-da "Qazax Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR-nin Əməkdar və Azərbaycan Respublikasının Xalq artisti Tariyel İsgəndər oğlu Qasımovla müəssisədə gənclərin görüşü keçirilib.


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, Xalq artisti Tariyel Qasımovu gənclərə təqdim edib, onun yaradıcılıq fəaliyyətinin gənc nəsil üçün əsl məktəb olduğunu xüsusi vurğulayıb.


Sonra Xalq artisti Tariyel Qasımov aktyorluq sənətinin incəlikləri haqqında danışıb, istər komediyada, istər faciədə aktyorun ciddiliyinin vacib məsələ olduğunu qeyd edib. Xalq artisti bildirib ki, biz özümüzdən böyüklərə, ustadlarımıza baxmışıq və onlardan sənətə hörməti, sənətə qayğını öyrənmişik. Gördükləri işlərdə hikmət görmüşük, hikmət sahibləri olmuşlar. Rollarında, tamaşaya qoyulan əsərlərdə bir hikmət var idi. Mən düşünürəm ki, hər bir obrazın, hər bir tamaşanın cəmiyyət üçün, gənclik üçün tərbiyəvi əhəmiyyəti olmalıdır. "Aktyorluq sənəti uzaqdan çoxuna asan görünə bilər. Amma əslində aktyorluq sənəti böyük bir yaradıcılıq işidir. Aktyorluq sənəti gecə-gündüz məşqlər tələb edir. Teatr səhnəsi, tamaşa salonunda tamaşaçı alqışları - bunların hamısı böyük məsuliyyətdir” - deyən Tariyel Qasımov aktyorluq sənətinin onun üçün şərəfli bir iş olduğunu bildirib.

 

Daha sonra Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov Xalq artistinin həyat və yaradıcılığından, rol aldığı tamaşa və kinolardan danışıb.

Olduqca maraqlı keçən görüşdə Tariyel Qasımov gənclərin suallarını ətraflı şəkildə cavablandırıb.

Görüşün sonunda Tariyel Qasımov Qazax Gənclər Evinin kollektivi və gənclərlə xatirə şəkilləri çəkdirib.











 

GOYEZEN.AZ


Geri qayıt