Əsas Səhifə > Gənclər > Qazaxda Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Qalib Ali Baş Komandan" başlığı altında görüş keçirilib
Qazaxda Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş “Qalib Ali Baş Komandan" başlığı altında görüş keçirilib24-12-2021, 19:02 |
Dekabrin 24-də Qazax Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə ölkə Prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş "Qalib Ali Baş Komandan" başlığı altında görüş keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq, keçirilən tədbirdə əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbir iştirakçıları Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, çoxsaylı Qazax gəncləri və ziyalılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yubileyi münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. V.Nəbiyev ölkə başçısının həyat və fəaliyyətindən, dövlətimiz, xalqımız qarşısında tarixi xidmətlərindən, xüsusilə də erməni işğalına və təcavüzünə qarşı Silahlı Qüvvələrimizin zəfər yürüşünə uğurla rəhbərlik etməsindən danışıb. V.Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı "məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və "Dəmir yumruq” əməliyyatı Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırdı. Natiq bu gün ölkə Prezidentinin yubileyini qalib ölkənin Sərkərdəsi olaraq qeyd etdiyini vurğulayıb. Əldə etdiyimiz qalibiyyətin arxasında ölkə başçısının illərlə çəkdiyi əziyyətinin, gərgin əməyinin, yürütdüyü daxili və xarici siyasətinin dayandığını bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin ölkə başçısının yubileyinə ən gözəl və yaddaqalan töhfə olduğunu qeyd edib. İllər ötsə belə tarixi Qələbənin müəllifi olan ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin, Vətən uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin heç zaman unudulmayacağını söyləyib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov, "Qazax Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Elvira Əfəndiyeva, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova çıxış edərək ölkə Prezidentinə səmimi təbriklərini və ürək sözlərini çatdırıblar. Çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf etdiyini və şaxələndiyini bildiriblər.
GOYEZEN.AZ Geri qayıt |