Əsas Səhifə > Gənclər > “Erkən nikah və onun fəsadları” mövzusunda vebinar keçirilib

“Erkən nikah və onun fəsadları” mövzusunda vebinar keçirilib


17-12-2021, 21:22


Dekabrın 17-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Erkən nikah və onun fəsadları” mövzusunda vebinar keçirilib.

Vebinarı giriş sözü ilə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açaraq tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikasının Qanunları bu sahədə olan problemlərin həllinə yönəlib. 2011-ci ildə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edilərək qadınlar üçün minimum yaş həddinin 17-dən 18-ə qaldırılması bu sahədə aparılan dövlət siyasətinin ən mühüm göstəricilərindən biridir.

Sonra vebinar iştirakçılarından Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, "Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Fatma Rəhimova və Bakı Dövlət Universiteti Qazax filialının tələbəsi Vüqar Mehdizadə mövzu ətrafında geniş çıxış ediblər. Çıxış edənlər erkən nikahla bağlı problemlərin aradan qaldırılması baxımından maarifləndirici tədbirlərin təşkili, yeniyetmə və gənclərlə müntəzəm olaraq görüşlərin keçirilməsi, onlara milli və mənəvi dəyərlərin aşılanmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Natiqlər, həmçinin erkən nikahın fəsadlarından və aparılacaq mübarizə üsullarından da bəhs ediblər.



 

GOYEZEN.AZ


Geri qayıt