Əsas Səhifə > Gənclər > Qazaxda 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Qazaxda 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib


12-11-2021, 22:35


Noyabrın 12-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

"Qazax Gənclər evi”ndə COVID-19 pandemiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən tədbirdə ümumilikdə 24 nəfər iştirak edib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. V.Nəbiyev qeyd edib ki, müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi.

Sonra Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktoru Ruslan Rzayev, Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Hikmət Hünbətzadə və Kənan Çıraqlı mövzu ətrafında geniş çıxış ediblər.







 

GOYEZEN.AZ


Geri qayıt