Əsas Səhifə > Gənclər > Qazaxda “Məişət zorakılığı və erkən nikahların acı nəticələri” mövzusunda vebinar keçirilib

Qazaxda “Məişət zorakılığı və erkən nikahların acı nəticələri” mövzusunda vebinar keçirilib


22-04-2021, 19:01


Aprelin 22-də Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə 2021-ci ilin birinci yarımilliyi üçün təsdiqlənmiş Tədbirlər Planına əsasən "Məişət zorakılığı və erkən nikahların acı nəticələri” mövzusunda vebinar keçirilib.

 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev vebinarı giriş sözü ilə açaraq erkən nikahın doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemi olduğunu qeyd edib. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsinin onların təhsilinə, bir fərd kimi inkişafına mane olması, psixologiyasına mənfi təsir göstərməsi barədə danışıb. Erkən nikahın gələcək nəsillərin sağlamlığını və həyatını təhlükə altına atdığını, boşanma hallarını artırdığını qeyd edib. Erkən nikahın mühüm problem olaraq iki nəslin - həm indiki, həm də gələcək nəslin nümayəndələrinə sağalmaz yaralar vurduğunu bildirib.

 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək cəmiyyətin diqqətinin ailə məsələlərinə cəlb edilməsinin, ailə dəyərlərinin qorunub saxlanaraq gələcək nəsillərə ötürülməsinin, gənclərin ailə həyatına hazırlığının, sağlam həyat tərzinin prioritet məsələ olduğunu və bu cür tədbirlərin mühüm əhəmiyyət daşıdığını söyləyib. Qazax RİH başçısı aparatı yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın illik iş planına müvafiq olaraq, Qazax rayonu üzrə şəhər, kənd tam orta məktəblərində, ali və orta ixtisas məktəblərində mütəmadi olaraq psixoprofilaktik maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Bugünkü onlayn görüşün də məhz bu məqsədə xidmət etdiyini qeyd edib.

 

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək erkən nikahların məişət zorakılığının tərkib hissəsi olması, bu cür nikahların yaratdığı hüquqi, psixoloji və tibbi fəsadlar barədə danışıb, məişət zorakılığına qarşı mübarizə sahəsində Ombudsmanın həyata keçirdiyi fəaliyyətlə bağlı geniş məlumat verib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Mətanət Abdullayeva çıxışı zamanı cəmiyyətimizdə erkən nikahların yaratdığı mənəvi, sosial və hüquqi zərərlər haqqında danışıb. Erkən nikah hallarının həm də uşaq hüquqlarının pozulmasına gətirib çıxardığını qeyd edərək bu istiqamətdə maarifləndirmə işlərinin daha intensiv aparılmasının vacibliyini vurğulayıb.

Vebinar iştirakçılarından Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, Kollecin psixoloqu Şaxlıq Mustafayeva, Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin psixoloqu Afət Əsgərova mövzu ətrafında geniş çıxış ediblər. Çıxış edənlər bu məsələnin aktuallığını qeyd edərək, erkən nikahların qarşısının alınması məqsədilə vaxtaşırı olaraq profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Ümumilikdə 94 nəfərin iştirak etdiyi vebinarda mövzu ətrafında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.



 

GOYEZEN.AZ


Geri qayıt