Əsas Səhifə > Gənclər > Qazaxlı gənclər Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

Qazaxlı gənclər Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər


13-04-2021, 16:34

Şəhidlərimizi tanıyaq və tanıdaq---------------------------


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.

Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur.

44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin xatirələrini əziz tutmaq hər birimizin borcudur.


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri də hər zaman şəhidlərimizi, qazilərimizi, onların ailələrini yad edir, daim diqqətdə saxlayırlar. Fəaliyyətə başladıqları ilk gündən start verilən ənənə bu gün də davam etdirir. Mütəmadi olaraq, "VətənimİZ” layihəsi çərçivəsində şəhidlərimizin məzarlarını ziyarət edir, ailələrinə baş çəkir, onlara olan vətəndaşlıq borclarını qaytarırlar.

Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin əməkdaşları və könüllüləri "VətənimİZ” silsilə fəaliyyətləri çərçivəsində İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun məzarını ziyarət ediblər. 

Gənclər şəhidimizin məzarı üzərinə gül dəstələri qoyub, igid Vətən oğlunun ruhuna olan ehtiramlarını bildiriblər.






 

Qeyd edək ki, şəhid baş leytenant Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda "N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır.

Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.



GOYEZEN.AZ


Geri qayıt