Əsas Səhifə > Gənclər > Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax bölgəsi üzrə zona toplantısı keçirilib
Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax bölgəsi üzrə zona toplantısı keçirilib11-12-2020, 16:31 |
Dekabrın 10-da Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Biz birlikdə güclüyük!” devizi altında onlayn formatda Azərbaycan Gənclərinin IX Forumunun Gəncə-Qazax bölgəsi üzrə zona toplantısı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Toplantını giriş sözü ilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov açaraq toplantının gündəliyi barədə məlumat verib. Zona toplantısında Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov, Milli Məclisin deputatları Müşfiq Cəfərov və Naqif Həmzəyev çıxış edərək ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətlərindən, Azərbaycan gənclərinin cəmiyyətin inkişafındakı rolundan danışıblar. Toplantıda işrirak edən fəal gənc Ülvi Zeynalov mövzu ətrafında çıxış edərək qazaxlı gənclər adından onlara göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Toplantıda bölgənin gənclər təşkilatlarının rəhbərləri, fəal gənclər çıxış edərək gənclərin vətənpərvərlik tərbiyəsində yeni mərhələ, işğaldan azad olunan torpaqlarımıza böyük qayıdışda gənclərimizin vəzifələri, onların sağlamlığı və digər məsələlərlə bağlı fikirlərini bildirib, gələcəkdə gənclər siyasətinin həyata keçirilməsinə dair təkliflərini səsləndiriblər. Sonda Azərbaycan Gənclərinin IX Forumunun Respublika toplantısına rayonumuzdan 10 nəfər gənc və Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev seçilib.
GOYEZEN.AZ Geri qayıt |