Əsas Səhifə > Gənclər > Qazaxda “Gənclər dövlətin və dövlət başçısının yanındadır” başlığı altında onlayn videokonfrans keçirilib
Qazaxda “Gənclər dövlətin və dövlət başçısının yanındadır” başlığı altında onlayn videokonfrans keçirilib27-07-2020, 19:18 |
Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax "Gənclər evi” sosial xidmət müəssisəsi tərəfindən "Gənclər dövlətin və dövlət başçısının yanındadır” başlığı altında onlayn videokonfrans keçirilib. Ümumilikdə 47 nəfərin iştirak etdiyi videokonfransda dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan geniş imkanlardan söhbət açılıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birinin məhz gənclər siyasəti olduğunu diqqətə çatdırıb. V.Nəbiyev ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslədiyini, ölkəmizdə gənclərə yüksək şərait yaradılması istiqamətində dövlət proqramlarının qəbul edildiyini bildirib. Bu gün ölkə başçısının gənclərə olan diqqət və qayğısını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən də gənclərə hər zaman diqqət və qayğı göstərildiyini bir daha vurğulayıb. V.Nəbiyev gənclərin də onlara olan etimadı hər zaman doğrultmağa çalışdıqlarını, öz əməli işləri ilə daim dövlətin və dövlət başçısının yanında olduqlarını qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva çıxış edərək rayon rəhbərliyinin adından konfrans iştirakçılarını, gəncləri və könüllüləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Gənclərə göstərilən dövlət qayğısından danışan G.Quluyeva ölkə Prezidenti İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili” elan edilməsini həmin dövlət qayğısının daha bir bariz nümunəsi kimi qeyd edib. "Könüllülər ili”nin gənclərin fərdi inkişafına təkan verməkdə, onlarda sosial məsuliyyət hissini artırmaqda, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdə mühüm rol oynadığını söyləyib. Bu gün ölkə başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən Azərbaycan gənclərinin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb. Ölkə başçısının gənclərə olan qayğısının Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra edildiyini, rayonda gənc və yeniyetmələrin vətənpərvər ruhda böyüməsinə, tərbiyə olunmasına hər zaman böyük önəm verildiyini bildirib. Videokonfrans iştirakçılarından Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov, YAP Qazax Rayon Təşkilatı Gənclər Birliyinin sədri Kənan Hüseynli, Qazax Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin müfəttişi Elmar Məmmədov, Bakı Dövlət Universitetinin Qazax filialının Tələbə Gənclər Təşkilatının sədri İlkin Hüseynov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətlənmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva, fəal gənc Ülvi Zeynalov, Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü Şəhadət Abbasov, Qazax "Gənclər evi” sosial xidmət müəssisəsinin könüllüsü Zəminə Quliyeva mövzu ətrafında geniş çıxış ediblər. Çıxışlarında hər zaman dövlətin, dövlət başçısının yanında olduqlarını və bundan sonra da olacaqlarını dilə gətiriblər.
GOYEZEN.AZ Geri qayıt |