Əsas Səhifə > Gənclər > BDU-nun Qazax filialında 5 Dekabr - Beynəlxalq Könüllülər Günü ilə əlaqədar tədbir keçirilib

BDU-nun Qazax filialında 5 Dekabr - Beynəlxalq Könüllülər Günü ilə əlaqədar tədbir keçirilib


5-12-2019, 15:44


Dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi bilikləri artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən könüllülük fəaliyyəti ilə bağlı tədbirlər mütəmadi olaraq həyata keçirilir. BMT Baş Assambleyasının təklifi ilə 1985-ci ildən etibarən hər il üzv ölkələrdə 5 Dekabr - Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur. Ölkəmizdə könüllü fəaliyyətinin daha geniş təşviq olunması məqsədilə Beynəlxalq Könüllülər Günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə 2019-cu il 1-9 dekabr tarixləri "Azərbaycan Könüllülük Həftəsi" elan edilib.

Respublikamızın hər yerində olduğu kimi Qazaxda da "Azərbaycan Könüllülük Həftəsi" silsilə tədbirlərlə qeyd edilir. Bu gün növbəti tədbir Qazax Rayon İcra Hakimiyyətinin və Bakı Dövlət Universitetinin Qazax filialının birgə təşkilatçılığı ilə keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə müəllim-tələbə heyəti, rayonda könüllü fəaliyyət göstərən gənclər iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan fəal gənc Akif Əmirov Beynəlxalq Könüllülər Günün yaranmasından və ölkəmizdə uğurla həyata keçirilən könüllülük fəaliyyətindən söz açıb. Respublikamızda gənclərə göstərilən diqqət və qayğının Qazaxda da olduğu kimi həyata keçirildiyini bildirib. Ölkə başçısının yürütdüyü gənclər siyasətinin Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən də uğurla yerinə yetirildiyini qeyd edib. Bu gün Qazaxda gənclərin inkişaf etdirilməsi, dövlət qayğısı ilə əhatə olunmaları istiqamətində məqsədyönlü işlər görüldüyünü vurğulayıb. Son illər Azərbaycanda könüllülük fəaliyyətinin daha da genişləndiyini və rayonumuzda da könüllülük fəaliyyətinə qoşulanların sayının gündən-günə artdığını vurğulayıb.

Görüşdə filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, tədbirdə iştirak edən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov da könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açıblar. Bu cür görüşlərin keçirilməsində əsas məqsədin gənclərə könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün və səmərəli keçirmələri istiqamətində, həmçinin fərdi və intellektual inkişafları üçün yaradılmış mövcud imkanlar, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət alması haqqında məlumatlar vermək olduğunu qeyd ediblər.


Könüllülərdən Fəridə İsgəndərova, Səbinə Camalova və Ülvi Zülfüqarov çıxış edərək Qazax Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətdə olduqları zaman bir çox biliklərə yiyələndiklərini, İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübədən istifadə edəcəklərini bildiriblər. Gənclər onlara göstərilən diqqət və qayğıya görə başda cənab Prezident İlham Əliyev olmaqla Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bir daha minnətdarlıqlarını bildiriblər.





GOYEZEN.AZ


Geri qayıt