Əsas Səhifə > Gənclər > “Gənc könüllü”lər "Saloğlu" mebel fabrikində qonaq olublar

“Gənc könüllü”lər "Saloğlu" mebel fabrikində qonaq olublar


12-07-2019, 16:30

Bu gün bütün dünyada güclü dövlət kimi tanınan Azərbaycanda ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin artırılması, ətraf rayonlarda məşğulluğun təmini baxımından böyük tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Respublika Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq ölkəmizdə sənaye parklarının yaradılmasına, fabriklərin inşasına başlanılmışdır. Artıq bu istiqamətdə işlər davam etdirilir, müvafiq sərəncamdan irəli gələn vəzifələr uğurla həyata keçirilir.

Qazax rayonunda 2000-ci ildən fəaliyyət göstərən "Saloğlu” mebel fabriki də nəinki respublikamızda, eləcə də artıq xarici ölkələrdə belə tanınır. Fabrik qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biridir. Fabrikin istehsal etdiyi məhsullar alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün "Saloğlu” fərdi firması 19 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə yanaşı, xarici bazarda da "Made in Azerbaijan” brendini layiqincə təmsil etməyə nail olmuşdur. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na qoşulan "Saloğlu” mebel fabriki 400 nəfərlik kollektivlə, respublikamızın qərb bölgəsində, Qazax rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verir. Müasir mebel istehsalçıları içərisində özünə məxsus yeri olan "Saloğlu" mebel fabriki ən böyük istehsalçı kimi istehsal prosesində yeni avadanlıqların və texnoloji xətlərin quraşdırılması sahəsində də seçilir. Müasir mebel dəstlərinin istehsalının tənzimlənməsi üçün müəssisədə Almaniya və İtaliya avadanlıqlarından istifadə olunur. İstehsal olunan məhsullar həm daxili bazarda satışa çıxarılır, həm də Avropanın bir çox ölkələrinə (Almaniya, Fransa, Hollandiya, Belçika, İsveç, İtaliya və İspaniya) ixrac olunur.

2004 və 2016-cı illərdə möhtərəm Prezident İlham Əliyevin fabrikə ziyarətləri zamanı verdiyi tövsiyə və tapşırıqlardan ruhlanan müəssisə hədəflərini daha da böyüdərək, 2500 nəfərlik yeni iş yerlərinin açılması istiqamətində bir neçə yeni istehsal fabriklərinin tikintisinə başlayıb.

Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə bir qrup "Gənc könüllü” "Saloğlu" mebel fabrikində qonaq olub. Könüllülər burada ağacyonqarlı lövhələrin, laminatların kəsim və montaj sahəsi, mebellər üçün dəmir hissələrin və mexanizmlərin yığılması, yumşaq mebellər üçün taxta-karkas və yay istehsalı sahəsi, dəri və parça üzlüklərin istehsalı sahəsi, çarpayılar üçün döşək istehsalı sahəsi, yumşaq mebellərin istehsalı, yataq və qonaq otaqları üçün mebel dəstlərinin istehsalı sahəsi ilə tanış olublar.

"Gənc könüllü”lər ölkə Prezidenti İlham Əliyevin təməlini atdığı "Venzana” layihəsinin tikintisi ilə də yaxından maraqlanıblar. Bildirilib ki, layihə əsasında yeni fabrik cari ilin sonuna qədər fəaliyyətə keçərək, istehsal edəcəyi mebel məhsullarının 2020-ci ilin ilk rübündə Avropaya ixracatını planlaşdırır."Venzana” layihəsi təkcə böyük bir fabrikin ərsəyə gəlməsi demək deyil. Eyni zamanda, bölgədə işsizliyin aradan qaldırılmasında reallaşdırılan ən uğurlu layihələrdən biridir. Bu gün bu layihənin gerçəkləşməsi həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşması deməkdir.




 

GOYEZEN.AZ


Geri qayıt