Əsas Səhifə > Ədəbiyyat > Əməkdar incəsənət xadimi, şair Barat Vüsal yazır: “Qoy o Dəmir yumruğuna keşik çəkim!”

Əməkdar incəsənət xadimi, şair Barat Vüsal yazır: “Qoy o Dəmir yumruğuna keşik çəkim!”


9-03-2021, 09:39


Müzəffər Ali Baş Komandanımızın komandanlığı ilə Müzəffər Azərbaycan Ordusu erməni işğalçılarına qarşı 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində qarşısında duran vəzifəsinin öhdəsindən ləyaqətlə və şərəflə gəldi. İşğal altında olan Qarabağ torpaqlarını azad etdi və yeni bir tarix yazdı. Bu tarix zaman-zaman nəsillərimizə örnək olacaq və dünyada bu şanlı müharibədəki Qələbəmizin səbəbləri və sirləri dərslik kimi dönə-dönə öyrəniləcəkdir. 

Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşında şanlı Ordumuzun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasını, 30 illik həsrətdən sonra doğma torpaqlarımızı düşmən tapdağından azad etməsini, əldə etdiyimiz qələbələri böyük sevinc hissi ilə qarşılayan vətəndaşlarımız bu gün də bunu ürək sözləri ilə ifadə edirlər. Hər kəs kimi qazaxlılar da onlara sevinc və qürur hisslərini yaşadan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və şanlı Ordumuzun yanında olduqlarını, dəstəklədiklərini bildirirlər.

 

Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri, şair, Əməkdar incəsənət xadimi Barat Vüsal da ziyalı olaraq Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan tarixi Qələbəni böyük ruh yüksəkliyi ilə qarşılayır. Təbrikini, səmimi ürək sözlərini Ali Baş Komandanın ünvanına yazdığı şeirində çatdırır. Təbrik və minnətdarlıq dolu həmin şeiri təqdim edirik: 

KEŞİKÇİ

Cənab Ali Baş Komandan, öndə olum,
İcazə ver,  qoy əsgərin mən də olum.
Vətən deyən, Allah deyən bəndə olum,
Daim Haqqa, Ədalətə keşik çəkim,
Qazandığın məhəbbətə keşik çəkim!
 
Müzəffərdir, qurban olsun canım mərdə,
Allah onu bərk saxlasın qoy nəzərdə!
İcazə ver, azad olmuş kənd-şəhərdə
Qaldırdığın bayrağına keşik çəkim,
Azad olmuş torpağıma keşik çəkim!
 
Görən deyir, bax, Komandan belə olar,
Komandan şah, şah Komandan belə olar!
Millətinə Baş Komandan belə olar,
Sənin kimi Hünərvərə keşik çəkim,
Yazılıbsa adın hara... keşik çəkim!
 
Axıb Araz nə deyir gör... yaşa, yaşa!
Biz sayəndə sahib çıxdıq torpaq-daşa
Xudafərin körpüsünün üstə düşən,
Sənin ayaq izlərinə keşik çəkim,
Özüm dönüm gözlərinə, keşik çəkim!
 
Alovlandı, yandı yenə od-ocağım,
Keçmiş olsun çəkdiklərin, a torpağım!
Şükür olsun, azad oldu Qarabağım,
Yurdun məscid-minarəsi... keşik çəkim,
Ucaldıqca Azan səsi, keşik çəkim!


Gözəlliklər gözə gəlmiş şəklindədir,
Gözəlliklər əslimdədir, kökümdədir,
Aman Allah, qəbristanlar nə gündədir,
Dağıdılmış məzarlara keşik çəkim,
Yerlə-yeksan əzalara keşik çəkim!
 
O oğulmu Vətəninə baş əyməsin?
Hər kimin ki, qeyrəti yox, yaşamasın!
Bir əsgərin ayağına daş dəyməsin,
Onların hər birisinə keşik çəkim,
Azərbaycan Ordusuna keşik çəkim!
 
Şah İsmayıl Xətaimiz sənsən indi,
Hünər sənin, Zəfər sənin Zəfərindi!
Səda gəldi, dindi yerlər, göylər dindi:
Min yaşasın Azərbaycan keşik çəkim,
Məni də öz arxanda san, keşik çəkim!
 
Haqqın vardır ey qəhrəman, yaşayasan,
Belə deyir tarix, zaman, yaşayasan,
Yaşadıqca Azərbaycan, yaşayasan,
Eşq olsun, eşq, Yurd oğluna, keşik çəkim,
Qoy o Dəmir yumruğuna keşik çəkim!
Barat VÜSAL,
Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri,
şair, Əməkdar incəsənət xadimi


Geri qayıt