Əsas Səhifə > Ədəbiyyat > Qazaxlı şair Cavanşir Rüstəm öz şeirləri ilə ordumuza dəstək oldu

Qazaxlı şair Cavanşir Rüstəm öz şeirləri ilə ordumuza dəstək oldu


20-07-2020, 21:23


2016-cı ilin aprel ayı yaddaşımıza qızıl hərflərlə yazıldığı kimi, 2020-ci ilin iyul ayı da tarixdə zəfər ayı kimi xatırlanacaq... Necə ki, 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun gücünü, qüdrətini gördük, eləcə də iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə bir daha izlədik, şahidi olduq. Bütün dünya və mənfur düşmənimiz olan ermənilər bir daha əmin oldular ki, Azərbaycan güclü dövlətdir. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edən, güclü, qüdrətli, yenilməz orduya sahib olan ölkəyə qalib gəlməyə də heç kimin gücü çatmaz.

Sevindirici haldır ki, rəşadətli Azərbaycan Ordusunun mətinliyi, mübarizliyi, əzmi, igidliyi, qəhrəmanlığı bu gün hər bir ölkə vətəndaşı tərəfindən böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Əlində üçrəngli Azərbaycan Bayrağı tutan azyaşlı uşaq da, Ali Baş Komandanın "İrəli!” əmrini gözləyən gənc də, əlini açıb əsgər və zabitlərimizə dua edən yaşlı nəsil də, hər kəs Azərbaycan əsgəri deyir. Torpaqlarımızın bütövlüyü naminə canından keçən şəhidlərimizi böyük hörmət və ehtiramla anır, yaralı hərbçilərimizdən tezliklə sağalıb düşmənə layiqli cavablarını vermələrini istəyir. Üçrəngli Azərbaycan Bayrağının Dağlıq Qarabağda, eləcə də işğal altında olan digər torpaqlarımızda dalğalanması üçün ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun yanında olmağı, birlik, həmrəylik nümayiş etdirməyi bir vətəndaş olaraq özlərinə borc bilirlər.

Sazın, sözün beşiyi, Qərbin qapısı sayılan, ən əsası da Vətən yolunda 288 şəhid verən Qazax rayonunda da Azərbaycan Ordusunun qazandığı qələbə, əldə etdiyi nailiyyətlər böyük ruh yüksəkliyi ilə qarşılandı. Hər bir qazaxlı böyük fərəh hissi keçirir ki, ölkə başçısının da söylədiyi kimi, son günlər ərzində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmiz oldu. İkiqat qürur hissi keçirir ki, həmin qələbənin qazanılmasında Qazaxın igid, mərd oğullarından biri mayor Əhmədov Namiq Hajan oğlu da şəhidlik zirvəsinə yüksələrək adını tarixə yazdırdı. Bu gün hər bir Qazax sakini Vətən yolunda canından keçən şəhidlərimizi böyük ehtiramla yad edir, ruhu qarşısında baş əyir. Yaralı əsgər və zabitlərimizə, hərbçilərimizə tezliklə sağalmalarını arzu edir. Azərbaycan Ordusunun qələbə qazanacağı günün sevincini böyük səbirsizliklə gözləyir.

Kosalar kəndində yaşayan dəyərli ziyalımız, şair Cavanşir Rüstəm də Azərbaycan Ordusunun gücünü, qüdrətini öz şeirlərində vəsf edir. Əsgər və zabitlərimizə, hərbçilərimizə olan istəyini, minnətdarlığını sözlərin dili ilə şeirlərində çatdırır. Rəşadətli Azərbaycan Ordusuna və onun Ali Baş Komandanı İlham Əliyevə eşq olsun deyir.

AZƏRBAYCAN ƏSGƏRİ

Yaxşı deyib atalar,
Hər işin öz vaxtı var.
Sizi görən dığalar
Qayıdıb qaçdı geri,
Azərbaycan əsgəri!
 
Biriniz min oldunuz,
Yaxşı qisas aldınız.
Əhsən! Viran qoydunuz
Neçə postu, səngəri,
Azərbaycan əsgəri!
 
General Polad ki var,
Qəlblərdə tutub qərar.
Budur igidlik, dostlar,
Yeri, irəli yeri,
Azərbaycan əsgəri!
 
Türkük, ürəyi böyük,
Cəsuruq, qorxaq döyük.
Biz birlikdə güclüyük
Dilimizin əzbəri,
Azərbaycan əsgəri!
 
Şəhid varsa, Vətən var.
Onları kim unudar?!
Şəhidlər ölməz, yaşar!
Cənnətdədir yerləri,
Azərbaycan əsgəri!
 
Çin olsun arzumuz da,
Görüşək Qarabağda.
Sevinsin el, oba da,
Alqışlasın zəfəri,
Azərbaycan əsgəri!

TOVUZDA

İki min iyirmi on üç iyulda
Düşmənin dərsini verdik Tovuzda.
Tir-tir əsən düşmən əsgərlərinin
Leşini yan-yana sərdik Tovuzda.
 
Qorxu bilməz Azərbaycan əsgəri,
Vermədi düşmənə bir qarış yeri,
Hər birinin göstərdiyi hünəri,
Gördük gözümüzlə, gördük Tovuzda.
 
Cavanşirəm, aşkar söyləyim Sizə,
Belə təxribatlar deyildir təzə,
Vətən çox əzizdir hər birimizə,
Qeyrət çələngini hördük Tovuzda!
Düşmənin dərsini verdik Tovuzda!

DÜŞMƏNİN

Bilən bilir, bilməyənlər qoy bilsin
Çoxdan qurulubdur vayı düşmənin.
Ordumuzla qabaq-qənşər durmağa,
Artıq qalmayıbdır hayı düşmənin.
 
Alqış Ordumuza, igid əsgərə,
General Poladtək hər hünərvərə,
Göstərdik yerini şərəfsizlərə,
Ərşə qalxdı hay-harayı düşmənin.
 
Elə ki oğullar Poladtək dindi,
Düşmənin arzusu gözündə söndü,
Cavanşirəm, necə şanlı bir gündür,
Qışa döndü güllü yayı düşmənin!
Ərşə qalxdı hay-harayı düşmənin!

VUR KOMANDİR, VUR

Düşmən hədəfidir öndəki hədəf
Növbə səninkidir, vur komandir, vur.
Qoyma ki, yağılar düzülsün səf-səf,
Növbə səninkidir, vur komandir, vur.
 
Elə vur ki, qoy düşmənə dərs olsun,
Gözləri qorxuyla, min dərdlə dolsun,
Canına üşütmə, vəlvələ salsın,
Növbə səninkidir, vur komandir, vur.
 
Daim bu torpağa göz dikib onlar,
Yaşanıb yurdumda çox belə anlar,
Ağı deyib ağbirçəkli Analar,
Növbə səninkidir, vur komandir, vur.
 
Gör bir neçə Mübarizlər doğuldu,
Yağı düşmən öz qanında boğuldu,
Poladlar yurdudur bu Odlar yurdu,
Növbə səninkidir, vur komandir, vur.
 
Cavanşir adını yayar hər yana,
Qoy var olsun sənə süd verən Ana,
Sən sevinc yaşatdın Azərbaycana,
Növbə səninkidir, vur komandir, vur.

GOYEZEN.AZ


Geri qayıt