Əsas Səhifə > Ədəbiyyat > İsmayıl Şıxlı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq
İsmayıl Şıxlı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq9-10-2019, 16:15 |
İsmayıl Şıxlı ilə birgə günlərimAzərbaycan dünyasında İsmayıl Şıxlı var idi. O, bu dünyadan köçdü. Lakin Azərbaycan dünyasında İsmayıl Şıxlı adı əbədi qaldı. Allah ona hər şey bəxş etmişdi: boy-buxun və qəddi-qamət, kişi yaraşığı və kişi bütövlüyü, sadəlik və məğrurluq, nəhayət, zəka və talant. Etiraf edək ki, Allah təala yaratdığına heç də həmişə bu qədər gözəl və insani keyfiyyətlər bəxş etmir. Məhz İsmayıl Şıxlıda bu keyfiyyətlərin hamısı onun şəxsiyyətini ziynətləndirirdi və özündə bu üstünlüklərini bilməsinə baxmayaraq, onları biruzə verməzdi. İsmayıl müəllimin ölümündən sonra mənim üçün yeri həmişə görünən boşluq qaldı! Elə bil mənim də dünyam ölüb. O, mənim üçün tək böyük yazıçı, pedaqoq, siyasi xadim deyil, həm də sirdaş, həmdərd, həmfikir olan böyük qardaş idi. Yaradıcılığı və özü ilə çoxdan tanış olmağıma baxmayaraq, dostluğumuzun tarixi çox da uzun deyil. Amma elə bil bir ailədə dünyaya gələndən sonra, uşaqlıqdan bir-birimizi itirərək, həmişə axtarışda olub uzun həsrətdən sonra qoca vaxtımızda tapışmışıq. Son səkkiz ildə bir gün belə görüşüb söhbət etmədiyimiz gün olmayıb, söhbətlərimizdən doymadığımıza görə hər gün həsrətlə ayrılıb ertəsi gün sevinclə görüşərdik. Bu qədər insani keyfiyyətlərin bir adamın simasında cəmləşməyi insanı heyrətə gətirirdi. Mənim 74 yaşım var, böyük həyat yolu keçmişəm, dünyanın acısını, şirinini çox dadmışam, bəzən məni hər şey usandırıb. Amma İsmayılla ünsiyyətdən doymazdım, çünki hər görüşümüzdə onda yeni-yeni gözəl keyfiyyətlər kəşf edirdim. Uzun-uzadı söhbətlərimiz olardı ədəbiyyatdan, tarixdən, sənətdən, siyasətdən, daha nə bilim nədən, bir sözlə, hər şeydən. İsmayıl müəllim çox gözəl müsahib idi, həm də demokratik və prinsipial. Mübahisələrimiz də az olmazdı, lakin onu məntiqlə və ya sənədlə inandıranda razılaşardı, özü də minnətdarlıqla, bəzi dayazlar kimi inadkarlıq etməzdi. Razılaşmayanda isə, mübahisəni davam etdirməyi sevməzdi, amma müsahibin xətrinə də dəyməsin deyə "Niyə, sənin də dediyində məntiq var, amma mən öz fikrimdə qalıram" deyə mübahisəni kəsərdi. Belə hərəkət son dərəcə daxili mədəniyyəti olan alicənablığa məxsusdur. İsmayıl heç bir zaman xoşu gəlmədiyi adamdan gileylənməzdi, elə adam barədə söhbət gedəndə susardı, öz bədxahlarınnan görüşəndə incikliyini biruzə verməzdi. Artıq neçə ildir ki, İsmayıl Şıxlı həsrətindəyəm. Bu müddət nə qədər artdıqca, mən onun dünyasına yaxınlaşıram. Nə az, nə də çox, xəyalən onunla görüşməyim, söhbətləşməyim, onunla məsləhətləşməyim. Çünki bu söhbətlərə biz adət etmişdik. 1950-ci ilin axırlarından başlayan tanışlığımız sonralar dostluq səviyyəsinə qalxdı və daha sonralar isə ümumi faciəmiz olan Qarabağ hadisələrindən sonra mənəvi qardaşlığa çevrildi. O vaxtlar biz həmişə Azərbaycanda cərəyan edən hadisələrin ən qaynar nöqtəsinə birgə gedərdik. O zamanlar Azərbaycanın müstəqilliyi haqqında düşünmək və danışmaq mümkün belə deyildi. O dövrü yaşayanlar onu çox yaxşı bilirlər. Lakin arabir heç belə söhbətlərdən də qaçmazdıq, bir qədər dərdləşərdik. Mən heç şübhə etmirəm ki, İsmayıl Şıxlı ilk demokratik dövlətimizin yarandığı dövrdə yaşamış olsa idi, hökmən Məmmədəmin Rəsulzadə, Fətəli xan, Nəsib bəy, Usuf bəy, Əlimərdan bəy Topçubaşov, Əhməd Cavad və s. ilə bir cərgədə olardı. Mən hələ onun yazıçılıq məharətindən danışmaq istəmirəm, çünki bu, ədəbiyyatşünasların işidir. Lakin onu mənə sevdirən onun Cahandar ağası olubdur. Hələ o dövrdə qubernatorun təkidinə baxmayaraq, Cahandar ağa öz torpağı uğrunda həlak olur, öz intiqamını özü alır. Onun yazıçılıq səriştəsi və şəxsiyyəti yazıçılığına, yazıçılığı isə şəxsiyyətinə yaraşırdı. Rəhmətlik elə bil bu günlərimizi görürmüş. Cahandar ağanın öz torpağını satmaması İsmayıl Şıxlı təfəkkürünün müasir təzahürü idi. İsmayıl Şıxlı Vətənini sevən, əqidəli, cəsarətli, yüksək intellektli böyük bir şəxsiyyət idi. Mən dediklərimi təsdiqləmək üçün 1990-cı ildə yanvarın 24-də Bakı şəhərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK-nın) plenumundakı 20 yanvar faciəsi haqqında məlumatla dediklərimi təsdiq etmək istəyirəm. Bakıda "Qanlı 20 Yanvar" hadisəsini törətdilər. Bu işi təşkil etmişdilər, məqsədyönlü iş aparırdılar. Oxşar hadisələri Tbilisi və Vilnüsdə də törətmişdilər, tarixdə görünməmiş bir hadisə baş verdi. Sovet dövləti öz qoşunlarını Bakıya yeritməklə bir gecə ərzində min nəfərdən artıq azərbaycanlını qətlə yetirməklə və yaralamaqla tarixdə öz xalqına qarşı qanlı cinayət törətdi. Bu hadisələrdən sonra bunları müzakirə etmək üçün, yanvarın 24-ü plenum çağırıldı, mənim məqsədim də o plenumda İsmayıl Şıxlının çıxışı barədə danışmaqdır. Plenumda Sov.İKP MK-nın nümayəndələri də iştirak edirdi. Plenumda faciənin səbəbləri və faciənin günahkarları aydınlaşmalı və lazımi tədbirlər görülməli idi. Çox məsul və gərgin bir dövr idi. Bu vaxt xitabət kürsüsünə təmkinli və mətin addımlarla İsmayıl Şıxlı yaxınlaşdı. İsmayıl Şıxlının cəsarəti və xarakteri hamısı bu çıxışda özünü göstərdi. İsmayıl Şıxlı ilk sözündən bu qanlı yanvar hadisələrinin törədicisi Sov.İKP MK-nın baş katibi M.Qorbaçovu qan içən adlandırması, Yazovu cəllad adlandırması, bu zalda oturanları lərzəyə gətirdi. Belə bir hadisənin törənməsinə baxmayaraq, Sov.İKP MK hələlik hakimiyyətdə idi. Azərbaycanda Azərbaycan kommunist partiyası onun davamçısı idi. İsmayıl Şıxlının sözləri heç bir zaman mənim yadımdan çıxmaz. O, sözünə belə başladı: "Mən 1941-ci ildən 1945-ci ilə qədər cəbhədə olmuşam. Cəbhə yolumu Almaniyada başa vurmuşam. Cəbhədə də Kommunist partiyasına keçmişəm. İndi mən çox təəssüf edirəm ki, belə bir hərəkət etmişəm”. Axır sözünü o, bu cümlələrlə bitirdi: - Bakıya daxil olan sovet qoşunları alman faşist esesçilərindən belə qəddar idilər. Mən belə partiyaya xidmət etmək istəmirəm. Bu söz partiya biletini Qorbaçovun üzünə çırpmaq idi. İsmayıl Şıxlı sözü elə yerdə demişdi ki, oturanların hamısının təəccübünə, həyəcanına səbəb olmuşdu. Bundan sonar məhz qəribə hadisələr baş verdi. O dövrdə partiya biletini tullayanların sayı xeyli artdı. Bunların arasında görkəmli adamlar da var idi. Ancaq bəziləri partiya biletlərini sonradan geri qaytardılar. Çünki rəhbərlik təkid edirdi, müəyyən vasitələrə əl ataraq bunları partiya biletlərini geri qaytarmağa vadar edirdi. Mən belə bir hadisənin şahidi oldum ki, hər tərəfdən İsmayıl Şıxlıya partiya biletini geri götürmək üçün təsirlər göstərilirdi. Lakin İsmayıl Şıxlı qətiyyətli adam idi, heç cür onu bu fikirdən döndərmək olmazdı. İş o yerə çatdı ki, axırıncı qurultayda İsmayıl Şıxlı partiya biletini tullamasına baxmayaraq Azərbaycan KP MK-nın tərkibinə və Sov.İKP-nin axırıncı qurultayına həlledici səslə nümayəndə də seçildi. Yenə də İsmayıl Şıxlı öz fikrindən dönmədi, partiya bileti ilə birdəfəlik vidalaşdı. Bu o vaxt idi ki, hələ partiya yaşayırdı. Artıq hiss edirdilər ki, partiya ölür. Ancaq İsmayıl Şıxlı partiyanı tərk edəndə partiya hələ yaşayırdı. Bax, İsmayıl Şıxlı cəsarəti, qətiyyəti burada özünü göstərdi. Sov.İKP, sovet hökumətinə olan münasibət onun genlərindən gəlirdi. İsmayıl Şıxlı zadəgan nəslindən idi və nəsilləri çox müsibətlər görmüşdü. Yaxın qohumu çar rus ordusunun generalı Cavad bəy Şıxlinski vaxtı ilə Gəncə üsyanının komandanı olmuşdu. Onun başqa qohumları Vətəni tərk edərək Türkiyədə, İranda və s. ölkələrə emiqrasiya etmişdilər. Bu, İsmayıl Şıxlıda müəyyən bir iz qoymuşdu. İsmayıl müəllim bütün işlərini həmişə ölçüb biçməyi sevərdi. Bir işi görməzdən əvvəl düşünərdi, nəticəsini təsəvvür edəndən sonra qərar qəbul edərdi. Günlərin bir günü bizi respublika rəhbərliyinin yanına çağırdılar və dedilər ki, Qazaxın Qaymaqlı kəndində ermənilərlə münasibət olduqca kəskin və gərgindir. Birlikdə Qazaxa yollandıq. İsmayıl müəllimin iştirakı ilə böyük bir faciənin qabağı alındı. Səhəri günü biz Tovuz rayonunun ermənilərlə həmsərhəd olan Əlibəyli kəndinə gəldik. Sərhəddə yerləşdiyinə, demək olar ki, hər gün ermənilərlə döyüş vəziyyətində olmasına baxmayaraq, bu kəndin igid sakinlərindən bircə nəfəri də kəndi tərk etməmişdi. Baxmayaraq ki, kənddə dağıntılar var idi. Bu kənddən bir qədər aralı kiçik bir çayın kənarında yenicə yaradılmış bir balaca əskəri hissə döyüş vəziyyətində idi. Biz İsmayıl müəllimlə birlikdə onların görüşünə getdik. Onlar bizim gəlişimizdən çox sevindilər. Xeyli söhbət etdik. İsmayıl müəllim keçmiş vətən müharibəsi iştirakçısı kimi öz cəbhə həyatından çox maraqlı söhbətlər etdi və onlara xeyir-dua verdikdən sonra biz onlardan aralanıb yolumuza davam etdik. İsmayıl müəllimin çox incə yumor hissi də var idi. Zarafatı çox sevirdi. Çox ciddi görkəmi olmasına baxmayaraq, ancaq zarafat etməyi də bacarırdı. Ələlxüsus bu zarafatları mərhum, gözəl şairimiz Hüseyn Ariflə olurdu və o haqda bir "Lətifələr" kitabçası da var. Bir gün İsmayıl müəllim mənə dedi ki, bəs Hüseyn xəstədir, evdə yataqdadır, gəl ona bir baş çəkək. Dedim ki, böyük məmnuniyyətlə. Getdik Hüseyn Arifin evinə, ona baş çəkməyə. Bir qədər söhbətdən sonra Hüseyn Arifin kefi açıldı, sazı götürdü ki, bizə saz çalsın. Sazı çaldı "Ruhani” havasını, özü də çox yavaş-yavaş çalırdı. Elə çalırdı ki, üçümüz gücnən eşidirdik, o biri otaqda heç eşidiləsi deyildi. İsmayıl müəllim Hüseyn Arifə dedi ki, qorxursan ki, xaric vurasan? Bəlkə ona görə belə yavaş çalırsan? Hüseyn Arif dedi ki, ona görə yox. Dedi ki, rəhmətlik aşıq Ələsgər bərk çalan aşığa deyib ki, sən sazın çanağında yoxsa at çapırsan? Bu nədi belə bərkdən çalırsan, adam sazın səsini yaxşı eşitmir, musiqini hiss etmir. Çalınan aşıq havası yaxşı çatmır adama. Bunu dedi və öz çalğısına davam etdi. Bundan sonra mən belə bir sual verdim ki, ay Hüseyn müəllim, sənin haqqında ki, bu qədər lətifələr düzəldiblər, bunlar doğrudurmu? Dedi ki, kimdir düzəldən bunu? Bunu edən bax budur, bu yanındakı qoca. Ona hərdən qoca deyirdi. "Çoxunu özündən toxuyur da, nə edim?" İsmayıl müəllim dedi ki, istəyirsən 1-2-ni sənin yanında deyim, əgər belə deyilsə, təkzib elə. Başladı nəql etməyə. Bir gün Moskvadan Yazıçılar İttifaqının məsul katibi Surovtsev gəlmişdi Bakıya. Biz "İnturist”də (o zaman mehmanxana. Artıq sökülüb – red.) ona qonaqlıq verirdik. Bu qonaqlıqda mən səni təqdim edəndə dedim ki, bu, bizim məşhur şairimiz Hüseyn Arifdir. Özü də bu yaxınlarda ona "Qırmızı əmək bayrağı ordeni" veriblər. Belə deyəndə sən yavaşca mənə dedin ki, ayə, denən ki, Bəxtiyar Vahabzadəyə "medal" veriblər. İsmayıl müəllim bunu deyəndə, Hüseyn Arif dedi ki, "bəli, bu olub". Bundan sonra ikinci bir əhvalatı danışdı. Dedi ki, siz Gəncədən keçəndə Yusif Səmədoğlu ilə birlikdə maşını bir dölmənin (dalanın) qabağında dayandırıb deyibsiniz ki, "bu dölməni görürsənmi, bu dölmədən bir vaxt 100 camış çıxırdı, bir alim. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu bu şəhərdə fəaliyyət göstərəndən sonra bu dölmədən 100 alim çıxır, bir camış". Bundan sonra bir neçə lətifə də danışdı, bunların bəzisini Hüseyn Arif təsdiqlədi, bəzisini təkzib etdi. Ancaq buna baxmayaraq, əhval-ruhiyyəsi yüksəldi. İsmayıl Şıxlı çox təvəzökar bir adam idi. Yadımdadır, 1989-cu ildə onun 70 illik yubileyi ərəfəsində ona belə təklif verəndə, o, heç həvəs də göstərmədi. Lakin dostlarının təkidi ilə onun 70 illik yubileyi Akademik Dram Teatrında çox sadə bir şəkildə keçirildi. Orada İsmayıl Şıxlı gözəl çıxış etdi. Yadda qalan bir yubiley gecəsi oldu. 1994-cü ildə İsmayıl müəllim bir az nasaz idi, mən də onlara getmişdim. Birdən ona zəng oldu ki, onun 75 illik yubileyini keçirmək məqsədilə komissiya yaratmaq istəyirlər. İsmayıl Şıxlı buna qəti etiraz etdi, 75 illik yubileyinin keçirilməsinə razılıq vermədi. Dəstəyi asandan sonra biz söhbət etdik. Söhbət əsnasında dedi ki, ay Tofiq, belə bir gərgin vaxtda, xalqın ağır vaxtında, torpaqlarımızın əlimizdən getdiyi bir vaxtda, bu qədər qaçqının olduğu bir vaxtda yubiley keçirməyin mən əleyhinəyəm. Ona görə ki, mən bunu özümə sığışdıra bilmirəm və buna qətiyyən yol verə bilmərəm. Doğrudan da onun 75 illik yubileyi etirazı ilə keçirilmədi. Ancaq ev şəraitində özümüz qeyd etdik və İsmayıl müəllimin özünün iştirakı ilə olan bu ev qonaqlığında, çox gözəl məclisdə dostları ürək sözlərini dedi, İsmayılın da əhval-ruhiyyəsi yüksəldi. İsmayıl müəllimlə keçirdiyimiz günlərin xatirələri çoxdur. Mən bunu Gəncədə çox məşhur olan əfsanə ilə qurtarmaq istəyirəm. Bu əfsanə böyük Azərbaycan şairi Mirzə Şəfi Vazeh haqqındadır. Bir gün Mirzə Şəfi Vazeh öz dostları ilə bir məclisdə əyləşmişdi. Burada Mirzə belə bir söz deyib. Deyib ki: "Əgər sizə bir gün desələr ki, Mirzə Şəfi Vazeh ölüb, inanmayın. Desələr ki, onu yudular, kəfənə tutdular, apardılar qəbiristanlığa, inanmayın. Desələr ki, Mirzə Şəfini basdırdılar, üstünü torpaqladılar, inanmayın. Əgər desələr ki, Mirzə Şəfini onun dostları yaddan çıxarıb, unudub, onda inanın ki, mən ölmüşəm". İsmayıl Şıxlı heç bir zaman yaddan çıxan şəxsiyyət deyil. İsmayıl Şıxlı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Nə qədər Azərbaycan xalqı yaşayır, o qədər İsmayıl Şıxlının xatirəsi yad olunacaq. Allah ona rəhmət eləsin! Tofiq BAĞIROV Geri qayıt |