Əsas Səhifə > Ədəbiyyat > Bir il ötdü...

Bir il ötdü...


16-05-2019, 10:56

 

Bütöv şəxsiyyətin nəhəng dağa bənzəri var. Bu dağın özünəməxsus vüqarı, əzəməti yaxınlıqdan duyulmadığı kimi, həqiqi şəxsiyyətin də öz sağlığında qədir-qiyməti lazımınca bilinmir. Onu başqalarından fərqləndirən nadir insani keyfiyyətləri, zəngin mənəvi dünyası diqqətdən kənarda qalır. İsmayıl Şıxlı bizim yüksək mənəviyyatlı, böyük daxili aləmi olan nadir ziyalılarımızdan idi, təkrar olunmaz şəxsiyyət idi. Artıq bir ildir o, sıralarımızda yoxdur. Vacib iclas və yığıncaqlardan, mühüm toplantılardan həqiqi kişilərə məxsus mərd səsi gəlmir. Milli Məclisin taleyüklü məsələlər müzakirəsindən sanballı sözü, mülahizələri eşidilmir. Bəzi bəsit düşüncəli, kiçik mənəviyyatlı deputatlarımıza özünü aparmaqda, sözünün, danışığının yerini bilməkdə, davranış qaydalarında örnək olmaqda yeri necə də aydın görünür. Mən özünütərif mənasında demirəm, bütün şüurlu həyatım boyu heç kəsin tale uğuruna, tanrı qismətinə küsənməmişəm. Heç kimə heç nədə həsəd aparmamışam. Ancaq İsmayıl Şıxlıya münasibətim tamam başqa cür olub. Onun təmkininə, ekstremal vəziyyətlərdə, çox gərgin anlarda səbrli, soyuqqanlı hərəkətlərinə, müxtəlif təbiətli adamlarla dil tapmaq, ünsiyyət yaratmaq qabiliyyətinə açıq-açığına qibtə etmişəm. İsmayılda irsi, əsil-nəsildən gəlmə bəyzadəlik vardı. Gözü, nəfsi tox idi. Əksər həmyaşıdları olan qələm yoldaşları kimi hər addımından istər maddi, istərsə də mənəvi gəlir ummurdu. Hansısa adı, mükafatı almaqdan ötrü qapılarda gecələmirdi. Bu və ya başqa bir işi üçün vəzifəli şəxslərə tanış-bilişlərini xahiş-minnətə göndərmirdi. Halal haqqını tələb etməyi də özünə əskiklik sayırdı. Ona qarşı olmuş ədalətsizliyi dostlarına, qəlb yaxınlarına yüngül gileylə deməklə kifayətlənirdi. Yadımdadır, yetmişinci onilliyin əvvəlində, dəqiq tarixi yadımda deyil, İsmayılın "Dəli Kür" romanı Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim edilmişdi. Əsəri mükafata layiq bilmədilər. Özgə səbəb tapmayıb, romanda bəyliyin idealizə edildiyini bəhanə gətirdilər. Onun yerinə isə bədii cəhətcə çox zəif, mündərəcədən kasıb bir əsəri "hörmətə" mindirdilər. Ümumiyyətlə, o dövrlərdə əsərlərə mükafatlar yüksək bədii dəyərinə, sənətkarlıqla yazıldığına görə deyil, ayrı-ayrı münasibətlərə, mülahizələrə görə verilirdi. İndi hanı mükafat almış o əsərlər? Nə üçün bu gün onları heç kim oxumur, heç kəs xatırlamır? Axı, necə xatırlasınlar? O əsərlər ölü doğulmuşdular. Bəli, ədalətsiz dövrün haqsızlıqlarını biz az görmədik. Amma təsəllimizi ayrı şeylərdə tapdıq. Dəyərli əsərlərimiz dövlət diqqətindən kənarlaşdırılsa da, xalqın məhəbbətini qazandı. Daim sevildi, əzizləndi, yaddaşlara həkk olundu. Onların mükafatını sənət qədrini bilənlər verdi. "Dəli Kür" kimi həqiqi sənət nümunələrimiz dünən də sevilə-sevilə oxundu, milyonların rəğbətini qazandı, ürəklərdə yaşadı, bu gün də eyni məhəbbətlə oxunur, qəlbləri fəth edir. Qəti əminəm ki, sabah da, lap neçə-neçə illər bundan sonra da eyni istəklə oxunacaq, könüllərdə yaşayacaq və müəllifini daim hörmətlə xatırlatdıracaqdır.

 

İsmayıl Şıxlının başqa bir əziz yadigarı da yazı masamın üstündədir.  Vaxtaşırı götürüb vərəqləyirəm. Bu, onun son əsəri "Ölən dünyam" romanıdır. Amansız xəstəlik imkan vermədi ki, onu sənətin bütün tələbləri və üstəgəl öz yazıçı ciddiyyəti ilə işləsin. Gözlərinin görməməsi, əlinin qələm tutmaması üzündən romanı diqtə ilə həyat yoldaşı Ümidə xanıma cümlə-cümlə yazdırmışdı. Müəllifin kitaba ön sözündə qəlb ağrısı ilə oxuyuruq: "Yazıb-oxuya bilməməyim mənim planlarımı alt-üst elədi. Uzun iztirab və tərəddüddən, ailə məşvərətindən sonra bu qənaətə gəldik ki, mən əsəri diqtə edim və həyat yoldaşım Ümidə Şıxlı onları yazıya köçürsün. Bu qayda ilə əsəri hissə-hissə, fəsil-fəsil başa çatdırdıq". Bədii əsərin diqtə ilə qələmə alınmağı hara, özün kağızla üz-üzə

dayanıb, hadisələri hiss-həyəcanlarınla, qəlb acıları və sevinclərinlə dönə-dönə pozub, daha təzə ifadələr, metaforalar tapmaq hara? Bədii yazıda, özünü ifadədə bunların fərqi ölçüsüz dərəcədə böyükdür. Əfsus ki, qələminin qüdrətinə, yaradıcı təxəyyülünün vüsətinə bələd olduğumuz İsmayıl həmən imkandan məhrum idi. Ancaq bununla belə, roman gərgin diqqət və intizarla oxunur. Yazıçının dolğun xarakterlər yaratmaq, obrazların psixoloji aləmini, danışıq tərzlərini fərdiləşdirmək, hadisələri düzgün seçib maraqla inkişaf etdirmək, həyat gerçəkliyinə heç nədə xələl gətirməmək bacarığı, fitri istedadı burda da aydın nəzərə çarpır, oxucularını əfsunlayır.

Eh, gidi dünya, gör kimi torpaqlara qarışdırdın. Xalqın dar gündə ümid bəslədiyi, ağlına, qeyrətinə pənah gətirdiyi işıqlı bir beyin, haqq-ədalət üçün çırpınan alovlu bir ürək söndü. Ziyalılar zümrəsi, ədəbi ictimaiyyət daha bir güvəncini itirdi. İndi budur, böyük itkimizin bir ili tamam olur. Heç bilmədik həftələr, aylar necə ötüşdü? Hər şey necə xatirəyə döndü? Vaxt vardı, cansıxıcı mühit, gərgin siyasi-ictimai hadisələr, bitib-tükənməyən məişət qayğıları qəlbimi ağır məngənə içində  sıxanda, heç nə ilə ovuna, özümə yer tapa bilməyəndə zəng çalıb onu dəniz kənarı xiyabana - "Fontanlar" tərəfə söhbətə çağırırdım. Yaxud da o, məni sakit axşamlarda "başmaq seyri"nə səsləyirdi. Sahil boyu var-gəl edə-edə narahat dünyamızdan, müşkülə düşmüş məsələlərdən danışırdıq, məsləhətləşirdik. Ürəyimizi boşaldıb, bir-birimizə təskinlik verib, yüngülləşər, xoş əhvalla ayrılıb evə qayıdardıq. İndi ürəyimi açmağa, dərdimi bölüşüb yüngülləşməyə söhbət yoldaşım yoxdur. Daha sahilə də seyrək-seyrək çıxıram. Tək-tənha köhnə gəzinti yerlərimizdə gəzirəm. Çox zaman xəyalımda İsmayılla söhbətlərimizi təkrarlayıram...

İsmayıl Şıxlı. Bu gün onun ölümündən bir il ötdü. Doğrusu, bu yoxluğa inanmaq istəmirsən. Görməyə vərdiş etdiyimiz o ağayana tərpəniş, təmkinli, ağıllı davranış, bığaltı şirin təbəssüm yenə də gözlərimiz önündədir. Ölməz əsərləri ilə bərabər, bütöv şəxsiyyəti onu həmişə yaşadacaq. Bir il deyil, neçə-neçə onilliklər ötəcək, İsmayıl Şıxlı beləcə böyük rəğbətlə, məhəbbətlə xatırlanacaq. Allah ona qəni-qəni rəhmət eləsin!

Vidadi BABANLI,

Yazıçı, Əməkdar incəsənət xadimi.

23 iyul 1996-cı il


Geri qayıt