Hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə
yaşanan koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar mart ayının 3-dən etibarən
məktəbəqədər təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmışdı.
Uşaqlar bir-birindən gözəl, rəngarəng oyuncaqlarla, al-əlvan çiçəklərlə dolu
olan bağçalarından uzaq düşmüşdülər. Bu gün isə bağçalarda həyat öz axarı ilə davam edir. Əvvəlki tək bağça həyətlərindən
uşaq səsləri, körpə gülüşləri eşidilir.
Respublikamızın hər yerində olduğu kimi,
Qazaxda da məktəbəqədər təhsil
müəssisələri öz işini Azərbaycan Respublikası
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan
Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və
təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli 312
nömrəli Qərarına uyğun şəkildə mövcud vəziyyət nəzərə alınmaqla,
sanitar-gigiyenik normalara əməl edilməklə qurub.
Qazax Rayon İcra Hakimiyyətinin tabeçiliyində olan
şəhər və kəndlər üzrə 25 (6-sı şəhər, 19-u
kənd) məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir ki, həmin
bağçalarda dezinfeksiya işləri ilə yanaşı, geniş təmizlik, tibbi-profilaktik
işlər aparılıb. Rayonda uşaq bağçaları fəaliyyətə başladıqdan sonra
otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqət artırılıb. Bundan
əlavə, hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər
gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçülür. Həmçinin, bütün
bağçalarda xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena və karantin
qaydalarının tələblərinə ciddi əməl olunmasına, işçilərin tibbi maskadan
istifadə etmələrinə, sosial məsafənin gözlənilməsinə Qazax Rayon İcra
Hakimiyyətinin əməkdaşları tərəfindən daim nəzarət olunur.
95 yerlik Qazax şəhər 3 saylı
körpələr evi-uşaq bağçasının müdiri İradə Mustafayeva qeyd edir ki: "Necə ki,
balaca fidanlar bağçaları üçün həsrət çəkir, darıxırdılar, eləcə də biz bağça
müdirləri, tərbiyəçi müəllimlər uşaqların yolunu, qayıdacağı günü səbirsizliklə
gözləyirdik. Şükürlər olsun ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi
altında dövlətimizin qayğısı sayəsində çətin günlər qismən də olsa arxada
qaldı. Və budur biz yenə doğma uşaqlarımızla bir yerdəyik. Bunun belə davam etməsi
üçün də xüsusi karantin rejiminin qaydalarına, verilən tapşırıq və tövsiyələrə
birmənalı şəkildə əməl etməliyik. Çünki gələcəyimiz olan uşaqların sağlamlığını
qorumaq biz müəllimlərin, tərbiyəçilərin, eləcə də hər birimizin borcudur”.
90
yerlik Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının müdiri Elnarə Qurbanova
da bağçaların açılmasını, öz fəaliyyətni bərpa etməsini, sevimli uşaqlarla bir
yerdə olmalarını sevinc hissi ilə qarşıladıqlarını bildirir. Öz yoldaşları ilə
onlayn şəkildə görüşən, mahnı, şeir payını onlayn şəkildə çatdıran balacaların əvvəlki
tək bağçalarında mahnı oxuyub, şeir söylədiklərini qeyd edir. Ölkə başçısı İlham
Əliyevin uzaqgörən siyasəti, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi təxirəsalınmaz
tədbirlərin sayəsində Azərbaycanın bu bəladan da alnıaçıq, üzüağ şəkildə xilas
olacağını söyləyir.
3
saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Kəmalə Sanıyeva, valideynlərdən
Maya Eminova, 6 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Gülnar
Hüseynova, valideynlərdən Lilpar Aşırova da bağçaların açılmasını sevinc hissi
ilə qarşıladıqlarını qeyd edirlər. Ölkə Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində pandemiya ilə mübarizə
sahəsində görülmüş işlərə və əldə edilən uğurlu nəticələrə görə minnətdarlıqlarını
bildirirlər. Xüsusi karantin rejiminin qaydalarına məsuliyyətlə yanaşmağın,
ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirirlər.
Bu barədə GOYEZEN.AZ internet portalına fikirlərini bölüşən bağça
müdirlərinin, valideyn və tərbiyəçilərin minnətdarlıq və razılıq dolu həmin
videosunu təqdim edirik.
Geri qayıt
|