Əsas Səhifə > Təhsil > “Sağlam gələcək bizimlə gələcək!” layihəsi öz işini davam etdirir

“Sağlam gələcək bizimlə gələcək!” layihəsi öz işini davam etdirir


21-02-2025, 22:03


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Sağlam gələcək bizimlə gələcək!” layihəsi uğurla icra olunur. Qeyd edək ki, "Sağlam gələcək bizimlə gələcək!" qrant layihəsinin müəllifi Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin Fizika müəllimi Nuranə Şərifova, layihənin icraçısı isə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Tahirə Xasməmmədovadır. Layihənin məqsədi məktəblilər, gənc müəllimlər və valideynləri cəlb etməklə şagirdlər arasında sağlam həyat tərzinin təbliği ilə yanaşı asudə vaxtın səmərəli istifadəsi və  rayonumuzda ekoloji təmizliyin qorunmasına nail olmaqdır. Hazırda layihənin icrasına Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəb olmaqla 10 nəfər müəllim, 30 nəfər şagird cəlb olunmuşdur. Bu rəqəm könüllülərin istəyi əsasında artmışdır. Şagirdlər əsasən 7-8-9-cu sinifləri əhatə edir. Ekspert, layihə icraçısı və təlimçidən ibarət olan komanda müəllim-şagird-valideyn kontingentini layihənin icrası boyu daha sıx əlaqələrlə birləşdirir.  

Qeyd edək ki, layihənin icraçısı Tahirə Xasməmmədova layihədəki təlimata uyğun olaraq layihəni müvəffəqiyyətlə davam etdirir. Layihə boyunca şagirdlər təbiətə səyahət edərək onu necə qorumağın yollarını öyrənir, məktəbdə debatlar təşkil edir, komanda şəklində məktəbliləri və valideynləri maarifləndirirlər. Müəllimlər və valideynlərlə birgə velo təlimlər keçirirlər. Görülən bu işlərin ətraf mühitə və onların özlərinə necə faydalı olduğunu anlayırlar və eyni zamanda, digər şagirdləri də maarifləndirirlər.  

Layihə iştirakçıları layihənin icracı boyunca çox böyük işlər görmüşlər. Belə ki, Qazax şəhər Yol salma idarəsinə səfər edən şagirdlər velosiped yollarının çəkilişi və yolların yaşıllaşdırılması haqqında müəyyən məlumat toplayıblar. Yaşıllaşma üçün meyvə çəyirdəkləri, xüsusilə şam qozası toxumları yığırlar. “Qızıl Aypara” təşkilatı ilə əməkdaşlıq edərək, ilkin yardım gələnədək velosiped qəzaları olarsa, necə yardım etməyin yollarını öyrənmişlər. Rayon rəhbərliyinin xüsusi dəstək və qayğısı ilə layihə iştirakçıları şəhər mərkəzində yerləşən Bazarstore” ərazisində aksiya keçirmişlər. Plastik qablardan, su və elektrikdən səmərəli istifadə edən alıcılara özlərinin əl ilə tikdikləri (köhnə cins şalvar, çətirlərdən) çantaları hədiyyə etmişlər və həmən ərazini 1 gün ərzində təbiəti qorumağa səsləyən informativ plakatlarla bəzəmişlər. Yol Polisləri ilə görüşlər təşkil edərək Qazax rayonunun ekologiyasını qorumaq naminə “Qazax bir gün maşınsız” təklifini irəli sürmüşlər və hazırladıqları fəaliyyət planını təqdim etmişlər.

15.02.2025-ci il tarixdə Yaşıl dünya naminə bir komandada birləşən layihə iştirakçıları Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbində keçirilən müəllifi Nailə Əfəndiyeva, icraçısı Şəlalə Məhərrəmova olan “Mən qorxuya qalib gəldim” layihəsi ilə birgə aksiya keçiriblər. 

Aksiya Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbindən başlayaraq, Qazax Rayon Polis Şöbəsinədək davam edib. 2,5 km-lik məsafədə velosiped və piyada yürüşü keçirilib. Yürüşdə plakat və velosipedlərlə gəlmiş şagirdlər Qazax əhalisinə bir daha maşından az istifadə etməyi, ölkəmizi, dünyamızı çirkləndirməməyə, tullantıların sayını azaltmağa və əlbətdə ki, digər layihəyə dəstək olaraq bulinqsiz həyata səsləyiblər. Layihədə 100 nəfərədək şagird, müəllim və valideynlər iştirak ediblər. Maşınsız yollarla irəliləyən şagirdlər daha inamla bulinqə, çirklənməyə yox deyiblər. Aksiyadan sonra öz təəssüratlarını bölüşən şagirdlər bu günü nəinki bir ömür boyu unutmayacaqlarını, eyni zamanda, bir ömür boyu insanları bu amal uğrunda səsləyəcəklərini bildiriblər. 

Layihə iştirakçıları, şagirdlər onların layihələrini diqqət və maraqla izləyən, çətinliklərin öhtəsindən gəlmək üçün layihəyə öz qayğı və köməyini əsirgəməyən rayon rəhbərliyinə minnətdarlıq etməyi də unutmurlar.


Geri qayıt