Əsas Səhifə > Təhsil > “Sağlam gələcək bizimlə gələcək!” layihəsi uğurla icra olunur
“Sağlam gələcək bizimlə gələcək!” layihəsi uğurla icra olunur18-01-2025, 13:47 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olmuş “Sağlam gələcək bizimlə gələcək!” layihəsi uğurla icra olunur. Qeyd edək ki, "Sağlam gələcək bizimlə gələcək!" qrant layihəsinin müəllifi Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin Fizika müəllimi Nuranə Şərifova, layihənin icraçısı isə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Tahirə Xasməmmədovadır. Layihənin məqsədi məktəblilər, gənc müəllimlər və valideynləri cəlb etməklə şagirdlər arasında sağlam həyat tərzinin təbliği ilə yanaşı asudə vaxtın səmərəli istifadəsi və rayonumuzda ekoloji təmizliyin qorunmasına nail olmaqdır. Hazırda layihənin icrasına Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəb və Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəb olmaqla 10 nəfər müəllim, 30 nəfər şagird cəlb olunmuşdur. Bu rəqəm könüllülərin istəyi əsasında arta da bilər. Şagirdlər əsasən 7-8-9-cu sinifləri əhatə edir. Ekspert, layihə icraçısı və təlimçidən ibarət olan komanda müəllim-şagird-valideyn kontingentini layihənin icrası boyu daha sıx əlaqələrlə birləşdirir. Yanvarın 17-də Yaşıl dünyanın təşviqi layihəsinin iştirakçıları fəaliyyət proqramı üzrə Qazax rayon Polis Şöbəsinə səfər ediblər. Layihə iştirakçılarından Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8 nəfər şagirdini Qazax Dövlət Yol Polisi Bölməsinin Təbliğat və Təşviqat üzrə inspektoru, polis baş leytenantı Babək Həsənov və polis kiçik serjantı Coşqun Nəsibov qəbul ediblər. Şagirdlərin velosiped üçün nəzərdə tutulan yolların çəkilişi, ekoloji baxımdan təbiəti daha çox çirkləndirən maşınlar və onların istismarına qoyulmış qadağalar, habelə Qazax rayonunda şəxsi nəqliyyat vasitələrini hansı yollarla azaltmaq olar kimi suallarını polis əməkdaşları dolğun, hərtərəfli cavablandırıblar. Layihə iştirakçıları irəli sürdükləri ”Qazax bir gün maşınsız” təşəbbüsünü də əməkdaşlarla bölüşüblər. Polis əməkdaşları bu təklifi bəyəndiklərini bildiriblər. Eyni zamanda buna tam şəkildə nail olmağın mümkünsüzlüyünü də vurğulayıblar. Əgər bu təşəbbüs mümkün olarsa, ictimai nəqliyyat, təcili yardım və müəyyən iş adamları mütləq nəzərə alınmalı olduğunu vurğulayıblar. Şagirdlər özləri tərtib etdikləri fəaliyyət planını polis əməkdaşlarına təqdim ediblər. Layihə iştirakçıları görüşdən çox böyük təəssüratla qayıdıblar. Onlar doğma Qazaxımız üçün nəsə etməyi bacardıqları üçün özlərini şanslı hesab edirlər. Qazax 1 saat belə maşınsız olarsa, bu, yüzlərlə maşınların atmosferə verdiyi zərərəli qazların bir az olsa da belə azaldılmasına nail olmaqdır. Məktəblilər layihələrini xüsusi diqqət və maraqla izləyən, çətinliklərin öhtəsindən gəlmək üçün onlara öz qayğı və köməyini əsirgəməyən rayon rəhbərliyinə minnətdarlıq etməyi də unutmurlar.
Geri qayıt |