Əsas Səhifə > Təhsil > Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş seminar keçirilib
Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş seminar keçirilib9-04-2024, 19:43 |
Hər kəsə yaxşı məlumdur ki, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir. Aprelin 9-da Qazax Dövlət Sosial-İqtisadi Kollecində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş seminar keçirilib. Seminarda Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Kollecin rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açaraq Kollecdə təşkil olunan seminara görə rayon rəhbərliyinə razılığını ifadə edib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova bu gün dünyanı narahat edən qlobal problemlərdən olan iqlim dəyişiklikləri və onların canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Ölkəmizin də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmadığını, bunun özünü xüsusilə kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və digər sahələrdə göstərdiyini bildirib. Müavin qeyd edib ki, insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində COP sazişini imzalamışdır. COP (Conference of Parties) tərcümədə Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. COP-un katibliyi Bonn şəhərində yerləşir, ilk tədbiri 1995-ci ilin martında Berlində, sonuncu COP28 tədbiri isə 2023-cü ildə Dubayda təşkil edilmişdir. Yüz minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olmuşdur. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılmışdır. Sözügedən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə olaraq iştirak etmişdir. 9 dekabr 2023-cü il tarixdə COP28-in plenar iclasında Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi qərara alınmışdır. Müavin qeyd edib ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi Respublika Prezidentinin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Ölkəmizin qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacağını söyləyib. 2023-cü ilin dekabr ayının 15-də COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildiyini, müşavirədə cənab Prezidentin “Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Ona görə biz dərhal bütün hazırlıq işlərinə start verməliyik” fikrinin üzərimizə düşən məsuliyyəti bir daha dərk etməli olduğumuzu bildirdiyini qeyd edib. COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsinin təmin edilməsi məqsədilə “Təşkilat Komitəsinin” yaradılması haqqında 13 yanvar 2024-cü il tarixli Sərəncam imzaladığını, Komitənin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə 55 nəfər üzvdən ibarət olduğunu diqqətə çatdırıb. G.Həsənova Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə həmin torpaqlarımızda ekologiyamızın, yaşıllıqların vəhşicəsinə məhv edildiyini, yandırıldığını, təbii sərvətlərimizin talandığını, Azərbaycan ərazilərində törədilən ekoloji terroru, əhalinin sudan məhrum edilməsini, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsini, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalmasını, Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzü dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın mühüm əhəmiyyət daşıdığını bildirib. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladığını, bu Sərəncamın Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut etdiyini bildirib. Digər tərəfdən ölkə başçısının 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsini bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirmək və ətraf mühitin qorunması istiqamətində görüləcək işləri xeyli dərəcədə intensivləşdirmək baxımndan böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Müavin bildirib ki, Sərəncamda qeyd edildiyi kimi, “Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir”. Müavin Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı imzalanmış 25 dekabr 2023-cü il tarixli Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən Tədbirlər Planının təsdiq olunduğunu söyləyib. Təsdiq olunmuş Tədbirlər Planının 6 bənd 58 yarımbənddən ibarət olduğunu, Tədbirlər Planındakı 11 yarımbəndin yerli icra hakimiyyətlərinə aid olduğunu diqqətə çatdırıb. Qeyd edilən yarımbəndlər üzrə beynəlxalq əhəmiyyətli forum, konfrans və seminarların keçirilməsinin, ətraf mühitin qorunması istiqamətində təbliğat-təşviqat işlərinin aparılmasının, ağac-kol tinginin əkilməsi və qiymətli meşə cinslərinə aid toxumların səpilməsinin, göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanmasının, xüsusi mühafizə olunan təbiət ərazilərinin (qoruqlar, parklar) sayının artırılmasının, “Yaşıl binalar” layihəsinin həyata keçirilməsinin, su ehtiyatlarından səmərəli istifadənin təmin olunmasının, istifadə olunmuş kağızların təkrar emal müəssisələrinə təhvil verilməsi və elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsinin, ölkə ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi kimi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Administrasiyanın Tədbirlər Planının icrası məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısı tərəfindən imzalanmış 19.03.2024-cü tarixli 9-23/183 nömrəli Sərəncamla Tədbirlər Planının təsdiq edildiyini söyləyib. Tədbirlər Planının 2.1-ci yarımbəndinin icrası ilə əlaqədar növbəti tədbirin Qazax Dövlət Sosial-İqtisadi Kollecində keçirildiyini bildirib. Tədbirlər Planının 3.1-ci yarımbəndinə uyğun olaraq 13 mart 2024-cü il tarixdə Qazax rayonunun Dəmirçilər kəndi ərazisində 0,50 ha torpaq sahəsində 1600 ədəd göyrüş ağacı əkildiyini, ağacəkmə aksiyasının davam etdiriləcəyini söyləyib. Müavin sonda bir daha vurğulayıb ki, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və bu il münasibətilə qəbul edilmiş Tədbirlər Planının yüksək səviyyədə icra edilməsi bir daha Azərbaycan dövlətinin nüfuzunu beynəlxalq aləmdə tanıdacaqdır. Qazax Dövlət Sosial-İqtisadi Kollecin Fənn Birləşmə Komissiyasının sədri Svetlana Mahmudova, Ekoloq müəllim Alidə Civişova, tələbə Turxan Əliyev çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. Çıxışlarda cəmiyyətin inkişafında yaşıl dünyanın kosmik rolu, yaşıl enerji və ətraf mühit problemləri, bərpa olunan enerji sahəsində texnoloji trendlər, bioyanacaq və hidrogen iqtisadiyyatı, bərpa olunan enerji texnologiyaları və onların cəmiyyətin sosial-iqtisadi inkişafına təsiri kimi mühüm məsələlər müzakirə olunub. Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını bu sahədə böyük töhfə verəcəyini diqqətə çatdırıblar. Ətraf mühitin sağlamlaşdırılmasının Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən danışıblar. Ölkəmizin həyatında tarixi hadisə olacaq COP29-un Bakıda keçirilmək qərarının Azərbaycanın və onun liderinin şəxsi nüfuzunun dünya birliyi tərəfindən təsdiqinin nəticəsi kimi dəyərləndiriblər. Diskussiya şəklində davam edən seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.
Geri qayıt |