Əsas Səhifə > Təhsil > Uşaq Səfirlər Məclisinin region nümayəndələri seçilmiş fəal məktəblilərlə görüşüblər
Uşaq Səfirlər Məclisinin region nümayəndələri seçilmiş fəal məktəblilərlə görüşüblər18-03-2024, 20:17 |
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.2-ci bəndinə uyğun olaraq uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, eyni zamanda, sərbəst fikir söyləmək bacarıqlarının inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər keçirilmişdir. Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Respublika Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələrək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların da bu prosesə öz töhfəsini verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə 1 iyun 2020-ci il tarixində “Uşaq Səfirlər Məclisi” yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “Uşaq Səfirlər Məclisi”nin əsas missiyası uşaq hüquqları istiqamətində müvafiq maarifləndirmə işinin aparılması və ya hüquqların pozulması halları ilə qarşılaşdıqda müvafiq məsələlərin aidiyyəti icra orqanı qarşısında qaldırılması və bu problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, hökumət və ictimai iştirakçılıq vasitəsilə uşaqların bir-biri ilə əlaqələləndirilməsi, proseslərə qoşulması və güclərinin artırılmasında fəal iştirak etməkdir. Qazax rayonunda təhsil alan fəal məktəblilər arasından təqdim edilmiş namizədlərdən 2 nəfər məktəbli Komitə tərəfindən regional nümayəndə seçilmişdir. Seçilmiş nümayəndələr istər məktəbdaxili, istər rayondaxili, istərsə də rayondan kənar bir sıra tədbirlərdə aktiv iştirak etmiş, fənn olimpiadalarında rayonumuzu ölkəmizdə və digər respublikalarda layiqincə təmsil etmişlər. Qazax rayonu üzrə “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəsi kimi 2 nəfər məktəbli – Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Abdurahmanlı Sərdar Ramil oğlu və Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əyyublu Zeynəb Vüqar qızı rayonumuzu təmsil edirlər. “Uşaq Səfirlər Məclisi”nin region nümayəndələrinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə təhsil sektoru ilə birgə rayon məktəbliləri arasından öz fəallığı ilə fərqlənən 20 nəfər məktəbli seçilib. Martın 18-də Qazax Rayon İcra Hakimiyyətinin akt zalında “Uşaq Səfirlər Məclisi”nin region nümayəndələri ilə seçilmiş məktəblilərin görüşü olub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək iştirakçılara “Uşaq Səfirlər Məclisi” haqqında ətraflı məlumat verib. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, il çərçivəsində həyata keçiriləcək layihələri diqqətə çatdırıb, uşaqlara gələcək fəaliyyətləri barədə onları istiqamətləndirən tövsiyələr verib. Sonra “Uşaq Səfirlər Məclisi”nin regional nümayəndəsi olan Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Zeynəb Əyyublu çıxış edərək seçilmiş fəal məktəblilərlə öz təcrübələrini bölüşüb, uğurlarından danışıb. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Uşaq Səfirlər Məclisi”nin nümayəndəlikləri üçün həyata keçirilən “Yalnız bir Dünya” adlı layihə barədə məlumat verib, fikirlərini bölüşüb.
Geri qayıt |