Əsas Səhifə > Təhsil > Məktəblilər rayonumuzun tarixini öyrənirlər

Məktəblilər rayonumuzun tarixini öyrənirlər


18-12-2017, 18:51
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Artıq iki həftədir ki, rayon məktəbliləri Qazax Tarix-Diyarşünaslıq Muzeyinə gəlir, burada nümayiş etdirilən eksponatlarla yaxından tanış olur, rayonumuz haqqında ətraflı məlumat əldə edirlər.

Məlumat verdiyimiz kimi, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən keçirilən belə maarifləndirici tədbirlərdə əsas məqsəd rayonumuzu, onun tarixini dərindən öyrənmək, tarixi şəxsiyyətlərini, şairlərini, yazıçılarını, aşıqlarını yaxından tanıtmaqdır.

Hər gün demək olar ki, bir neçə məktəbin qonaq olduğu muzeylə bu gün Aydın Məmmədov adına Qaymaqlı, Aslan Kəmərli adına Kəmərli, Akif Bəbirov adına Xanbağı və Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəblərin şagirdləri tanış olublar.

Muzeyin bələdçisi Arzu Alıyeva şagirdlərə muzeyin eksponatları, Qazax rayonunun tarixi, dünəni və bu günü haqqında ətraflı məlumat verib. Qazaxın tarixi mədəniyyət abidələri, təbiət görüntüləri, “Qazax zaman kəsiyində: faktlar, şəxsiyyətlər” guşəsində qədim daş dövründən müstəqillik dövrünə kimi olan tarixi inkişaf haqqında olan məlumat şagirdlərə ətraflı şəkildə izah olunub. Qazaxın faunası, bitki örtüyü və torpaq növləri, təbiət guşələri məktəblilərin böyük marağına səbəb olub.

Qazax rayonunun 34 kəndini özündə əks etdirən xəritə və rayonumuz haqqında olan dolğun məlumat şagirdlər tərəfindən maraqla qarşılanıb.

“Qazax sultanlığı” və “Bəy otağı” adlı guşələrdə o dövrün xanlarına, bəylərinə məxsus olan həyat tərzi ilə tanış olan şagirdlərə bu haqda geniş məlumatlar verilib.

Daha sonra məktəblilər muzeyin 2-ci mərtəbəsində əsasən yaz və qış aylarında qurulan “Alaçığa” baxan rayon məktəbliləri alaçıqlar barədə maraqlı biliklər əldə ediblər.

Həmçinin, şagirdlərə “Qazax geyimləri” adlı guşədə bədii və etnoqrafik özəlliklərə malik geyimlərimiz, 1867-ci ildə ümumrusiya at sərgisində mükafat almış “Uzelok” ləqəbli məşhur Dilboz atı haqqında da məlumat verilib.

“Səməd Vurğun”, “Aşıq sənəti”, “Qazax qəzası”, “Qazax Müəllimlər Seminariyası”, “Görkəmli şəxsiyyətlər”, “Qazax 1920-1990-cı illərdə”, “Qazax Dövlət Dram Teatrı”, “1941-1945: II Dünya müharibəsi”, “Müasir dövr”, “Azərbaycan XXI əsrdə” adlı bölmələrlə tanış olan şagirdlərə hər bölməyə aid maraqlı faktlar çatdırılıb. Şəhidlərimiz, Milli Qəhrəmanlarımız, işğal altında olan kəndlərimizin adlarını özündə əks etdirən “Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” adlı bölmədə orta məktəb şagirdlərinə müharibənin törətdiyi bəlalar, zaman-zaman xalqımızın başına gətirilən müsibətlər haqqında geniş məlumatlar verilib.

Muzeylə tanışlıqdan sonra Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova və Xanbağı kənd tam orta məktəbin müəllimi Emin Mustafayev öz ürək sözlərini bildirərək qeyd ediblər ki, 1 il öncə şəxsən Prezident İlham Əliyevin özünün xeyir-duası ilə istifadəyə verilən Qazax Tarix-Diyarşünaslıq Muzeyi bu gün rayonumuza gələn qonaqların, eləcə də məktəb şagirdlərinin ürəyincədir. Bu gün muzeylə tanış olan şagirdlərimiz buradakı eksponatlar, qədimi əşyalar, ən əsası da rayonumuzun tarixi barədə maraqlı məlumatlar əldə etdilər. Bu ekskursiya istər müəllimlərin, istərsə də şagirdlərin geniş marağına səbəb oldu, muzeylə tanışlıq onlarda xoş təəssürat yaratdı. Çıxış edənlər onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Məktəblilər rayonumuzun tarixini öyrənirlər
Geri qayıt