Bu gün Qazax şəhər S.Əfəndiyev adına 1 saylı və F.Şamoyev adına 4 saylı tam orta məktəblərdə “Sahibkarlıq fəaliyyətinin inkişafına gənclərin təşviq edilməsi” adlı layihə çərçivəsində tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsində qalib olmuş “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyinin keçirdiyi tədbirdə rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, IX-XI sinif şagirdləri, KİV nümayəndələri iştirak edib.
RİHB Aparatının baş məsləhətçisi Kamil Mehdiyev çıxış edərək qonaqları salamlayıb, həyata keçirdikləri maarifləndirici tədbirə görə rayon rəhbərliyi adından minnətdarlığını bildirib. Qeyd edib ki, Qazaxda sahibkarlığın inkişaf etdirilməsi, xüsusilə də gənclərin bu sahəyə cəlb edilməsi üçün geniş imkanlar yaradılıb.
Tədbirlərdə “Azərbaycan Gənc Marketoloq-Reklamçılar” İctimai Birliyinin sədri Hafiz Əzəmmədov çıxış edərək sahibkarlığın gənclər arasında təbliğ olunması ilə bağlı birlik tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, bu gün ölkəmizdə istər sahibkarlara, istərsə də iş adamlarına böyük dəstək göstərilir. Sevindirici hal isə odur ki, bu dəstək bölgələrimizdə də nəzərə çarpacaq dərəcədə hiss olunur. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun dəstəyi və qayğısı sayəsində kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlar və iş adamları üçün yaradılan yüksək şərait gənclərin də bu sahəyə marağını artırır, onların gələcəkdə iqtisadiyyatla məşğul olmalarına güclü təkan verir.
Baytarlıq Elmi-Tədqiqat İnstitutunun təlimatçısı Nurəddin Quliyev “Sahibkarlıq fəaliyyətinin inkişafına gənclərin təşviq edilməsi” mövzusunda geniş məruzə ilə çıxış edərək dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb.
Şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, 4 saylı tam orta məktəbin direktoru Məhəmməd Aşurov çıxış edərək qeyd ediblər ki, gənclərin sahibkarlıq sahəsi ilə bağlı daha dərin biliklərə yiyələnmələri üçün bu cür layihələrin keçirilməsinin böyük əhəmiyyəti vardır.
Tədbirdə məktəblilərə jurnal, üzərində fondun və ictimai birliyin loqosu olan köynəklər paylanılıb.
Səmimi diskusiya şəklində keçən tədbirdə şagirdlərin maraqlı fikir və təklifləri dinlənilib. Fəal iştirak edən şagirdlərə Fəxri Diplom təqdim olunub.