Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında “Açıq qapı” günü keçirilib

BDU-nun Qazax filialında “Açıq qapı” günü keçirilib


25-01-2023, 14:11


Bakı Dövlət Universitetinin Qazax filialında 2022-2023-cü tədris ilinin qış imtahan sessiyası ilə bağlı şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə valideynlərin iştirakı ilə “Açıq qapı” günü keçirilib.

Filialın direktoru, dosent Arif Rüstəmov əvvəlcə valideynlərlə görüş keçirib. O, görüşdə valideynlərə imtahanların şəffaf, obyektiv və yüksək səviyyədə keçirilməsi məqsədilə filialda yaradılmış şəraitdən danışıb. Bildirib ki, qış imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub. İmtahan sessiyası ilə bağlı tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apelyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.

Filialda 17 ixtisas üzrə imtahanların iki növbədə keçirildiyini qeyd edən A.Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olduğunu, tələbələri maraqlandıran sualları cavablandırdığını bildirib.

Sonra valideynlər imtahan keçirilən auditoriyalarda olub, imtahanların gedişatında iştirak edib, övladlarının imtahanı vermə prosesini izləyiblər. 

“Açıq qapı” günündə iştirak edən valideynlər imtahanların obyektiv və şəffaf keçirilməsindən çox məmnun olduqlarını ifadə edib, qış imtahan sessiyasının gedişatından razı qaldıqlarını bildiriblər.

Elçin İSMAYIL,

BDU Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Geri qayıt