Əsas Səhifə > Təhsil > "Narkotiksiz gələcək naminə" adlı tədbir keçirilib

"Narkotiksiz gələcək naminə" adlı tədbir keçirilib


1-12-2022, 20:26


Respublika Prezidenti İlham Əliyevin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı Elm və Təhsil Nazirliyinin 28 avqust 2019-cu il tarixli F-516 nömrəli əmrinə əsasən məktəblilər arasında silsilə maarifləndirici tədbirlər keçirilir. 

Növbəti belə tədbir dekabrın 1-də Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və üzvləri tərəfindən "Narkotiksiz gələcək naminə" adı altında təşkil olunub 

Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon Polis Şöbəsinin narkotiklə mübarizə qrupunun inspektoru, polis mayoru Hikmət Nəsibov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun əməkdaşları Donara Həsənova, Təranə Səmədova və gənc rəssam, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov iştirak ediblər. 

Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. G.Rəhimova narkotik maddələrdən psixi və fiziki asılılıq, davranışlarda baş verən dəyişikliklər, eyni zamanda, psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığının formalaşma mərhələləri, onların sağlamlığa zərərli təsiri barədə ətraflı məlumat verib. Bugünkü tədbirin keçirilməsində əsas məqsədin məktəbliləri bu zərərli vərdişlərdən uzaq durmağa, sağlam gələcək naminə narkotikə yox deməyə çağırmaq olduğunu bildirib.

Çıxış edənlər narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması baxımından müstəsna əhəmiyyətə malik olduğunu qeyd ediblər. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını, narkomaniyaya qarşı sistemli mübarizə aparılmasının vacibliyini vurğulayıblar. Bu cür tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu söyləyiblər.

Sonra dərnək üzvlərinin narkomaniyaya həsr etdikləri rəsmlərə baxış keçirilib, səhnəciklər izlənilib, məktəblilərin fikirləri öyrənilib.




GOYEZEN.AZ


Geri qayıt