Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialının direktoru Milli Qəhrəmanın tələbə adı qazanan nəvəsi ilə görüşüb

BDU-nun Qazax filialının direktoru Milli Qəhrəmanın tələbə adı qazanan nəvəsi ilə görüşüb


16-09-2022, 20:07


Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin nəvəsi Cavidan Əliyev ilə görüşüb.

C.Əliyev bu il qəbul imtahanlarında iştirak edərək uğurlu nəticə əldə edib və ali məktəb seçimlərində BDU Qazax filialının sosial iş ixtisasını seçib.

Filialın direktoru Arif Rüstəmov Cavidanı tələbə adını qazanması münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıb. Qeyd edib ki, Əliyar Əliyev kimi igidlərimiz sayəsində bu gün vətənimiz azaddır. Biz hər birimiz şəhidlərimizə borcluyuq və çox qürurluyuq ki, Milli Qəhrəmanımızın nəvəsi təhsilini bizim filialda davam etdirəcək.

Milli Qəhrəman Əliyar Əliyevin keçdiyi ibrətamiz həyat yolundan danışan A.Rüstəmov onun Birinci Qarabağ müharibəsində göstərdiyi misilsiz şücaətlərdən söz açıb və qəhrəmanın bizlərə əmanət olan nəvəsinin BDU-nun Qazax filialında yüksək ixtisaslı müəllim kimi yetişəcəyinə əmin olduğunu ifadə edib.


BDU Qazax filialının ölkəmizin bölgələrində böyük nüfuza malik olan filiallardan biri olduğunu vurğulayan A.Rüstəmov bildirib ki, son illər ərzində aparılan məqsədyönlü dövlət siyasətinin və ali təhsil müəssisəsində icra olunan islahatların nəticəsində filialın nüfuzu ildən-ilə artır. Təsadüfi deyildir ki, cari ildə BDU Qazax filialına kifayət qədər yüksək balla tələbə qəbul edilmişdir. 

Cavidan da öz növbəsində babasının torpaqlarımızın azadlığı uğrunda şəhid olduğunu və onun azad edilməsi uğrunda döyüşdüyü bu müqəddəs  Vətənə daha yaxşı xidmət etmək üçün əlindən gələni edəcəyini, filialda ən nümunəvi tələbə olacağını bildirib.

Görüşün sonunda A.Rüstəmov Cavidana Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün Qazax salnaməsi” kitabını və qiymətli hədiyyə təqdim edib.

BDU Qazax filialının Mətbuat Xidməti


Geri qayıt