Universitet kimi fəaliyyətə başladığı ilk gündən
ölkəmizdə təhsilin inkişafı naminə uğurlu layihələr həyata keçirən ADA
Universiteti illər öncə qoyduğu ənənəni bu gün də davam etdirir. ADA
Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində
tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi təkcə
onun yenidən istifadəsini mümkün etməyəcək, eyni zamanda, bu, Universitetin təhsilə
nə qədər böyük önəm verməsinin göstəricisidir. Firudin bəy Köçərlinin misilsiz
çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası,
əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli
qürurumuzun bərpası olacaq.
Təhsilimizin,
xüsusilə də regionlarda təhsilin inkişafına böyük önəm verən ADA Universiteti
bu günlərdə daha bir layihəyə start verib. Belə ki, magistr oxumaq istəyən gənclər,
müəllimlər üçün geniş imkanlar yaratmağı gözəl missiya kimi üzərinə götürüb. Bu
işlərə ilk olaraq Qazaxdan başlanılıb. Dünən Bakı Dövlət Universitetinin Qazax filialında təhsil
alan yuxarı kurs tələbələri ilə görüşən ADA Universitetinin Təhsil fakültəsinin
proqram rəhbəri Səidə Nəbiyeva və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur
Abbasova fevralın 5-də rayonun ümumtəhsil məktəblərində çalışan müəllimlərlə
görüşüblər.
Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta
məktəbdə keçirilən görüşdə Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova, məktəb
direktorları, gənc müəllimlər iştirak ediblər.
Universitetin
Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova çıxış edərək iştirakçıları salamlayıb, təşkil olunan görüşün məqsəd və
əhəmiyyətindən danışıb. Qeyd edib ki, görüşün
məqsədi ADA Universitetinin bilavasitə region müəllimləri və məktəb
direktorları üçün Azərbaycan dilində "Təhsil üzrə menecment” və "Təlim və
Tədrisin Təşkili və Metodikası” üzrə yeni iki magistr proqramı haqqında məlumat
verməkdir.
M.Abbasova tədbir iştirakçılarına ADA Universitetinin 2022/2023-cü
tədris ili üçün təklif etdiyi yeni iki magistr proqramı, qəbul qaydaları və
ixtisasın verdiyi digər imkanlar barədə ətraflı məlumat verib. Bu ixtisasların
növbəti ildən həm ADA Universitetində, həm də universitetin Qazax mərkəzində
əyani və distant formada tədris ediləcəyini bildirib. Tədrisin hibrid formada
olması nəzərə alınaraq qeyd olunan ixtisaslara qəbulun təkcə Qazax rayonundan
deyil, digər regionlardan da nəzərdə tutulduğunu vurğulayıb.
ADA Universitetinin Təhsil fakültəsinin proqram
rəhbəri Səidə Nəbiyeva çıxış
edərək iştirakçıları salamlayıb, maarifçiliyin, təhsilin beşiyi sayılan Qazaxda
görüşdə olmaqdan məmnunluğunu ifadə edib. ADA Universitetinin magistr
ixtisasları, bu ixtisaslara qəbul və digər imkanlar barədə görüş
iştirakçılarına geniş məlumat çatdırıb. Magistr oxumaq arzusunda olan
müəllimləri ADA Universitetinin onlar üçün yaratdığı imkanlardan yararlanmağa,
arzularını gerçəkləşdirməyə çağırıb.
Qazax Rayon İcra
Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müdiri Gulaya Həsənova çıxış edərək
iştirakçıları və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək
sözlərini çatdırıb. ADA Universiteti tərəfindən
"Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan
Qazax Müəllimlər Seminariyasının binasının təmir olunmasını hər bir qazaxlının
sevinc və sonsuz minnətdarlıqla qarşıladığını qeyd edib. İstər Seminariya
binasının təmir olunmasına, istərsə də gənclər üçün yaradılan bu gözəl imkana,
təşəbbüsə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevə və əməyi keçən
insanlara qazaxlılar, ziyalılar adından minnətdarlığını bildirib. ADA Universitetinin bu təşəbbüsünü dövlətin Qazax
təhsilinə olan növbəti qayğısı kimi qiymətləndirən müavin müəllimlərə onlar
üçün yaradılan imkanlardan səmərəli istifadə etməyi tövsiyə edib.
Görüşdə məlumatlar slayt
vasitəsilə nümayiş etdirilib. Tədbirin sonunda iştirakçıları maraqlandıran
suallar cavablandırılıb.
Görüş haqqında fikirlərini
bölüşən Qazax rayon Kamran Kərimov adına Fərəhli
kənd ümumi orta məktəbin ingilis dili müəllimi Humay Yusifova bildirib
ki:
"Bakalavr təhsilimi aldıqdan
sonra magistr təhsili almaq mənim ən böyük arzum olub. Ucqar kənddə işlədiyim
üçün bu təhsil mənə qeyri-mümkün görünürdü. Bu gün bu görüşdə bir daha əmin
oldum ki, ADA Universitetinin biz
müəllimlərə yaratdığı imkan sayəsində istədiyim arzu gerçək ola bilər. Çünki bu
görüşdən sonra bizim qarşımızda böyük bir şansın yarandığını gördüm. Ümid edirəm
ki, növbəti ildən magistr təhsili almaq arzumu gerçəkləşdirə biləcəyəm”.
GOYEZEN.AZ
Geri qayıt
|