Əsas Səhifə > Təhsil > Vətən müharibəsinin şəhidləri Elfak Daşdəmirovun və Tural Məmmədovun əziz xatirələri oxuduqları məktəbdə də yad olunub
Vətən müharibəsinin şəhidləri Elfak Daşdəmirovun və Tural Məmmədovun əziz xatirələri oxuduqları məktəbdə də yad olunub15-02-2021, 21:18 |
Şəhidlərimizi tanıyaq və tanıdaq-------------------------------------- Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində "Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı 44 gündə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, əyilməz qətiyyəti, xalqımızın birliyi və şanlı ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Və bütün dünya 10 noyabrda Azərbaycan dövlətinin qazandığı tarixi Qələbənin, gücünün və qüdrətinin bir daha şahidi oldu. 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımız - şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) əsgər Məmmədov Tural Elxan oğlunun da qazanılan Qələbədə payı var.
Azərbaycanın ərazi bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolu bütün gənclərə örnəkdir. Onları tanımaq, xatirələrini əbədi tutmaq isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən də Elfak Daşdəmirovun və Tural Məmmədovun əziz xatirəsi hər zaman ehtiramla yad olunur. İgid Vətən oğullarının əziz xatirələri oxuduqları Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin kollektivi tərəfindən də dərin ehtiramla anılır. Şəhidlərimizin keçdikləri döyüş yolu, göstərdikləri şücaət, igidlik məktəblilərə örnək göstərilir. Məktəb kollektivi Şəhidlik zirvəsinə yüksələn məzunlarının ailələrini, məzarlarını ziyarət edir. Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi Samir Çobanovun, Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlının, şəhidimizin valideynlərinin, məktəb kollektivinin iştirakı ilə keçirilən anım tədbirində də igid Vətən oğullarının məktəb illərinə, döyüş yollarına nəzər salınıb, şəhidlərimiz haqqında olan xoş xatirələr şagirdlərə çatdırılıb. Tədbirdə şəhidlərimizə həsr olunmuş şeirlər səslənib, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.
Tədbirdə çıxış edənlər ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Elfak, Tural kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildiriblər. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, yaralı qazilərimizə bir ömür boyu borclu olduğumuzu söyləyiblər. Vətən uğrunda canından keçən şəhidlərimizin Vətən, torpaq naminə göstərdikləri qəhrəmanlıqların məktəblilər üçün nümunə olduğunu, gələcək nəsillərin şəhidlərimizin döyüş yolunu öyrənərək vətənpərvər ruhda böyüməsində bu cür anım tədbirlərinin böyük rolu olduğunu qeyd ediblər. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi Samir Çobanov çıxış edərək qeyd edib ki, bu gün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, şəhidlərimizin qanı bahasına işğaldan azad edilmiş doğma Qarabağımızda, Vətən torpaqlarında bu gün üçrəngli bayrağımız dalğalanır. Və illər ötsə belə qanları ilə dastan yazan Elfak, Tural kimi qəhrəman oğullarımız hər zaman xatırlanacaq. Azərbaycan xalqı var olduqca şəhidlərimiz də qəlbimizdə əbədi yaşayacaqlar. Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Yetişməkdə olan gənc nəslin, məktəblilərin vətənpərvər ruhda böyüməsində bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını bildirib. Bugünkü tədbirin də əsas məqsədinin şəhidlərimizi məktəblilərə tanıtmaq, onları nümunə göstərmək olduğunu qeyd edib. Məktəb direktoru Murğuz Mustafayev və müəllimlər məktəbin yetirməsi olan Elfak, Tural kimi oğullarımızla fəxr etdiklərini, şəhidlərimizin valideynləri qarşısında baş əydiklərini bildiriblər. Şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyiblər. Şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlu
Şəhid Elfak Daşdəmirov 26 aprel 1996-cı ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 2002-ci ildə Qazax rayon Kamran Kərimov adına Fərəhli kənd ümumi orta məktəbin I sinfinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin IX sinfini bitirmişdir. 2011-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin X sinfinə daxil olmuş, 2013-cü ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2013-cü ildə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) daxil olmuş, 2017-ci ildə həmin universiteti bitirmişdir. 2017-2018-ci illərdə Azərbaycan Respublikası Milli Ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Şəhid əsgərimiz 26 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 oktyabr 2020-ci il tarixdə Qazax rayon Fərəhli kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində minlərlə Vətən övladı doğma torpaqlarımızın hər qarışı uğrunda son damla qanına qədər döyüşərək əsl qəhrəmanlıq nümunələri göstərdilər. Vətən naminə canlarından keçən igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar ölkə başçısı tərəfindən yüksək qiymətləndirilərək onlar orden və medallara layiq görüldülər. Bütün şəhidlərimiz kimi Elfak Daşdəmirov da medal alanlar sırasındadır. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhid əsgər Məmmədov Tural Elxan oğlu
Şəhid Məmmədov Tural Elxan oğlu 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. 01.09.1997-ci ildə Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 03.10.2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır.01.04.2010-cu il tarixdə həqiqi hərbi xidmətini başa vuraraq tərxis olunmuşdur. 12.12.2016-cı il tarixdən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətə başlamışdır. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif "N” saylı hərbi hissələrində xidmət edən, "Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur. Şəhid Tural Məmmədov 12 dekabr 2020-ci il tarixdə Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Ailəliydi. İki əkiz - Nihat adlı oğul, Nilay adlı qız övladı yadigar qalıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Tural Məmmədovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid əsgər Tural Məmmədov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda medalı ilə təltif olunmuşdur. GOYEZEN.AZ Geri qayıt |