Hər kəsə yaxşı məlumdur ki,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə koronavirus
(COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata
keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən bütün
təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. 1 may 2020-ci il tarixli sərəncama əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən
31-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Respublikasının Təhsil Nazirliyi
"Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının
əvvəlindən "Virtual məktəb” layihəsinə start verib. Layihənin məqsədi
Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək
və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.
Respublikamızın hər yerində
olduğu kimi, Qazaxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyi və xüsusi
karantin rejiminin tələbləri nəzərə alınaraq ilk gündən müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” şüarı altında
onlayn dərslərə start verilib. Xüsusilə də karantin rejimi müddətində
şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və
imkanlardan səmərəli istifadə olunur. İstər şəhər, istərsə də kənd məktəbləri
"Virtual məktəb” layihəsinə qoşularaq dərslərə qaldıqları yerdən davam edirlər.
Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli
tam orta məktəbin müəllimləri də məktəblərdə tədris
dayandırıldığı vaxtdan "Zoom” proqramı ilə onlayn dərslər keçirlər. Bu gün isə
"Virtual məktəb”in imkanlarından səmərəli istifadə edərək şagirdlərlə
onlayn dərslərin təşkilinə üstünlük verirlər. Bundan başqa, məktəb kollektivi
"Virtual məktəb”də tez-tez videotoplantılar keçirir, gördükləri işləri, qarşıda
duran vəzifələri müzakirə edirlər.
Məktəbin direktoru Nəsibə
Tağıyevanın və məktəb müəllimlərinin iştirakı ilə keçirilən növbəti
videotoplantıda da məhz bu günə kimi görülmüş işlərə toxunulub.
Məktəb direktoru çıxış
edərək məktəbdə tədrisin dayandırıldığı ilk
gündən müəllimlərin WhatsAppla, "Zoom” proqramı ilə dərslərə davam
etdiklərini, bu gün isə "Virtual məktəb” layihəsinə qatıldıqlarını bildirib.
Bundan əlavə, şagirdlərin Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart
2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 5 günü
keçirilən teledərslərə cəlb olunduğunu vurğulayıb.
2018-2019-cu tədris ilində
məktəbin qazandığı uğurlardan danışan məktəb direktoru ötən il 10 nəfər məzunun
ali məktəblərə qəbul imtahanında iştirak etdiyini və onlardan 9 nəfərin tələbə
adını qazandığını qeyd edib. Eyni zamanda rayon üzrə ən yüksək - 653 balı məhz
şəhər 5 nömrəli tam orta məktəbin məzunu Əfəndiyeva Səma Elnur qızının
topladığını bildirib. Məktəb direktoru bu il də yüksək göstəricilərin əldə
olunması üçün müəllimlərin üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayıb.
Bütün müəllim və şagirdlərin "Virtual məktəb”də təşkil olunan onlayn dərslərə
qatılmalarının olduqca vacib məsələ olduğunu bildirib. Müəllimlərin öz işlərinə
daha məsuliyyətlə yanaşmalarını qeyd edərək bununla bağlı tövsiyələrini verib.
Məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini Nuriyyə Nuruyeva, fizika müəllimi Yasəmən
Qayayeva, riyaziyyat müəllimi Sevda Məmmədova, ibtidai sinif müəllimi Aynur
Mahmudova çıxış edərək xüsusi karantin rejimi dövründə məktəbdə tədrisin
dayandırıldığı vaxtdan bu günə kimi gördükləri işlərdən
danışıblar. WhatsAppla, "Zoom” proqramı ilə olduğu kimi, "Virtual
məktəb”də də şagirdlərin onlayn dərslərə cəlb olunmaları üçün böyük səylə
çalışdıqlarını qeyd ediblər. Həmçinin "Virtual məktəb” layihəsinin
üstünlüklərindən və şagirdlər üçün yaradılan imkanlardan danışıblar.
Məktəb direktoru sonda dövlət
başçısının rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının
qarşısının alınması istiqamətində vaxtında görülən qabaqlayıcı tədbirlərə və
əldə edilən uğurlu nəticələrə görə Respublika Prezidenti cənab İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından
minnətdarlığını bildirib. Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlərə
yaradılan bütün imkanlara, xüsusilə də "Virtual məktəb” layihəsinə görə
Təhsil Naziri Ceyhun Bayramova təşəkkürünü çatdırıb. Rayon rəhbərliyi
tərəfindən təhsil sahəsinə olan yüksək diqqət və qayğıya görə icra başçısı
Rəcəb Babaşova və Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya müəllimlər
adından bir daha minnətdarlıq edib.
GOYEZEN.AZ
Geri qayıt
|