Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialında payız semestrinin imtahan sessiyası başlayıb

BDU-nun Qazax filialında payız semestrinin imtahan sessiyası başlayıb


9-01-2020, 18:49

Bakı Dövlət Universitetinin Qazax filialında 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. Payız semestrinin imtahan sessiyası 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək.

Bakalavriat və magistratura səviyyələri üzrə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası Bakı Dövlət Universitetinin rektorunun əmrinə müvafiq olaraq mövcud qaydalara uyğun təşkil edilib.

Bakalavriat səviyyəsi üzrə əyani şöbədə 63 qrup, qiyabi şöbədə 10 qrup olmaqla 1437 nəfər tələbə imtahanlarda iştirak edir. Magistratura səviyyəsində isə 2 ixtisas üzrə təhsil alan 4 magistr imtahanlarda iştirak edir. Ümumilikdə, sessiya müddətində 408 imtahan keçiriləcək ki, bunlardan 351-i əyani şöbədə, 44-ü qiyabi şöbədə və 13-ü magistr imtahanlarıdır.

İmtahanlarda tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək münaqişələrin və neqativ halların operativ aradan qaldırılması məqsədilə Qərargah və onun nəzdində Appelyasiya komissiyası yaradılıb. İmtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha və rəy qutusu vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılır.

İmtahanlarda və yoxlama prosesində arzu edən valideynlər, mətbuat və ictimaiyyət nümayəndələri istədikləri vaxt imtahanların gedişini, nəticələrin yoxlanılması prosesini izləməyə dəvət olunurlar. Sessiyanın ilk günlərində əldə olunan nəticələr deməyə əsas verir ki, tələbələrin hazırlıq səviyyəsi əvvəlki illərə nisbətən xeyli yüksəlib. Bütövlükdə, filialda imtahan sessiyası müasir təhsil tələblərinə uyğun şəkildə təşkil edilib.













 

GOYEZEN.AZ


Geri qayıt