Əsas Səhifə > Təhsil > Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla qayıdan qazaxlı məktəblilər ölkə başçısına minnətdarlıq ediblər

Qəbələ, Şəki və Zaqataladan xoş təəssüratlarla qayıdan qazaxlı məktəblilər ölkə başçısına minnətdarlıq ediblər


21-11-2019, 23:45


Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında ildə iki dəfə keçirilən maarifləndirici tur-aksiyaların daha bir mərhələsi bu gün uğurla başa çatıb.

Layihə çərçivəsində iştirak edən rayonumuzun məktəbliləri  Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan Hacıqabulun  məktəbliləri ilə birlikdə noyabrın 18-dən 21-dək davam edən tur-aksiyada Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiya edib, respublikamızın şimal-qərb bölgəsi ilə yaxından tanış olublar.

Bu gün günorta saatlarında geri dönən məktəblilərin Heydər Əliyev parkında qarşılanma mərasimi olub. Tur-aksiya iştirakçılarını Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov, rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı və şöbənin əməkdaşları, eləcə də məktəblilərin yaxınları alqışlarla qarşılayıblar.

Səfərdən qayıdan məktəblilər öz təəssüratlarını bölüşüb, ənənə halını alan bu cür layihənin təşkil olunmasına, ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olmaq, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə məlumat əldə etmək imkanı yaratdığına görə layihənin təşəbbüskarı olan ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bir daha onu qeyd edək ki, ölkəmizdə tur-aksiyaların təşkil olunduğu gündən ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Respublikamızın bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edib ki, bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olub.

GOYEZEN.AZ


Geri qayıt