Əsas Səhifə > Təhsil > “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Şəki şəhərində olublar


19-11-2019, 15:27


Xəbər verdiyimiz kimi, cənab Prezident İlham Əliyevin tövsiyəsinə əsasən "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın bu ilin payızında reallaşan ikinci mərhələsinə start verilib. Tur-aksiyada iştirak edən qazaxlı məktəblilər noyabrın 18-də Heydər Əliyev parkından yola düşüblər. Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə hərəkət edən 8 rayonun - Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının məktəbliləri ilə birlikdə bu gün turun ikinci günü qədim Şəkidə olublar.

Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Şəki Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Sadiq Yusifov və Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov tərəfindən mehribanlıqla qarşılanıblar.


Məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, 2700 ildən çox yaşı olan bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına götürülən 84 tarix və mədəniyyət abidəsi var. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir. Ənənəvi olaraq keçirilən "İpək Yolu” Beynəlxalq Musiqi Festivalında dünyanın bir sıra ölkələrinin tanınmış musiqi və folklor kollektivləri iştirak edirlər. Qeyd olunub ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib. 2017-ci ildə UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. Bu ilin iyulunda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” Ümumdünya İrs Siyahısına daxil edilib. Bildirilib ki, tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə bu sahənin inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Hazırda Şəkidə ipəkçilik ənənələri yenidən bərpa olunur. Bölgənin ən iri sənaye müəssisələrindən olan "Azəripək” MMC bu gün Azərbaycanda ipəkçilik sənayesinin inkişafına çox böyük töhfələr verir.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bildirilib ki, ötən il oktyabrın 29-da istifadəyə verilən Mərkəzin ümumi sahəsi 3700 kvadratmetrdir. Mərkəzdə rəsm və fotostudiyalar, elektron kitabxana, müxtəlif dərnəklər fəaliyyət göstərir.

Mərkəzin yanında yeni istifadəyə verilən Bayraq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Bildirilib ki, bu Muzey dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirir.


Şəkinin tarixi məkanları ilə tanış olan məktəblilər əvvəlcə şəhərin qədim tarixi hissəsinə - "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruğun ərazisində dövlət qeydiyyatına götürülən 25 tarixi abidə var. Qoruğu əhatələyən əzəmətli qala divarları ilə tanışlıq məktəblilərdə xoş təəssüratlar yaradıb. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.

Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Bildirilib ki, Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, "Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə - 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb. Sarayı bəzəyən sadə şəbəkənin bir kvadratmetrinə 5 min, pəncərə şəbəkələrin hər kvadratmetrinə isə 14 minədək xırda detal və rəngli şüşə düşür. Məktəblilər sarayın həyətində xatirə şəkilləri çəkdiriblər.

Qoruğun ərazisində ötən il istifadəyə verilən "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, mərkəzin yerləşdiyi bina 1867-ci ildə tikilmiş tarix-memarlıq abidəsidir. Mərkəzdə keramika və tətbiqi sənətlə məşğul olanlar üçün hər cür şərait yaradılıb. Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir.

Tur-aksiya iştirakçıları sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər. Aşağı və Yuxarı Karvansaray, eləcə də Cümə məscidi ilə tanışlıq da məktəblilərin ürəyincə olub. Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı isə bildirilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.

Səfər proqramına uyğun olaraq tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonuna səfər edəcəklər.

Məlumat üçün bildirək ki, ümumiyyətlə, tur-aksiyaların təşkil olunduğu gündən ötən müddət ərzində ildə iki dəfə olmaqla, 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 11 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 26 min 814 nəfər iştirak edib. Bu il noyabrın 13-16 18-21 tarixlərini əhatə edəcək növbəti - 12-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3190 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.

Ənənə halını alan bu cür tur-aksiyaların təşkil olunmasında isə əsas məqsəd şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bundan əlavə, respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərini təşkil etməklə məktəblilərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da formalaşdırmaqdır.











 

GOYEZEN.AZ


Geri qayıt