Əsas Səhifə > Təhsil > Məktəblərdə vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib
Məktəblərdə vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib30-03-2019, 18:29 |
Hər zaman nümunəvi addımları ilə seçilməyə çalışan "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsi atdıqları hər bir addımda, həyata keçirdikləri hər bir işdə müstəqil Azərbaycanımızı, ölkəmizdə olan inkişafı gənclər arasında təbliğ etməyə çalışırlar. Qazaxda aparılan abadlıq, quruculuq işlərini, keçirilən tədbirləri minnətdarlıq hissi ilə qarşılayan və yüksək qiymətləndirən ictimai birliyin üzvləri bu sahədə hər zaman öz töhfələrini verməyə hazır olduqlarını bildirirlər. Bu gün ictimai birliyin üzvləri tərəfindən layiqincə yerinə yetirilən bir missiya da var ki, o da gənclər arasında vətənpərvərlik hissinin təbliğ olunması, şəhdlərimizə, qazilərimizə hörmət hissinin formalaşdırılması, ən əsası da bu istiqamətdə maarifləndirici tədbirlərin keçirilməsidir. Ötən yazımızda birliyin üzvləri tərəfindən Səlim Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbdə şagirdlərlə vətənpərvərlik mövzusunda görüş keçirilməsi barədə məlumat vermişdik. Öz ənənəsinə sadiq qalan birlik üzvlərinin üz tutduqları növbəti məktəblər isə Səməd Vurğun adına 2 nömrəli və İsmət Qayıbov adına 3 saylı tam orta məktəblər olub. "Heç kəs və heç kim heç vaxt unudulmur” devizi altında hərbi vətənpərvərlik mövzusunda keçirilən görüşlərdə "QMƏVŞA” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, ictimai birliyin fəal üzvləri II qrup Qarabağ müharibəsi əlillərindən Bəxtiyar İsayev, Razin Həsənov, Rəsul Məmmədov, Aydın Abdullayev, Mübariz Daşdıyev və məktəbin müəllim-şagird kollektivi iştirak ediblər. Gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsi, tərbiyə olunması istiqamətində maarifləndirici söhbətlər aparıb, şəhidlərimizin, qazilərimizin keçdiyi döyüş yolundan danışaraq nümunə göstəriblər. Görüşlərdə martın 26-da Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonu istiqamətində törədilən təxribat nəticəsində şəhid olan həmyerlimiz Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin oğlunun göstərdiyi şücaətdən söz açılıb, şəhidin yaxınlarına, bütövlükdə bütün Qazax ictimaiyyətinə bir daha başsağlığı verilib. İctimai birliyin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi əlillərinə, veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Ölkə başçısının imzaladığı son Sərəncamlardan söz açan Qarabağ qazisi bildirib ki, bu Sərəncamla öz həllini tapan məsələlər bir daha onu sübut etdi ki, dövlət və dövlət başçısı hər zaman bizlərin yanındadır. N.Alıyev filial olaraq hər zaman Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə etdiklərini, sosial, ictimai və mənəvi problemlərinin həlli istiqamətində məqsədyönlü işlər gördüklərini bildirib. O, gənclərlə iş sahəsində də bir sıra tədbirlərin həyata keçirildiyini qeyd edib. Bu cür görüşlərin də məhz həmin tədbirlər sırasında olduğunu diqqətə çatdırıb. Görüş üçün yaradılan şəraitə görə məktəblərin rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, 3 saylı tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva çıxış edərək gənclərin və yeniyetmələrin Vətənə, Anaya sədaqət, məhəbbət, şəhidlərimizə ehtiram, qazilərimizə hörmət hissi ilə formalaşmasında bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Ümumtəhsil məktəblərində təşkil olunan görüşlərə görə rəhbərlik etdikləri kollektivlər adından minnətdarlıqlarını çatdırıblar. Görüşdə məktəblilərin diqqətinə çatdırılıb ki, Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Məktəblilərə hər bir gəncin şəhidlərimizin keçdiyi döyüş yoluna nəzər salaraq bu torpaq uğrunda göstərdikləri şücaətdən nümunə götürmələri bildirilib. Azadlığımızı, müstəqilliyimizi qorumaq üçün canlarından keçən şəhidlərimizi daim yad etmələri, sağlamlıqlarını itirən qazilərimizə hər zaman hörmət hissi ilə yanaşmaları tövsiyə olunub. Məktəbin Çağırışaqədərki Hərbi Hazırlıq üzrə müəllimi İlham Musayev, Məktəb Uşaq Birliyi Təşkilatının rəhbəri Günay Əsgərova çıxış edərək şagirdlərdə hərbi vətənpərvərlik hisslərini gücləndirmək məqsədilə bu cür tədbirlərin tez-tez təşkil olunmasını vurğulayıblar. Çıxış edən məktəblilər şəhidlər haqqında danışaraq onların qəhrəmanlıqlarını heç zaman unutmayacaqlarını və lazım gələrsə Vətən üçün canlarından belə keçməyə hazır olduqlarını bildiriblər. Maraqlı söhbət əsasında keçən görüşdə məktəbliləri düşündürən suallar da cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |